Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:57

Bakıda Yeni il şənlikləri: biletlər 5-15 manata


"Bakı Dövlət Sirki"nin Yeni il hədiyyəsi
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

"Bakı Dövlət Sirki"nin Yeni il hədiyyəsi

– Ay Buratino, nədən narahatsan?

– Cadugər məni tutmaq istəyir.

– Buratino, ətrafına bax, gör nə qədər dostların var! Cadugər gəlsə də, sənə heç nə edə bilməz. Deyirəm, gəl, dostlarımızla rəqs edək.

Bakıda, «Abu-Arena» idman mərkəzində təşkil edilən Yeni il şənliyinin qəhrəmanı Buratino və onun dostu Tomdur. Dialoqdan bəlli olur ki, Cadugər qarı Buratinonu axtarır, elə Cadugər özü də gəlib Yeni il şənliyinə çıxır. Uşaqlarla bir az danışandan sonra şam ağacının arxasında gizlənmiş Buratinonu görür və onu tutmağa çalışır.

Buratino, Yeni ili Bakıda uşaqları əyləndirir, 3 yanvar 2017
Buratino, Yeni ili Bakıda uşaqları əyləndirir, 3 yanvar 2017

Nağıl personajları hay-küy sala-sala səhnədən çıxırlar. Aparıcı uşaqlardan soruşur ki, Azərbaycanın üç bəstəkarını kim tanıyır? Suala düzgün cavab verən uşaq hədiyyə qazanır. Əllər yuxarı qalxır, ancaq bir uşağın cavab vermək şansı olur.

Sonra aparıcı Şaxta babanı çağırmağı xahiş edir:

– Gəlin bir yerdə Şaxta babanı çağıraq.

Uşaqların səsi ucalır:

– Şaxta baba, Şaxtacan, haradasan, bu vaxtacan?

Şaxta baba Saray qəsəbəsində işıqlar bir həftədir sönüb, gedib yandıra bilərsənmi?
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00
Direct-ə keçid

Səhnəyə gələn Şaxta baba ənənəvi olaraq şam ağacının işıqlarını yandırır, sonra da uşaqlarla rəqs edir, Qar qız mahnı oxuyur və Yeni il şənliyi yekunlaşır. Hə, bir də Şaxta babanın hədiyyəsi geyimində pantomim rəqsi olur.

Şaxta bab, Belarus, Anatol Lyabedzka, 30 dekabr 2008
Şaxta bab, Belarus, Anatol Lyabedzka, 30 dekabr 2008

«BURATİNONUN AXIRI NECƏ OLDU?»

«O Buratinonun axırı necə oldu? Gözlədim ki, qayıdacaqlar. Elə bil ssenari yarımçıq idi, ya da başdansovdu bir şey hazırlayıblar», – iki uşağını tamaşaya gətirmiş Ceyhun Əliyev deyir.

Nailə Məhərrəmova isə şənlikdən razıdır: «Pis deyil, burda uşaqlar zalda oturmur, meydanda dururlar, rəqs eləyirlər, məncə, yaxşıdır, əsas odur ki, uşaq darıxmasın».

«Personaj az idi, keçən il bulvarda o yeni açılan otelə getmişdik, orda çoxlu personaj varıydı. Özü də tamaşanın axırına kimi səhnədə qaldılar, uşaqları əyləndirdilər», – Sevda adlı valideyn söyləyir.

Valideynlər kimi uşaqlar da hərəsi bir fikirdədir, doyunca rəqs edən Nərgiz Məmmədova deyir ki, əylənib, indi evə gedən kimi qonşu uşaqlarına şənlikdən danışacaq.

3-cu sinifdə oxuyan Məryəmin isə xoşuna yalnız Hədiyyə gəlib:

«Toğrulun da xoşuna o gəldi. İkimiz də Hədiyyənin oynamağını xoşladıq».

Yeni il hədiyyələri,Bakı
Yeni il hədiyyələri,Bakı

«ÖZÜM CİBİMDƏN PUL VERSƏYDİM…»

Bu tamaşanın biletinin qiymətinə gəlincə, valideynlər biletlərin ya hədiyyə kimi onlara verildiyini, ya da işlədikləri yerdə həmkarlar ittifaqından aldıqlarını söyləyirlər.

