Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Yeni mədəniyyət naziri incəsənətə nifrət edir?


O.Lyubimova
O.Lyubimova

Rusiyanın yeni mədəniyyət naziri Olqa Lyubimovanın kino və TV təcrübəsi olsa da, o, bir dəfə belə yazıb: «Mən heç mədəni-zad deyiləm».

O, baş nazir Mixail Mişustinin yeni hökumətinin naziridir.

Lyubimova 2008-ci ildə bloq yazısında mədəniyyətə münasibətini belə ifadə etmişdi: «Mənim sərgilərə, muzeylərə, operaya getməkdən, sadəcə, zəhləm gedir». Onun balet və klassik musiqidən də xoşu gəlmir.

«Vaxtımı boş yerə sərf etmişəm»

BBC yazır ki, bu detallar Lyubimovanın bioqrafiyasındakı məlumatlarla üst-üstə düşür və güman ki, doğrudur.

LiveJournal platformasında açılmış «Kropalik» bloqunda sonuncu məqalə 2010-cu ildə yazılıb.

Lyubimovanın karyerasını mədəniyyət sahəsinə həsr etdiyini nəzərə alsaq, onun incəsənəti niyə sevmədiyini anlamaq çətindir.

«Mən Parisdə olmuşam, ancaq Luvrda olmamışam… Venesiya kanallarında qondola səyahətinə çıxmamışam. Britaniya Muzeyi, Milli Qalereya və daha onlarla Avropa və Rusiya muzeylərində olmuşam. Və hesab edirəm ki, vaxtımı boş yerə sərf etmişəm», –o öz bloqunda yazır.

39-yaşlı Lyubimova 2001-ci ildə TV müxbiri olub. Onun valideynləri Rusiya teatr dünyasında tanınmış simalar olublar. O, prestijli Moskva Dövlət Universitetinin (MQU) Jurnalistika fakültəsini bitirib.

O, televiziya karyerasında, əsasən, rus pravoslav kilsəsi ilə bağlı mövzularda sənədli filmlər və proqramlar çəkib. 2016-cı ildə Rusiyanın dövlətə məxsus əsas kanalı sayılan Birinci Kanalda sosial və media proqramları redaksiyasının rəhbəri olub.

Rusiyalı müxalifət lideri və antikorrupsiya fəalı Aleksey Navalnı Lyubimovanın provokativ köynəkdə şəklini paylaşıb. Köynəyin üstündə belə bir yazı var: «Siz kimsiniz? Nə istəyirsiniz? Mən sizi tanımıram». Yazı nalayiq ifadə ilə bitir.

V.Medinski və O.Lyubimova
V.Medinski və O.Lyubimova

Qalmaqallı Medinski dövrü

Lyubimova nazir vəzifəsinə təyin olunandan əvvəl keçmiş mədəniyyət naziri Vladimir Medinskinin vaxtında nazirliyin kino departamentinə rəhbərlik edib. Medinski isə hazırda prezident Vladimir Putinin mədəniyyət məsələləri üzrə müşaviridir.

Medinskinin dövrü mədəniyyət sahəsində senzura və qalmaqallarla yadda qalıb. Britaniya kinematoqrafçılarının çəkdiyi «Stalinin ölümü» komediyası və rusiyalı rejissor Aleksey Uçitelin 2017-ci ildə çəkdiyi «Matilda» filminin, bir çox xarici filmlərin nümayişinə qoyulan qadağalar, müstəqil teatrların işinə müdaxilə bu qəbildəndir. Bundan başqa, onun Rusiya tarixinə dair doktorluq dissertasiyası da qalmaqala səbəb olmuşdu. Alimlər onun işinin yetərincə elmi çəkiyə malik olmadığı qənaətinə gəlmişdilər.

O, «28 panfilovçu» filmini böyük səylə reklam edirdi. Filmdə 28 sovet döyüşçüsü 50 alman tankının qarşısını alır və bu, tarixi hadisə kimi qələmə verilir. Əslində isə, bu hekayənin uydurma olduğu üzə çıxıb.

Medinski rus xalqının XX əsrdə böyük fəlakətlərə duruş gətirərək ayağa qalxmasından danışarkən bu xalqın əlavə bir xromosoma malik olduğunu iddia edib.

Medinski həmçinin, komiks həvəskarlarını «gicbəsər» adlandırıb. O deyib ki, üzündən oxuya bilməyən adamlar komiks xoşlayırlar.

2008-ci ildə «Transparency International» təşkilatının əməkdaşı İlya Şumanov Lyubimovanın sözügedən bloq yazısını Twitter-də paylaşıb ona belə bir şərh yazmışdı: «Məlum məsələdir, belə bir adamı istənilən vəzifəyə təyin edə bilərsən, bircə Rusiyanın mədəniyyət siyasətinin rəhbərindən başqa».

Ancaq Lyubimovanı tərifləyənlər də olub. Tanınmış rusiyalı kino tənqidçisi, «İskusstvo Kino» (Kino sənəti) jurnalının baş redaktoru Anton Dolin Facebook-da belə yazıb: «Mən Olqa Lyubimovanı xeyli vaxtdır ki, tanıyıram… Bu gün mən doğrudan xoşbəxtəm ki, Rusiyanın belə gənc, ağıllı, savadlı, praqmatik, fanatizm və sinisizmdən uzaq qadın mədəniyyət naziri var». O hesab edir ki, Lyubimova mədəniyyəti, ən azı kinonu sevir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG