Avqustun 22-də Moskva çayında Neqlinka kollektorunda iki gündür ki, axtarılan daha üç şəxsin meyitləri aşkar olunub.
Bunlar “yeraltı Moskvaya” qanunsuz ekskursiyanın iştirakçıları idilər.
Beləliklə, Moskva zirzəmilərinə ekskursiyaya çıxmış 8 iştirakçının hamısının meyitləri tapılıb.
Onların arasında iki 15 yaşlı qız və bir 17 yaşlı oğlan var.
Rusiya İstintaq Komitəsinin Moskva idarəsində itənlərin axtarışının başa çatmasını və tanıma proseduruna başlanmasını təsdiqləyiblər.
Bu yaxınlarda İstintaq Komitəsi “təhlükəsizlik tələblərinə cavab verməyən xidmətin göstərilməsi” maddəsi ilə cinayət işi qaldırmışdı.
TASS agentliyinə hüquq-mühafizə orqanlarından verilən məlumata görə qanunsuz ekskursiyanın təşkilatçısı Nikita Duqas adlı şəxs olub. Onun dindirmədən sonra saxlandığı deyilir.
Bugünlərdə Duqasın evində axtarış aparılmışdı. Agentliyin məlumatına görə Duqas istintaqla əməkdaşlıq etməyə razılıq verib. Faciə baş verən gün onun Belarusda məzuniyyətdə olduğu deyilir.
Baş direktor həbs olunub
Avqustun 22-də Sankt Peterburq şəhərində “Sputnik” şirkətinin baş direktoru Aleksandr Kim saxlanıb.
Bu şirkətin işçiləri Moskvanın drenaj sisteminin kollektoruna ekskursiyalar təşkil edirdilər.
Kim bu iş üzrə şübhəlilərdən biri sayılır. Onun Peterburqdan Moskvaya gətiriləcəyi və ona qarşı həbs qətimkan tədbirinin tətbiq olunacağı gözlənilir.
RIA Novosti agentliyinə paytaxtın mənzil təsərrüfatı komitəsindən deyiblər ki, Moskva kanalizasiya sisteminin kollektorlarına ekskursiyalar cinayət əməli sayılır.
İstintaqın versiyasına görə yeraltı turların təşkilatçıları müştərilərini nə kimi təhlükələr qarşısında qoyduqlarını bilməmiş deyildilər.
Sinoptiklər xəbərdarlıq etmişdilər
Həmin gün sinoptiklər Moskvada leysan yağışının gözlənildiyini xəbər vermişdilər.
Buna baxmayaraq tur təlimatçıları planlaşdırılan ekskursiyanı ləğv etməmişdilər.
Beləliklə də avqustun 20-də bir qrup digger (yeraltı kanalizasiya və su kollektorlarına səyahət etməyi sevənləri belə adlandırırlar-red) paytaxtın drenaj sisteminə səyahətə çıxmışdı.
Daha sonra isə leysan yağışı nəticəsində kollektorları su basmışdı.
Həmin gün ekskursiya rəhbərinin 31 yaşlı Konstantin Filippov olduğu bildirilir. O da həlak olanların arasındadır.
Moskva meri Sergey Sobyanin həlak olanların doğmalarına başsağlığı verib.