Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

50 yeni yoluxma, bir ölüm


464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son gündə Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və bir nəfər vəfat edib.

Bu barədə bugün, mayın 1-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda vurğulanıb ki, ölən şəxs koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü ölkə vətəndaşıdır.

"Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", - qərargah qeyd edib.

Operativ qərargahın vurğulamasına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 146 min 630 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusa yoluxanlardan 234 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Aprelin 27-dən karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olub. Artıq bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

Nazirlər Kabinetinin bugün, mayın 1-də yaydığı məlumata görə isə, karantin rejimi bu ayın 31-nə kimi uzadılıb. Amma yumşaldılmalar genişlənəcək. Üstəlik, iki gündən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində, habelə Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə tərk etmək sistemi ləğv olunur.

XS
SM
MD
LG