«Cibimdən pul versəydim, deyinərdim ki, tamaşa buna dəymir, zəif hazırlayıblar. Amma hədiyyə veriblər, sağ olsunlar, bəy verən atın dişinə baxmazlar. Nəvəm də odur, ortada oynayır», – Nazilə Ağayeva meydançada şam ağacının ətrafına yığışmış uşaqları göstərir və əlavə edir ki, biletdə hədiyyə də var: «Marketlərdə Şaxta baba hədiyyəsi 4 manatdan başlayır. İndi biz də çıxanda hədiyyəmizi alacağıq».

«BİLETLƏRİ FƏRDİ SATMIRIQ»

Bu idman mərkəzində Yeni il şənliyinin təşkilatçıları AzadlıqRadiosuna deyirlər ki, fərdi bilet satılmır. Biletləri təşkilatlara təklif edirlər və həmkarlar xətti ilə biletlər valideynlərə verilir. Biletin biri 7 manatadır və ora biskvit, şokolad, vaflidən ibarət hədiyyə qutusu da daxildir.

Bakıda məktəblilərin tətil günlərində vaxtlarını əyləncəli keçirmələri üçün təkliflərdən, sadəcə, biridir bu. Ölkə paytaxtının, demək olar ki, hər bir mədəniyyət müəssisəsi Yeni il şənliyi keçirir, proqram rəngarəngdir. Gənc Tamaşaçılar Teatrı R.Hovadrın «Qrinç», Heydər Əliyev Sarayı «Qar dənəcikləri» şou-proqramları ilə məktəbliləri sevindirmək istəyir. Milli Dram Teatrı da qıraqda qalmayıb, Yeni il tamaşası hazırlayıb.

«QİYMƏTLƏRƏ HƏDİYYƏ DAXİL DEYİL»

Qiymətlər fərqlidir. Gənc Tamaşaçılar və Milli Dram teatrlarında 3 yaşından yuxarı hər kəsə bilet 8 manat, Heydər Əliyev Sarayında, yerdən asılı olaraq, 5-15 min manat arasındadır. Ancaq burda biletlərin qiymətinə hədiyyə daxil deyil, onu ayrıca teatr binasında almaq olar. Qiymətlər də qutunun ölçüsünə görə dəyişə bilər. Məsələn, Heydər Əliyev adına Sarayda hədiyyə qutusunun biri 5 manatadır.

Bakı Dövlət Sirki də Yeni ilə əliboş gəlməyib. «Hindistan fili və dostları» tamaşasına bilet 10-15 manatdır. Hətta kassadan kənarda da bilet satanlar var. Zal isə ağzına kimi doludur.

«ALLAHIN ÇİPSİSİ…»

Orta məktəblərin birində müəllimə işləyən, iki uşaq anası Günel Naibova deyir, 3 nəfər üçün 30 manat verib:

«Az pul deyil, amma hər il uşaqları Yeni il şənliyinə aparıram. Bu dəfə də sirki seçdik. Ancaq söz verdilər ki, orda məndən başqa şey istəməyəcəklər. Allahın 70-80 qəpiklik çipsisini 2 manat 50 qəpiyə, popkornu 4 manata verirlər».

Fil və qız, Bakıda uşaqlar üçün Yeni il tamaşaları, 3 yanvar 2017
Fil və qız, Bakıda uşaqlar üçün Yeni il tamaşaları, 3 yanvar 2017

Tamaşadan məmnun qaldığını deyən Ziyafət Əzizova hesab edir ki, biletin qiyməti o qədər də baha deyil. Onun fikrincə, çətinlik olsa da, ailə büdcəsindən uşağın dünyagörüşünün inkişafına bir az vəsait ayırmaq vacibdir: «Uşaq gəzir, görür, dünyagörüşü dəyişir. Nə qədər televizor qabağında oturmaq olar? Tətildir, sənə də iş yoxdursa, bütün günü evdə oturub neyniyəcəksən? Pul yoxdur? İnanın, çoxu bəhanə edir. Zooparka apar, bulvara çıxar, parklar var. Bu pulu hər gün xərcləmirsən ki…».

XS
SM
MD
LG