Keçid linkləri

Təcili xəbərlər
2020, 03 İyun, çərşənbə, Bakı vaxtı 06:59

Ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Bununla bağlı Azərbaycan Nazirlər Kabineti qərar verib. Bu qərar aprelin 5-dən 20-nə kimi qüvvədə olacaq.

Qərarda dövlət əhəmiyyətli qurumların, ölkədə akkreditasiya olunmuş beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin və bir sıra sahələrin təmsilçilərinin xidməti vəsiqələri, yaxud iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol veriləcəyi bildirilir.

Qərara görə, bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə bir sıra hallarda yol veriləcək. Bura təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq daxildir.

Habelə, ərzaq, digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti nəzərə alınacaq. Eyni zamanda, yaxın qohumunun dəfnində iştirak da bura aiddir.

Bundan ötrü onlar aşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir) :

SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir:

“1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır. Geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir).

1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir).

1.5.3. 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün”

Bu qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

“Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq...”, qurum bildirir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 50 min civarında şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Bu vaxta qədər ümumilikdə Azərbaycanda 400 nəfərin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 26 nəfərin sağaldığı, 5 nəfərin vəfat etdiyi deyilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

XS
SM
MD
LG