Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 19:44

52 yeni yoluxma, bir ölüm


478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Son bir gündə Azərbaycanda koronavirus infeksiyasına 52 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və bir nəfər vəfat edib.

Bu barədə bugün, mayın 4-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda qeyd edilənə görə, vəfat edən şəxs koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü ölkə vətəndaşı olub: "Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahdan vurğulandığına görə, müalicəsi davam edən şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 250 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir) Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar. Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG