Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:36

III Çarlz sabah rəsmən kral elan olunacaq


II Yelizaveta (solda) və III Çarlz, arxiv fotosu
II Yelizaveta (solda) və III Çarlz, arxiv fotosu

1952-ci ildə hakimiyyətə başlamış Kraliça Yelizaveta bir çox britaniyalı üçün sabitlik qayası idi

73 yaşlı III Çarlz sabah – sentyabrın 10-da rəsmən Böyük Britaniya kralı elan ediləcək. Bu barədə “Independent” qəzeti yazır. Daha öncə mərasimin bu gün keçiriləcəyi açıqlanmışdı.

Çarlz sentyabrın 8-də kraliça Yelizavetanın ölümündən dərhal sonra avtomatik kral sayılır, çünki vəliəhd şahzadə idi. Adətə görə, rəsmi mərasim monarxın ölümündən 24 saat sonra keçirilməlidir. Bu dəfə isə hazırlığa yetərincə vaxt qalmadığından yubanır, qəzet belə yazır.

***

Britaniyanın yeni monarxı Kral Çarlz sentyabrın 9-da xalqa müraciət edəcək. Dünən – sentyabrın 8-də onun anası, tarixə ən çox hakimiyyətdə qalmış britaniyalı monarx kimi düşmüş Kraliça II Yelizaveta 70 il taxt-tacda oturandan sonra vəfat edib.

Bukinqem sarayı Yelizavetanın Şotlandiyadakı yay iqamətgahında, Balmoral qəsrində 96 yaşında vəfat etdiyini açıqlayıb.

1952-ci ildən taxtda

Sarayın məlumatına görə, 73 yaşlı Çarlz dərhal hakimiyyəti təhvil alıb. III Çarlz kimi tanınacaq kral və onun həyat yoldaşı, kraliça-konsort olacaq Kamilla gecəni Balmoral qəsrində qalacaq, sentyabrın 9-da Londona qayıdacaqlar.

Kraliçanın ölümü elan ediləndə BBC milli “God Save the Queen” himnini oxudub. Minlərlə insan Londonun mərkəzindəki Bukinqem sarayının qarşısına yığışıb, sakit dayanıb. Saray üzərindəki bayraq yarıya qədər endirilib.

Kraliçanın həyat yoldaşı Şahzadə Filip ötən il 99 yaşında vəfat edib. Kraliçanın ötən ilin sonunda hərəkət problemləri vardı, demək olar, bütün ictimai tədbirlərdən imtina etməli olmuşdu.

1952-ci ildə hakimiyyətə başlamış Kraliça Yelizaveta bir çox britaniyalı üçün sabitlik qayası idi. O, onilliklər boyu sosial dəyişikliklər fonunda həm monarxiyanı birləşdirməsi, həm də modernləşdirməsi, öz ailəsinin qalmaqallarını idarə etməsilə tanınıb.

Tarixdə ikinci ən uzunömürlü monarx

Yelizaveta 25 yaşında, atasının qəfil ölümündən sonra taxta çıxıb. 2-ci Dünya müharibəsindən sonra Britaniyanın yenidən qurulmasına rəhbərlik edib. Onun hakimiyyəti dövründə Böyük Britaniya Avropa İttifaqına daxil olub, sonradan onu tərk edib.

70 illik hakimiyyəti dövründə 15 baş nazirlə işləmiş Yelizavetanın hakimiyyəti Uinston Çörçillə başlayıb, Liz Trassla bitib. Trass kraliçayla iki gün öncə görüşmüşdü. Gülümsəyən, əl ağacına söykənmiş kraliçanın Trassla əl sıxan yerdə fotosu yayılmışdı.

Bu ilin əvvəlində Britaniya Kraliça Yelizavetanın platin yubileyini qeyd edib, ölkə boyunca partilər keçirilib. Az sonra o, tarixə 17-ci əsr Fransa Kralı, 4 yaşında hakimiyyətə keçmiş XIV Lüisdən sonra ikinci ən çox hakimiyyətdə olmuş monarx kimi düşüb.

Reaksiyalar

Dünyanın müxtəlif yerlərindən kraliçanın ölümünə reaksiyalar gəlməkdədir. Ağ ev dərin başsağlığı verərək onun ABŞ-ın ən güclü müttəfiqlərindən birinin lideri olduğunu qeyd edib.

“Onun iris Britaniya tarixinin və dünya tarixinin səhifələrində böyük yer tutacaq”, – Prezident Co Bayden bəyanatında deyib.

Fransa Prezidenti Emmanuel Makron Twitter-də yazıb ki, Kraliça II Yelizaveta 70 ildən artıq bir müddətdə Britaniya xalqının bütövlüyünü və birliyini təcəssüm etdirib.

Rusiya Prezidenti Vladimir Putin mərhum kraliçanı tərifləyərək deyib ki, “II Yelizaveta bir çox onilliklər boyu öz subyektlərinin sevgi və sayqısından haqlı olaraq bəhrələnib”.

BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, II Yelizaveta “bütün dünyada lütfü, ləyaqəti və fədakarlığı” ilə rəğbət doğurub, onilliklər boyu davam edən köklü dəyişikliklər, o cümlədən Afrika və Asiyanın dekolonizasiyası, Millətlər Birliyinin təkamülü dövründə əminedici varlıq olub.

XS
SM
MD
LG