Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:06

Yeni Zuvand sakini: 'Biri xəstələnəndə...'


Masallı

Masallı rayonunun dağlar arasında yerləşən Yeni Zuvand kəndinin sakinləri bir çox problemlərdən şikayətlənirlər. Onlar deyir ki, təbii qazları yoxdur, yolları bərbaddır. Üstəlik, əkinə yararlı torpaqları da azdır...

Qazsız, yolsuz, islahatsız kənd...

Kənd sakini Anar Əlinağıyev: «Bizim kənd dağ ərazisində yerləşir. Rayon mərkəzindən uzaqda yaşayırıq. Yolumuz yox, təbii qazımız yox, torpağımız yox. Çox çətinlik çəkirik. Bütün bu məsələlərlə bağlı müraciətimiz olub. Bu illər ərzində səsimizə səs verən olmayıb. Biri xəstələnəndə onu rayon mərkəzinə çatdırmaqdan ötrü zülm çəkirik. Bunlar hamısı bir yana. Təbii qazımız yoxdur. 2011-ci ildə eşitdik ki, kənddə yol və qaz xətti çəkmək üçün pul ayrılıb. Ancaq çəkilmədi...».

***Buna da bax-Yeni zuvandlılar başçıynan görüşə gedib, qarşılarına polis 'çıxıb'...

«Bəs nə ilə qızınaq?»

Kəndin başqa sakini Əli Namazov da eyni problemlərdən danışır: «Kəndin qaz problemi uzun müddətdir həll olunmur. Sovet dövründə də olmayıb. Yaxınlıqda olan Güllütəpə kəndinə qaz çəkilib. Oradan buraya 2 kilometrdən də az məsafə var. Bu il söz vermişdilər... Ətrafımız meşədir. Meşədə odun tədarük etməyə qoymurlar. Deyirlər ki, təbii sərvətmizdir, biz də bununla razılaşırıq. Onda bəs nə ilə qızınaq?».

Yeni Zuvanda gedən yol
Yeni Zuvanda gedən yol

«Qışı odunsuz keçirdənlər var»

Kəndin 70 yaşlı sakini Əlisa Salmanoğlu: «Kəndimizin min nəfərdən çox sakini var. Dağ ərazisi olduğu üçün qış uzun çəkir. Elə adamlar var ki, odun da ala bilmir, pulu yoxdur. Qışı odunsuz keçirdənlər var. Kənddə yol da yoxdur. Qonşu Güllütəpə kəndinə qədər asfalt çəkilib, bizə çəkilməyib. Deyirlər, çəkəcəklər...».

***Buna da bax-'Heyvan otardığımız ərazilərdə fındıq tingləri əkiblər'

«Kənddə yaşayırıq, torpağımız yoxdur...»

Ə.Salmanoğlunun iddiasına görə, kənddə torpaq islahatı da aparılmayıb: «Bizdə torpaq islahatı keçirilməyib. Kəndlilərin payıbəlli torpaqları yoxdur. Həyətyanı sahədə əkin keçirdirik. O da yeməyə ancaq çatır. Bununla bağlı neçə illərdir ki, müxtəlif yerlərə müraciətlər olunur. Tədbir görən yoxdur. Deyirlər ki, ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə baxır. Nazirlik də torpaq verməkdən imtina edir. Kənddə yaşayırıq, amma əkin üçün torpağımız yoxdur. Yaşamaq üçün güc vermişik heyvandarlığa. Birtəhər ailələrimizi dolandırırıq. Prezident seçkisinə az qalır...».

Yeni Zuvand kəndinin sakinləri örüş yeri ərazilərin əllərindən alınaraq, fındıq sahələrinin salınmasından şikayətçidilər
Yeni Zuvand kəndinin sakinləri örüş yeri ərazilərin əllərindən alınaraq, fındıq sahələrinin salınmasından şikayətçidilər

İcra hakimiyyəti: «Sonuncu 9 kənd qalıb...»

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı Yeni Zuvand kəndində təbii qazın olmadığını təsdiq edir: «Rayonda kəndlərin 95 faizi qazlaşdırılıb. Sonuncu 9 kənd qalıb. Növbəti mərhələ üçün Yeni Zuvand və digər kəndlər nəzərdə tutulub. Proqrama salınıb. Yeni Zuvand kəndi dağ ərazisində yerləşir, ətrafı meşələrdir».

O deyir ki, obyektiv səbəblərə görə Yeni Zuvandda torpaq islahatı da keçirilməyib: «40 il bundan əvvəl Yeni Zuvand kəndi aşağıya köçürülüb, torpaqları dövlət meşə fonduna verilib. Kənd yeni əraziyə köçürülərkən onlar üçün torpaq nəzərdə tutulsa da, sənədləşmə getməyib. Torpaq islahatı gedərkən bu kənd kənarda qalıb. Bu kəndin ərazisi Dövlət Meşə Fonduna aiddir. Nazirlər Kabinetinə təkliflər vermişik. Biz özümüz də bu məsələdən narahatıq. İstəyirik ki, kəndlilərə torpaqlar verilsin. Bu da qanunla olmalıdır».

XS
SM
MD
LG