Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:13

Putinin müşavirləri Yəhva şahidlərini müdafiə edirlər


Rusiyada 170 min Yəhva şahidinin olduğu təxmin edilir
Rusiyada 170 min Yəhva şahidinin olduğu təxmin edilir

Prezident Vladimir Putinin insan haqları üzrə müşavirləri Rusiyada Yəhvanın şahidləri dini icmasının üzvləri barəsində açılmış cinayət işlərinin hüquqiliyini şübhə altına alıblar.

Onlar bildiriblər ki, hüquq-mühafizə orqanları bu adamları kollektiv şəkildə İncil oxuyub ibadət etmələrinə görə cinayət məsuliyyətinə cəlb etməklə mövcud qanunları düzgün təfsir etməyiblər.

Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurasının iyunun 21-də verdiyi bəyanatda deyilir ki, belə cinayət işlərinin sistematik hal alması xüsusilə narahatlıq doğurur:

"Bu vəziyyət Sovet dövründə Yəhva şahidlərinin əsassız repressiyalara görə çəkdikləri iztirabları yada salır”.

Prezident yanında məşvərətçi funksiya daşıyan bu qurumun direktivlər vermək səlahiyyəti yoxdur, lakin bu məsələnin şuranın Putinlə növbəti görüşü zamanı qaldırılacağı gözlənilir.

Rusiya Ali Məhkəməsi 2017-ci ilin iyulunda Yəhva şahidlərinin ekstremist qruplaşma hesab olunmasına dair hökmü qüvvədə saxladıqdan sonra bu icmanın fəaliyyəti demək olar qadağan edilib.

Bu Rusiyada qanuni qeydiyyatdan keçmiş hər hansı dini təşkilatın bütünlüklə qadağan edildiyi ilk hal idi.

Yəhva şahidlərinin orduda xidmətə, seçkiyə və ümumilikdə hakimiyyətə fərqli münasibəti hökumətin onlara ənənəvi olaraq şübhə ilə baxmasına səbəb olub.

Bütün dünyada 8 milyon davamçısı olduğu deyilən Yəhva şahidləri icmasının Rusiyada 170 min üzvünün olduğu təxmin edilir.

Ali Məhkəmənin hökmündən sonra azı 19 icma üzvü saxlanıb və onlara qarşı cinayət işlərinə başlanıb.

Yəhva Şahidlərinin Avropa Assosiasiyasının üzvü Yaroslav Sivulsky deyib ki, prezident yanında şuranın bu məsələni qaldırması icma üçün “ümid qığılcımı” olub:

"Biz ümid edirik ki, sağlam düşüncə üstün gələcək və hansısa müdrik bir insan bu məsələdə ağ edildiyini deyəcək”.

Birləşmiş Ştatlar iyunun 18-də Rusiyanı siyasi məhbus hesab edilən bütün şəxslərin azad olunmasına çağırmışdı.

İyunun 19-da Rusiyada 60 yazıçı, tarixçi və fəal hakimiyyət orqanlarından Yəhva şahidlərinin təqibini dayandırmağı tələb edən petisiyanı imzalayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG