Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:31

'Yeni Yasamal'dan mənzil almaq istəyənlər necə aldadılıb


Bina. Foto arxiv
Bina. Foto arxiv

İllər öncə «Yeni Yasamal» tikinti şirkətindən mənzil almaq üçün pul ödəmiş xeyli ailə var ki, indiyə qədər nə ev sahibi olublar, nə də pullarını geri ala biliblər. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə görə mühakimə olunan adamlardan evlərini tələb edirlər.

Adamların aldadılmasına görə təqsirləndirilən şəxs qismində məhkəmə önünə iki nəfər çıxarılıb - 34 yaşlı Samir Alışovla 35 yaşlı Elçin Əsədov.

S.Alışov «Yeni Yasamal» Mənzil-Tikinti Kooperativinin rəhbəri Cahangir Alışovun oğludur. C.Alışov özü də mənzil dələduzluğu suçlamasıyla məhkum olunub. O, oğlunun məhkəməsində şahid kimi dindirilmək üçün də cəzaçəkmə müəssisəsindən gətirilmişdi.

C.Alışov deyir ki, rəhbərlik etdiyi tikinti şirkətinin inşa etdiyi binada eyni mənzillərin bir neçə nəfərə satılmasında oğlunun günahı yoxdur. Çünki o, şirkətdə heç bir rəsmi sənədə imza atmayıb, vəzifə daşımayıb. Şirkət rəhbərinin sözlərinə görə, oğlu sadəcə, binanın qaz, işıq, su problemlərinə nəzarət edib: «Mən ona satış üçün heç bir səlahiyyət verməmişəm. Oğlumun bu işdə günahı yoxdur. Mən şirkətin təsisçisi, sədri olmuşam. Sonra da sədrin səlahiyyətlərinin icrasını Habil Fətəliyevə tapşırmışam».

Hakimlər ondan soruşub ki, necə oldu, binadakı eyni mənzillər müxtəlif adamlara satıldı? C.Alışov cavabında deyib ki, inşa etdikləri binanın şəriklərindən biri Xaləddin Baxışov idi, evlərin satışına da o, nəzarət edirdi: «Satılan evlərin siyahısı da onda idi. Sonra o, həbs ediləndə mənzillərin kimə satıldığını bilmədik. 2008-ci ildə sənədlər ona təhvil verilmişdi. 2014-cü ildə isə mən maliyyə arayışları və blankları Habil Fətəliyevə verdim. Ondan sədrin səlahiyyətlərini icra etməsini istədim».

«Göz görə-görə üzümüzə yalan danışırsız...»

Məlum olub ki, C.Alışov H.Fətəliyevə verdiyi boş maliyyə arayışlarını və blankları əvvəlcədən imzalayıb. Bu addımını isə belə izah edib: «Əvvəldən imzalamışdım ki, nə vaxtsa alqı-satqı olsa, istifadə eləsinlər. Həmin sənədlər evini başqasına satmaq istəyənlərə verilmək üçün nəzərə tutulmuşdu. Habilin həmin evləri təkrar satmasından xəbərsizəm».

Məhkəmə zalında olan zərərçəkənlər C.Alışovun yalan danışdığını deyiblər. Bildiriblər ki, mənzillərlə bağlı problemlər ortaya çıxanda bu adamla görüşmək istəyiblər, amma görüşə bilməyiblər. Zərərçəkmişlərin bir neçəsi mənzili məhz C.Alışovun oğlu Samirdən aldıqlarını, indi atasının onu məsuliyyətdən kənarda saxlamaq üçün doğru danışmadığını iddia ediblər: «Göz görə-görə üzümüzə yalan danışırsız. Heç olmasa, günahınızı etiraf edin...».

C.Alışov onlara cavab verərək deyib ki, onsuz da hazırda etdiyi günahların cəzasını çəkir.

Zərərçəkən Sona Babayeva deyir ki, mənzil almaqdan ötrü təqsirləndirilən E.Əsədova 57 min manat verib. Düzdür, hazırda həmin mənzildə yaşayır, amma o evə iddialı olan başqa bir adam da var: «Evə köçəndən sonra Afət adlı bir xanım gəldi. Dedi ki, ev onundur. Sonra da məhkəmədə iddia qaldırdı».

