Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:26

Bakıda köçkünlərin yataqxanasında yanğın [video]


Bu gün, iyunun 7-si günorta saatlarında Bakının Yasamal rayonundakı Şərifzadə küçəsində məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın baş verib. Yanğın bir saatdan artıq davam edib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını nəzarət altına ala biliblər.

Hadisə yerinə Səhiyyə Nazirliyinin təcili tibbi yardım briqadaları da cəlb olunub.

Sakinlərin AzadlıqRadiosuna bildirdiyinə görə, yanğın binaya bitişik tikilidə - köşkdə başlayıb. Yanğınsöndürənlər gələnədək alov yuxarı mərtəbələrə də keçib.

«Yanğın lap qısa vaxtda başladı. İnsanlar xəbər tutub toplaşanadək alov bir neçə mərtəbəyə yayıldı», - deyən sakinlər 20-yə yaxın məcburi köçkün ailəsinin yaşayış sahəsinin yandığını bildiriblər.

Onlar sözügedən ərazidə məskunlaşmanın çox sıx olmasından gileylənərək, bunun yanğının qarşısının alınmasına da təsir etdiyini bildiriblər.

«Maşınlar bura daxil ola bilmirdilər, qalmışdılar kənarda», - binada məskunlaşanlar yaşayış şəraitinin dözülməz olduğunu, elektrik xətlərinin nəzarətsiz çəkildiyini, bunun da tez-tez qısaqapanmaya səbəb olduğunu bildiriblər. Onların deməsinə görə, sözügedən yataqxanada bundan əvvəllər də dəfələrlə yanğın baş verib.

Sakinlər yanğın zamanı yaralananların, xəsarət alanların olduğunu bildiriblər. Onların deməsinə görə, yanğın başlayan zaman özünü ikinci mərtəbədən atan da olub.

Köçkünlər deyiblər ki, 24 ildir bu yataqxanada məskunlaşıblar.

KÖÇKÜNLƏR Ə.HƏSƏNOVU FİTLƏ QARŞILAYIB

Ancaq Yasamal rayon İcra Hakimiyyətinin (İH) hadisə yerində olan nümayəndələri ciddi xəsarət alanların olmadığını, yalnız bir nəfərin tüstüdən zəhərləndiyinə görə xəstəxanaya aparıldığını bildiriblər.

İH təmsilçisi mənzilsiz qalan məcburi köçkünlərin yerləşdirilməsindən ötrü gərəkli tədbirlərin görüldüyünü də bildiriblər. Onlar deyiblər ki, yanğın 10-dan çox köçkün ailəsinin məskunlaşdığı hissəni əhatə edib.

Yanğın tam nəzarətə alındıqdan sonra hadisə yerinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da gəlib.

Məcburi köçkünlər komitə sədrini fit sədaları ilə qarşılayıblar. Ə.Həsənovun fit çalan gənclərə aqressiv reaksiya verməsi onun ətrafına toplaşan köçkünlərin narazılığı ilə qarşılaşıb. Ancaq onları sakitləşdirmək mümkün olub.

«Mən bura ona görə gəlmişəm ki, problemlərdən narahatam», - deyən Ə.Həsənov bəzi məcburi köçkünlərin problemlərini dinləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG