Keçid linkləri

2026, 02 Oktyabr, cümə, Bakı vaxtı 13:38

İranın hücumlarına baxmayaraq neft ixracı artır, emal isə axsayır

Hörmüz boğazında vurulan "El Gaia" neft tankeri
Hörmüz boğazında vurulan "El Gaia" neft tankeri

Sentyabrda Yaxın Şərqdən xam neft ixracı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Sahə mütəxəssislərinin təhlillərinə görə, bu, İranın Hörmüz boğazında gəmilərə hücumlarına baxmayaraq, tədarükdə artımı gücləndirir.

Xam neft tədarükü artsa da, neft emalına məhdudiyyətlər hələ də qalır. Dünyada dizelin kəskin bahalaşmasının əsas səbəbi məhz bu amildir. Avropa İttifaqının oktyabrın 1-də açıqladığı rəqəmlər yanacaqdoldurma məntəqələrində dizelin qiymətinin rekord həddə çatdığını göstərib. Neft ixracının bərpasına baxmayaraq, ABŞ-də də qiymətlər kəskin artıb.

"Fars körfəzindən hasil edilən neftin həcmi bir çoxlarının bir neçə ay öncə proqnozlaşdırdığından daha çoxdur", – "Lloyds List" nəşrinin baş redaktoru Riçard Mid oktyabrın 1-də onlayn brifinqdə bildirib.

Neft axını artır

"Lloyds List"in məlumatları iyulun ortalarından bəri Hörmüz boğazından keçən xam neft tankerlərinin sayının davamlı olaraq artdığını göstərir. Bundan əvvəl kəskin azalma qeydə alınmışdı. Həmin azalma münaqişəni bitirməyə yönəlmiş ABŞ-İran anlaşma memorandumunun qüvvədən düşməsi fonunda baş vermişdi.

"JP Morgan" investisiya bankı sentyabrda Yaxın Şərqdən xam neft ixracının müharibədən əvvəlki səviyyənin 98 faizinə çatdığını bildirib, və bunu "hələ də müharibə gedən region üçün nəzərəçarpan bərpa" adlandırıb.

Əmtəə bazarını təhlil edən "Kpler" şirkəti Səudiyyə Ərəbistanından neft ixracının 2025-ci ilin orta səviyyəsinə yüksəldiyini bildirib. "Vindvard" dəniz daşımaları üzrə məlumat və təhlil şirkəti isə Səudiyyə terminallarında avqust ilə müqayisədə dörd dəfə çox neft yükləndiyini qeyd edib. Bu, böyük artım olsa da, yanvar göstəricisindən hələ də təxminən 40 faiz aşağıdır.

AzadlıqRadiosunun jurnalisti Rey Förlonq ixracın bərpasının arxasında bir neçə amilin dayandığını yazır. Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri, nefti qısa məsafələrə daşıyan gəmilərdən istifadə və neftin bir gəmidən digərinə ötürülməsi bu amillər sırasındadır.

Səudiyyə Ərəbistanının sözügedən neft kəməri Hörmüz boğazından yan keçərək xam nefti Qırmızı dənizdəki Yənbu limanına nəql edir. Sentyabrın 10-da kəmər İranın dəstəklədiyi husi silahlılarının hücumu nəticəsində zədələnib. Amma ayın sonuna doğru Yənbudan daşımaların çoxalması kəmərin zədələnmiş ötürücülük gücünün ən azı bir hissəsinin bərpa olunduğundan xəbər verir.

İRANIN HÖRMÜZ BOĞAZINDA 'NƏZARƏT ZONASI'

Birləşmiş Ərəb Əmirlikləri də oxşar çıxış yolu tapıb: Oman körfəzindəki Füceyrə limanına uzanan neft kəmərindən istifadə edir. Bu kəmər də İranın hücumlarına məruz qalsa da, Hörmüz boğazı ilə müqayisədə risklərə qarşı daha az həssasdır.

Nefti bazara çıxarmağın digər yolu onu daha kiçik gəmilərlə Hörmüz boğazından keçirməkdir. Bu gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin keşik çəkdiyi və Oman sahilləri boyunca uzanan marşrutdan istifadə edir. Çox vaxt konvoy şəklində hərəkət edən gəmilər yüklərini Oman körfəzinin təhlükəsiz sularında tankerlərə ötürürlər.

Bu arada, Hindistandakı neft emalı zavodlarının da həmin marşrutdan yararlanmaq üçün tankerlər sifariş etməyə başladığı xəbər verilir.

Hücumlar davam edir

Buna baxmayaraq, gəmiçilik üçün risklər hələ də qalmaqdadır. Sentyabrın 30-da Hörmüz boğazından keçən Liberiya bayraqlı üç tanker naməlum mərmilərlə vurulub. Sahə analitiklərinin fikrincə, mövcud risklər artıq neftin qiymətinə daxil edilib.

"İxracın artması mütləq Hörmüz boğazının təhlükəsiz hala gəlməsi demək deyil. Bu, sadəcə neft sənayesinin mövcud təhlükəyə uyğunlaşaraq işləməyə alışdığını göstərir", – Mid deyib.

Xam neftin qiyməti son vaxtlar yüksəldiyi pik səviyyələrdən aşağı düşsə də, neft emalındakı məhdudiyyətlər qlobal problem olaraq qalır. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, bu problemin böyük hissəsi Fars körfəzində cəmləşib.

Agentlik bildirib ki, İranın neft emalı zavodlarına hücumları və Hörmüz boğazında dəniz nəqliyyatının pozulması istehsalı kəskin azaldıb.

"2025-ci ildə Yaxın Şərq istehsalçıları gündə 3.3 milyon barel neft məhsulu ixrac edirdilər. Münaqişə başlayandan isə gündəlik 3 milyon barelədək emal gücü əlçatmaz olub", – BEA sentyabrın 21-də bildirib.

Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları da dünyada dizel qıtlığını daha da dərinləşib. Kreml dizel ixracına qadağa qoymalı olub.

"Dünyadakı neft emalı zavodları artıq tam gücü ilə işləyir. Bu isə qarşıdakı aylarda tədarükün daha da azalmasını və qiymətlərin yüksəlməsini önləmək üçün çox az variantın qalması deməkdir", – BEA xəbərdarlıq edib.

​
XS
SM
MD
LG