Təqsirləndirilən E.Əsədov isə bildirib ki, həmin evi şirkətin sədr əvəzi H.Fətəliyevdən almışdı, sonra S.Babayevaya satıb və bunda heç bir qəbahət yoxdur. Həmin mənzilin başqa birinə də satılmasından xəbəri olmayıb.

Hazırda mənzil dələduzluğu ittihamıyla həbsdə olan H.Fətəliyev də şahid qismində dindirilib. O, məsuliyyəti öz üzərinə götürüb və əlavə edib ki, indi də əməllərinin cəzasını çəkir.

Zərərçəkənlərə də ümid verərək deyib ki, onların problemləri həll olunacaq: «Artıq razılaşma və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var. Şirkətimizə torpaq sahəsi də ayrılıb. Bina inşa ediləcək və hər kəsə ev veriləcək. Hazırda evində yaşayanlar narahat olmasın. Onları heç kim evindən çıxara bilməz. Ev ala bilməyənlərə isə indiyə qədər verdikləri pulun dəyərindən də artıq ev veriləcək».

Mənzil dələduzluğunu MTN generalları ilə nə birləşdirir

C.Alışov «Yeni Yasamal» MTK-dan əlavə, «Yüksəliş C» tikinti şirkətinin təsisçisi, «Bərpa Tikinti» MMC-nin direktoru olub.

Hələ illər öncə onun inşa etdirdiyi binalarda mənzil almaq istərkən aldanan zərərçəkənlər iddia edirdilər ki, onu MTN generalı himayə edir, ona görə də zərərçəkənlərin şikayətlərinə əhəmiyyət verilmir.

2015-ci ilin oktyabrında MTN generalları həbs olunandan sonra onların haqqındakı cinayət işi üzrə zərərçəkənlərdən biri də C.Alışov oldu. İddia edirdi ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov ondan tikdiyi binada 19 mənzil istəyib və evləri verdiyi siyahı üzrə adamların adına keçirilməsini tələb edib. Mənzillərlə yanaşı, 500 min dollar da nağd pul tələb olunub, amma sonradan həmin məbləğ ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzlənib.

Bakı Hərbi Məhkəməsi Çovdarovgilin işi üzrə hökmdə C.Alışovun zərərçəkmiş statusuna xitam verdi.

A.Çovdarov məhkəmədə bildirmişdi ki, «Binə» Ticarət Mərkəzinin yanında yerləşən «Karvansaray» ticarət mərkəzini C.Alışovun rəhbərlik etdiyi şirkət tikib. Onunla «Karvansaray-2010» MMC-nin təsisçisi Nizami Quliyev arasında tikinti işlərinin görülməsi ilə bağlı müqavilə olub. Amma N.Quliyev işlər başa çatandan sonra C.Alışovun istədiyi pulu ödəməkdən imtina edib. Ona görə də, Alışov ondan MTN-ə şikayət edib: «Əvvəlcə Cahangir Alışovu MTN-ə dəvət edib dinlədim. Daha sonra Nizami Quliyevi çağırdım. Nizami Quliyev həqiqətən də Cahangir Alışova borclu olduğunu etiraf etdi, sadəcə, aralarında məbləğlə bağlı anlaşılmazlıq olub. Cahangir Alışov «Karvansaray-2010» MMC üçün gördüyü işlərlə bağlı smeta da təqdim etdi. Sonradan isə rəsmi və ya qeyri-rəsmi olduğunu xatırlamasam da, bildim ki, tikinti işləri üçün çəkilən xərcə görə yoxlama təyin olunub. Həmin şəxslərin özləri audit təyin etdi. Sonradan isə yoxlamanın nəticəsinə görə məlum oldu ki, Cahangir Alışovun göstərdiyi məbləğ daha düzgündür. Yəni, Nizami Quliyev həqiqətən Cahangir Alışova borclu idi. Sonda Nizami Quliyev borcunu ticarət mərkəzindən bir neçə obyekti verməklə ödədi. Cahangir Alışov da şikayətini dayandırdı».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG