2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

Yəməndə husilərlə döyüşən qüvvələr geri çəkilir

Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri
Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri

Noyabrın 15-də İran və müttəfiqləri ABŞ-yə və onun Fars körfəzindəki tərəfdaşlarına iki cəbhədə təzyiqi artırıblar. Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr İranla əlaqəli husilərlə döyüşlərdə geri çəkilib. İran isə Bəhreyndəki ABŞ hərbi bazalarına dron hücumları etdiyini bildirib.

Səudiyyə Ərəbistanının müttəfiqləri beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini müdafiə edirlər. Koalisiya qüvvələri ölkənin cənub sahilindəki müvəqqəti paytaxt Ədəni qorumaq üçün Babül-Məndəb boğazından geri çəkiliblər. Bu isə hökumətin altı həftədir apardığı əks-hücumun faktiki olaraq başa çatdığını göstərir. Əməliyyatın məqsədi Qırmızı dənizin girişindəki strateji əhəmiyyətli ərazini husilərdən təmizləmək idi.

"Reuters" yazır ki, Yəmən hökumət qüvvələrinin geri çəkilməsi husilərin Ədən şəhərinə doğru yenidən irəliləməsi ehtimalını artırır. Husilər təxminən 10 il əvvəl paytaxt Sənanı ələ keçirdikdən sonra Ədən Yəmən hökumətinin əsas qərargahına çevrilib.

Oktyabrda Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin hücumu nəticəsində boğaz ətrafındakı mühüm mövqelər geri alınıb. Lakin husiləri ərazidən tamamilə çıxarmaq və sahil boyunca şimalda yerləşən Əl-Moxa şəhərini azad etmək mümkün olmayıb.

Husilər isə cavab olaraq Səudiyyə Ərəbistanına dron və raket hücumlarını gücləndiriblər. Ölkənin əsas hava limanlarına endirilən zərbələr uçuşların dayanmasına səbəb olub, enerji obyektləri hədəfə alınıb.

Ötən gün – noyabrın 15-də husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, maliyyə mərkəzinə və Şərq-Qərb neft kəmərindəki iki nasos stansiyasına hücum etdiklərini açıqlayıblar. Səudiyyə Ərəbistanı bu məlumatları hələlik təsdiqləməyib.

İran isə Bəhreynə – Fars körfəzində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının obyektinə hücum etdiyini bildirib. Bəhreyn hava hücumundan müdafiə sistemlərinin bir neçə hücumun qarşısını aldığını bəyan edib.

​
XS
SM
MD
LG