Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Yeni il süfrəsinin xərci


Bakıda bazar
Bakıda bazar

Qarşıdan yeni, 2020-ci il gəlir. Əhali artıq Yeni il münasibəti ilə müxtəlif tədarüklərə başlayıb. Bəs görək, 4-nəfərlik bir ailənin bayram süfrəsi neçəyə başa gəlir və ötən illə müqayisədə qiymətlərdə ciddi artım varmı?

ReAL Partiyasından olan iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, əslində Azərbaycanda hər il Yeni il və Novruz bayramı öncəsi ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir: «Bu, pis bir ənənəyə çevrilib. Uzun illərdir ki, eyni qaydada davam edir».

«Bu il ərzaq mallarında ortalama 7-8 faiz bahalaşma olub»

İqtisadçıya görə, ölkədə bahalıq və inflyasiya ilə bağlı rəsmi rəqəmlərlə əhalinin güzəranında hiss edilən dəyişiklik bir-birindən ciddi fərqlənir:

N.Cəfərli
N.Cəfərli


«Rəsmi açıqlamaya görə, inflyasiya 3 faiz, ərzaq malları inflyasiyası 3 faizdən bir qədər yuxarıdır. Əgər belə olsaydı, əhali bunu öz cibində və gündəlik güzəranında o qədər də hiss etməzdi. Çünki 3 faiz o qədər də yüksək inflyasiya deyil. Reallıq isə tamam başqadır. Azərbaycanda statistika siyasiləşdiyinə görə, reallıqda tamam başqa rəqəmləri görürük. Ən azı rəsmi rəqəmlərdən bəzən 2, bəzən 3 dəfə artıq inflyasiya olduğunu gündəlik güzəranda insanlar hiss edir. Bu il ərzaq mallarında ortalama 7-8 faiz bahalaşma olub».

«Ən azı 150 manat...»

4-nəfərlik ailə üçün Yeni il süfrəsinin xərcinə gəlincə, N.Cəfərli bunları deyib: «Yeni il bayramına ən azı 150 manat vəsait xərclənməlidir. Azərbaycanda rəsmi rəqəmlərə görə, ortalama gəlir təqribən 600-700 manat civarındadır. Yəni, 4-nəfərlik bir ailənin cəmi 600-700 manat gəliri olursa və bunun da ən azı 150 manatını bayram üçün xərcləyirlərsə, növbəti ayda dolanışıqlarında problem yaranır. Bir günə bu qədər vəsaitin xərclənməsi ailə büdcəsinə də mənfi təsir göstərir».

Z.Oruc
Z.Oruc

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, keçmiş deputat Zahid Oruc isə hesab edir ki, 2019-cu ildə Prezident İlham Əliyevin sosial-iqtisadi müstəvidə atdığı addımlar əhalinin həyat şəraitinə müsbət təsir göstərib və bu baxımdan, başa çatmaqda olan ili uğurlu saymaq olar.

«200 manatdan...»

4-nəfərlik ailənin bayram xərclərinə gəlincə, Mərkəz rəhbəri də bunları söyləyib: «Bu ilin iqtisadi uğurları fonunda vətəndaşların bayram süfrəsi xərclərinin 200 manatdan yuxarı olmayacağı düşüncəsindəyəm...».

Z.Oruc vurğulayıb ki, inflyasiya da yüksək deyil, ölkənin maliyyə strukturları onun artımına imkan verməyib.

Mərkəz rəhbəri də bayramöncəsi qiymətlərin bahalaşmasını məqbul saymır: «Bütün dünyada bayram mövsümləri daha çox qiymətlərin aşağı düşməsiylə müşayiət edilir, bizdə isə bunun əksi baş verir. Amma bu, iqtisadi amillərə bağlı deyil. Bu, bayramla bağlı vətəndaşların bazarlara müraciətlərinin artmasından işbaz dairələrin öz məqsədləri üçün istifadə etməsidir. Hər bir halda, hökumət və dövlət bu bahalaşmada maraqlı deyil, hətta bu məsələ mübahisə predmeti belə ola bilməz».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG