Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:00

Yazıçı birlikləri nəyə lazımdır


SSRİ Yazıçılar İttifaqının plenumu. 1973
SSRİ Yazıçılar İttifaqının plenumu. 1973

Müasir dövrdə yazıçılara birliklər gərəkdirmi? Gərəkdirsə, bu, sovet dövründəki kimi bir ümumi birlik olmalıdır, yoxsa həmfikirləri birləşdirən çox sayda birlik yaradılmalıdır? Bu qurumların işi nə olmalıdır? «Veçernyaya Moskva» qəzeti bu sualları tanınmış ədəbiyyatçılara verib.

Dmitri Bıkov, şair, nasir, jurnalist:

– Düşünürəm ki, ittifaq heç kimə və heç nədən ötrü lazım deyil. Ümumiyyətlə, heç biri lazım deyil. Yazıçılıq tənha görülən işdir. Mən ümumiyyətlə, SSRİ Yazıçılar İttifaqının nə vaxtsa kimisə müdafiə etdiyini xatırlamıram. O, əksinə, kimisə şərləyə, təkləmə kampaniyasına başlaya bilərdi. Tarixdə belə şeylər olub. Yazıçıları məmura çevirmək, birini katibə çevirərək o birilərin üzərinə qaldırmaq nəyə lazım? İttifaqın bütün katibləri gileylənirdilər ki, bu, onların yaradıcı fərdiliyini məhv edib. Hamısı, Aleksandr Fadeyevdən tutmuş, Georgi Markova qədər. Sonuncunun nəsrini bu gün yəqin, heç kim yerli-dibli oxuya bilmir. Halbuki, vaxtilə onu Babel tərifləyirdi, o, yaxşı başlamışdı.

D.Bıkov
D.Bıkov

Nədir, yazıçının özü internetdə hüquqlarını müdafiə etməyə özünə hüquqşünas tapa bilməz? Ondan başqa, anlamıram, o hüquqşünas naşirlə münaqişədə yazıçının hansı maraqlarını qorumalıdır? Düzünə qalsa, naşir yazıçının dostudur. Özümün, yaxud da həmkarlarımın praktikasında yazıçının naşirdən müdafiə olunmaq məcburiyyətində qaldığı bircə dənə də hal bilmirəm. Heç bunun necə görünə biləcəyini belə təsəvvür edə bilmirəm. Naşir sənin mətnini iradənin əksinə qısaldıbsa, sənə bu mətni istənilən özəl nəşriyyatda çap etdirib satmağa heç nə mane olmur. Mətn dəyərlidirsə, satılacaq.

Deyirlər, «SSRİ Yazıçılar İttifaqı ədiblərin ölkə daxilində səfərlərini təşkil edirdi…» Nə üçün? Yazıçıya material lazımdırsa, bilet alsın və getsin. Bu səfərin pulunu niyə kimsə ödəməlidir? Ona material lazım deyilsə, qoy evdə otursun, öz daxilinə baxsın və pəncərəsindən görünənləri yazsın. Pasternak deyirdi: onsuz da heç yerdə pəncərənizdən görünəndən artığını görməyəcəksiniz.

Y.Kozlov
Y.Kozlov

Yuri Kozlov, nasir, «Roman-qazeta»nın baş redaktoru:

— Müasir yazıçı ittifaqlarının heç bir təşkilatçı və yaradıcı funksiyaları yoxdur, yalnız onlara rəhbərlik edən az sayda adamın maraqlarına xidmət edir. Yazıçılara onlara ideoloji təzyiq göstərməyən, yalnız onların sosial problemlərini həll edən qurum lazımdır... Bu gün «Ümumrusiya peşə təsnifatında» «ədib» peşəsi yoxdur. Təqaüdə çıxan yazıçıların yaradıcılıq stajı hesablanmır. Onlara normal yaşamaq imkanı yaradan adlar verilmir. Gənc nəsil bu peşədə ümumiyyətlə, perspektiv görmür, istedadlı adamların çoxu hansısa oxşar sahələrə gedir, məsələn, ssenarilərdən pul qazanır. Peşəkar tənqidçiləri barmaqla saymaq olar. Halbuki, ədəbiyyat prosesini məhz onlar istiqamətləndirir və hərəkətə gətirir. Əsərin ictimai əhəmiyyətini anlaya biləcəyimiz xətt onların mübahisələrində cızılır. Yazıçı nəinki təkcə qonorarlarla yaşaya bilmir, o, yazılarını da əsasən öz hesabına çap etdirir. Bu gün nəşr prosesi son dərəcə inhisarlaşıb. Bazarda hər şeyi əzmiş bir neçə nəhəng var. Paylama sistemi işləmir, ucqarda yaşayıb-yaradan yazıçının oxucuya çıxmaq şansı yoxdur.

Düşünürəm ki, yazıçıların həmkarlar ittifaqını hansısa mövcud təşkilatın əsasında yox (heç orada hər hansı baza da yoxdur – nə nəşrlər var, nə də nəşriyyatlar), sıfırdan yaratmaq lazımdır ki, köhnə çəkişmələrin, incikliklərin, iddiaların quyruğu uzanmasın...

Sovet yazıçılarının evi. 1937-ci ildə inşa olunub.
Sovet yazıçılarının evi. 1937-ci ildə inşa olunub.

Sergey Perevezentsev, Rusiya Yazıçılar İttifaqının İdarə heyətinin həmsədri:

— Vaxtilə SSRİ Yazıçılar İttifaqı ədəbiyyatın inkişaf formalarını müəyyənləşdirir, ədəbi prosesin keyfiyyətini təmin edirdi. «Qalın jurnallar» özünəməxsus filtrasiya baryerləri kimi çıxış edirdi. Nəyin oxucunun mühakiməsinə təqdim ediləcəyi onlardan asılı idi. Bu gün əsərlərin keyfiyyətinə heç kim nəzarət etmir.

Məşhur fikirdə deyildiyi kimi, dövlət öz yazıçılarını yedirmirsə, başqalarının yazıçılarını yedirməli olacaq. Xalq öz ağlı ilə yox, başqalarının ağlı ilə yaşayacaq.

Bu gün yazıçılar birliyi bu və ya digər əsərə, onun estetik, mənəvi, ideya xüsusiyyətlərinə savadlı qiymət verə bilən peşəkarların birliyi kimi zəruridir. O, tarixi yaddaşı dağıdan aşağı keyfiyyətli yazıların, kommersiya əsərlərinin... axınına qarşı durmalıdır.

XS
SM
MD
LG