Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:18

'Fındıq, palıd tingləri pay torpaqlarımızda əkilir'


Fındıq tingləri əkirlər.

«Biz o vaxt Zuvand kəndində yaşamışıq. 1972-ci ildə bizi o kənddən Yeni Zuvanda köçürdülər. 1996-cı ildə torpaq islahatları aparılanda islahatlardan kənarda qaldıq. 1999-cu ildə Zuvanddakı torpaqlarımız meşə təsərrüfatına birləşdirildi, əvəzi ödənilmədi. Halbuki, ya Zuvanddakı o torpaqlar, ya da əvəzi olaraq Yeni Zuvanddan torpaq sahələri ayrılıb bizə pay torpağı kimi verilməliydi. Deməyim odur ki, fındıq, palıd tingləri ilə doldurduqları o torpaqları əlimizdən alıb meşə təsərrüfatına qatıblar».

Masallının Yeni Zuvand kənd sakini Çingiz Cabbarov AzadlıqRadiosunda kəndin yaxınlığındakı meşəlikdə fındıqlıq salınması ilə bağlı materialı görəndən sonra «Qaynar xətt»ə müraciət edib. O, yazıda bəzi vacib məsələlərin qeyd olunmadığını bildirib. Məsələn, Ç.Cabbarov iddia edir ki, fındıq və palıd tingləri vaxtilə əllərindən alınmış ümumi sahəsi 170 hektar olan sahədə əkilir: «1972-ci ildə kəndimiz köçürülmə nəticəsində Güllütəpə ərazi vahidliyinə yerləşdirilib. Bizə verilməli olan torpaqlar Nazirlər Kabinetinin 6 may 1999-cu il tarixli qərarı ilə meşə təsərrüfatına birləşdirildi, əvəzi ödənilmədi. Bu günədək də pay torpaqlarımız verilməyib. Kəndlilər əkin-biçin apara, heyvandarlıqla məşğul ola bilmir. Halbuki, kəndlinin dolanışığı əkinçilikdən və heyvandarlıqdan çıxır».

PUL SİLMƏYİN TƏZƏ YOLU

Kəndlilər dəfələrlə uyğun qurumlara müraciət ediblər. Onlara bildirilib ki, islahat komissiyası buraxıldığından yenidən islahat aparmaq mümkün deyil. Bu isə kəndlilərin pay torpaqlarından kənarda qalması ilə sonuclanıb.

Ç.Cabbarov deyir, hazırda fındıq və palıd tinglərinin əkildiyi sahədən yuxarıda meşə təsərrüfatının balansında olan daha 50 hektar sahə var ki, məmurlar özləri üçün istifadə edirlər. Kəndli təklif edir ki, ağaclar həmin ərazidə əkilsin, 170 hektarlıq sahə isə kəndlilərə qaytarılsın: «Onu da deyim ki, bu ağacəkmə məsələsi də saxta işdir. Sadəcə, olan-qalan büdcəni talamaqdır. Tinglər necə gəldi, harada gəldi, basdırılır, bu tinglərin tutub-tutmayacağı heç kəsi maraqlandırmır. Çünki əkin işləri peşəkar aparılmır. Məmurları maraqlandıran odur ki, 5-6 ildən sonra desinlər, «biz əkdik, tutmadı». Bu da pul silməyin təzə yoludur. Kəndlilər bunu gözəl anlayır, meşə təsərrüfatı idarəsinə də bildirmişik ki, bu oyunlarından xəbərdarıq. Digər tərəfdənsə, adamlara bu ac vaxtında fındıq tingi yox, torpaq sahəsi lazımdır ki, əkib satsın, qarnı ac qalmasın».

EYNİ HƏYƏTDƏ KOMADA YAŞAYIRLAR

Yeni Zuvand əhalisinin sayı azı 1100nəfərdir. Kənd sakininin deməsinə görə, çoxunun nəinki əkin, heyvandarlıq sahəsi, heç yetərincə həyətyanı sahəsi belə yoxdur. Çingiz Cabbarov:

«Elə ailələr var ki, 5-6 sot torpağı var, ailə üzvləri yaşa dolub ailə qurduqca, ailə təsərrüfatlarını ayıra bilmirlər və eyni həyətdə bir koma düzəldib yerləşirlər».

Masallı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, əkilən sahənin kəndlilərə aidiyyəti yoxdur: «O ərazilər 18 il öncə meşə təsərrüfatının balansına verilib. Bu, nə bizim, nə meşə təsərrüfatı idarəsinin səlahiyyətində deyil, birbaşa Nazirlər Kabinetinin qərarıyla verilib. Vaxtında islahat komissiyasına müraciət olunmalıydı. Biz nə edə bilərik ki...».

Vaxtilə Zuvanddan Yeni Zuvanda köçürülmüş əhali isə əkinçilik və heyvandarlıqla məşğul olmaqdan ötrü hökumətdən pay torpaqlarının qaytarılmasını, ya da əvəzinin ödənilməsini tələb edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG