Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Yazıçılar Birliyi sədrinin müşavirinə qarşı sələmçilik suçlaması


Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, bir neçə il öncə adı mənzil qalmaqalında hallanan Rauf Aslanov indi də sələmçilikdə suçlanır. Bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun da adı keçən bir dələduzluq işi araşdırılırdı. R.Aslanov o işdə zərərçəkən kimi tanınsa da, mühakimə olunan Mirzə Şəmsiyev onun özünü ittiham edir.

Cinayət işinin materiallarında iddia olunur ki, R.Aslanov yaxınının magistr dərəcəsi üzrə təhsil alması üçün universitetlərdən birinə düzəltməkdən ötrü M.Şəmsiyevə pul verib. Şəmsiyev ondan pul aldığını təsdiqləsə də, səbəb barədə yazılanları qəbul eləmir. Deyir ki, R.Aslanov ona pulu sələmə vermişdi.

«Pulumu qaytarsın»

Oktyabrın 24-də məhkəmədə iştirak edən R.Aslanovun özü də bunu eşidib. O deyib ki, Mirzənin həbs olunmasını istəmir, əksinə, azadlıqda qalıb onun və başqalarının pullarını qaytarmasının tərəfdarıdır: «Bu adamın və vəkilinin dediklərindən belə çıxır ki, günahkar elə zərərçəkənlər imiş. Mənə sələmçi deyirlər, başqa birinə yalançı... Əslində, zərərçəkənlər daha çoxdur, sadəcə, mən Mirzə ilə çörək kəsmişəm deyə, onları bura gətirmək istəmirəm. Tələbim odur ki, pulumu qaytarsın. Özü də azadlığa buraxılsın. Çünki həbsdə saxlanması heç nəyi dəyişməyəcək. Azadlığa çıxsın, mən onun yenə də işə bərpa olmasına kömək edərəm. Amma bilim ki, pulumu qaytaracaq».

R.Aslanovdan sonra məhkəmədə son sözünü deyən M.Şəmsiyev isə bir daha vurğulayıb ki, Yazıçılar Birliyi sədrinin müşavirindən pulu aylıq 5 faizlə sələmə götürüb. O, həbsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovu günahlandırıb. Deyib ki, onun sifarişiylə həbs olunub.

«Məni şantaj edirdi»

«Mən hər ay faiz verirdim. Sonradan məndən asılı olmayan səbəblərə görə iş alınmadı. Aldığım pulun da 18 minini geri qaytarmışam. Qalan pulu ödəyə bilmirdim. Onda məni həbs etdirməklə hədələdi. Dedi ki, bilirsən o pul kimindir? Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun olduğunu dedi. Bundan sonra da Ənvər Seyidovla məni şantaj etməyə başladı. Üzərimdə daim o şantajı hiss edirdim», – M.Şəmsiyev son sözündə deyib.

Əlavə edib ki, Ə.Seyidovdan Məhkəmə-Hüquq Şurasına da şikayət edib.

Zərərçəkmiş R.Aslanov onun söylədiklərinə cavab verməyib.

Zərərçəkənlər arasında Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Xəlilova da var. İddia olunur ki, X.Rzanın yubileyi münasibətilə onun kitabını nəşr etdirmək adıyla mərhum şairin həyat yoldaşından 3 min 900 manat pul alıb. Amma kitab nəşr olunmayıb. Alınan pulun bir hissəsi qayıtsa da, 1600 manat qalıb.

M.Şəmsiyev son sözündə bu məsələyə də toxunub: «Aldığım pulun hamısı kitabın çap işlərinə verilib. Amma Firəngiz xanım Rauf Aslanovun təzyiqi ilə məndən şikayətçi oldu».

Sonda isə deyib ki, ilk dəfədir məhkum edilir, azyaşlı uşaqları var, özü də 9 kitab müəllifidir, zərərçəkənlərin bəzilərinə pulu ödəyib, bəziləri ilə borc müqaviləsi bağlayıb. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edib.

M.Şəmsiyevin son sözündən bir neçə dəqiqə sonra onun haqqında çıxarılmış hökm elan edilib. R.Aslanov, F.Xəlilova da daxil bir neçə nəfərdən müxtəlif işlər görmək adıyla pul alıb qaytarmamaqda ittiham olunan M.Şəmsiyev CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə təqsirli bilinib və 9 il azadlıqdan məhrum edilib.

R.Aslanov Azərbaycan Yazıçılar Birliyində Mənzil Komissiyasının sədri idi. Yazarlar üçün «Abidə» tikinti şirkətinin ayırdığı mənzillərin bölgüsü zamanı səs-küy yaranmışdı. Ev ala bilməyən yazarların bir çoxu R.Aslanovu ittiham edirdi.

XS
SM
MD
LG