Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:43

Yeraltı dayanacaqların idarəetməyə verilməsinə hazırlıq görülür


Foto arxiv

2013-2014-cü illərdə istifadəyə verilən, ümumi tutumu 4500 avtomobil olan ikimərtəbəli yeraltı dayanacaqlar investorlara veriləcək. Azadlıq Meydanı və Qış Parkının altında tikilmiş bu pullu dayanacaqların hansı şərtlərlə investorlara idarəetməyə təklif olunacağı isə, hələlik, bəlli deyil.

Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyətinin balansında olan bu iki yeraltı avtomobil dayanacağının idarəetməyə verilməsi məqsədilə hazırlığa başlayıb. Onların texniki göstəriciləri tərtib edilərək, “Özəlləşdirmə” portalı vasitəsilə ictimaiyyətə təqdim olunub. Qurumun sözçüsü Qulu Xəlilov məlumatı AzadlıqRadiosuna təsdiqləsə də, obyektlərin idarəetməyə verilməsindən ötrü müsabiqənin nə zaman təşkil ediləcəyi barədə məlumatsız olduğunu bildirib.

Foto arxiv
Foto arxiv

Dayanacaqlar dövlətə baha başa gəlib

Hər iki avtomobil dayanacağının tikintisinə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sifarişiylə 2011-ci ildə başlanmışdı. Podratçı kimi isə aztanınan «Alpina-A» şirkəti seçilmişdi. Azadlıq Meydanının altında – Hökumət Evinin qarşısındakı ərazidə dayanacağın tikintisinə görə Şirvan şəhərində yerləşən bu şirkətə dövlət büdcəsindən 91 milyon 551,4 min manat ödənilmişdi. Heydər Əliyev sarayının arxasında, Füzuli və Mirzağa Əliyev küçələrinin arasındakı ərazidə tikilən ikinci avtomobil qarajı isə üstündəki yeni parkla birlikdə 198 milyon 944,3 min manata başa gəlmişdi.

Qeyd edək ki, 2010-2011-ci illərdə BŞİH Binəqədi rayonunda məscidin tikintisini (80 milyon manat), işıq dirəklərinin (44,5 milyon manat) və fəvvarələrin (88,7 milyon manat) alınıb quraşdırılmasını, eləcə də park və bağlarda abadlıq işlərini də bu şirkətə həvalə etmişdi.

Nə qədər pul toplanır - bilinmir

Bakıdakı dövlətə məxsus yeraltı avtomobil dayanacaqlarının idarəetməyə verilməklə özəlləşdirilməsi haqda qərarı Nazirlər Kabineti 2016-cı ilin oktyabrında qəbul edib.

Foto arxiv
Foto arxiv

Hazırda bu dayanacaqlarda minik avtomobillərinin park etməsi üçün qiymətlər 1 manatdan başlayır və 24 saata görə 6 manata çatır. Güzəştlərə gəlincə, dayanacaqlardan ilk 15 dəqiqəlik istifadə pulsuzdur və dövlət qulluqçularına müəyyən endirimlər edilir. Bu preyskurantı Tarif (qiymət) Şurası deyil, Bakı şəhər İcra Hakimiyyəti özü müəyyən edib. Yeraltı dayanacaqlara sahiblik edən BŞİH buradan əldə olunan gəlir, onun xərclənməsi haqda hesabat vermir. Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair rəylərində də bu barədə bilgi yoxdur.

Buna da bax" «Bakıda maşınların sayı ildə 100 min ədəd artır»

Günün bütün mövzuları

XS
SM
MD
LG