Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Yataqxanada yaşayanlar oradan çıxarılır


Sumqayıtdakı yataqxanada yanğın [Video]
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Sumqayıtdakı yataqxanada yanğın [Video. Arxiv]

Azərbaycanda bir sıra aztəminatlı ailələr var ki, evi olmadığına görə uzun illərdir yataqxanalarda yaşayırlar. İndi həmin adamların yataqxanalardan çıxarılması prosesi başlayıb. Sumqayıtda məhkəmələrdə bununla bağlı iddialar qaldırılır.

Məsələn, Sumqayıt Dövlət Universiteti öz balansındakı yataqxanada yaşayan ana-balanı çıxarmaqdan ötrü məhkəmədə iddia qaldırıb. Tələbini də belə əsaslandırıb ki, Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən 1 saylı yataqxanadan illərdir istifadə edə bilmirlər: «Çünki orada yerləşən mənzilləri ora hüququ olmayan adamlar zəbt edib. Yataqxananın 43 saylı otağını da Səmayə Osmanova və oğlu Tehran Qurbanov 2008-ci ildən tutub, qanunsuz istifadə edirlər. Bununla da həmin mənzilə olan istifadə və sahiblik hüququnu pozurlar. Dəfələrlə onlardan mənzili boşaltmaq tələb olunub, amma çıxmayıblar. Deyirlər ki, yaşamağa yerləri yoxdur».

Universitet haqlı sayılıb

Sumqayıt şəhər Məhkəməsi ana və oğlunun yataqxanadan çıxarılması barədə qərar çıxarıb. S.Osmanova bu qərardan apellyasiya şikayəti verib. Yanvarın 31-də Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətinə baxıb.

S.Osmanova deyir ki, oğlu ilə birlikdə 2008-ci ildən orada yaşayır. Yataqxanadakı otağı da vaxtilə orada məskunlaşmış məcburi köçkündən 7000 manata alıb. Amma otağı tutmaq üçün ona heç bir sənəd verilməyib. Bu üzdən Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata alınıb: «2008-ci ildən bu yana o otaqda yaşamışıq, işıq sayğacı mənim adıma rəsmiləşdirilib. Kommunal xərcləri ödəmişik. Bu müddətdə nə universitet rəhbərliyi, nə də yataqxananın komendantı bizə irad bildirib. Halbuki, bizim orada yaşamağımızdan yataqxananın komendantının da xəbəri olub».

S.Osmanova onu da bildirib ki, apellyasiya şikayəti verəndən sonra universitet rəhbərliyi və Sumqayıt şəhər İcra Hakimiyyəti birlikdə onları həmin otaqdan çıxarıb.

Sumqayıt Dövlət Universitetinin nümayəndəsi Əminə Həsənova da onların mübahisəli mənzildən çıxarılmasını təsdiqləyib. Nümayəndənin sözlərinə görə, həmin yataqxana Sumqayıtda yaşayış yeri olmayan tələbələr üçün nəzərdə tutulsa da, məlum hadisələrlə əlaqədar uzun müddət orada məcburi köçkünlər yaşayıb. Məcburi köçkünlər üçün binalar tikiləndən sonra oradan çıxarılıblar:


«Məcburi köçkün olmayan bir neçə ailə, o cümlədən Səmayə Osmanova və oğlu yataqxananı tərk etmirlər. Bu da yataqxananın təyinatı üzrə istifadəsinə maneçilik yaradır».

Sumqayıt Apellyasiya Məhkəməsi də universiteti haqlı sayıb, apellyasiya şikayətini təmin etməyib.

Başqa bir ailənin şikayəti təmin olunub

Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi isə 2014-cü ildən 9 saylı yataqxananın 55-ci mənzilində qeydiyyatda olan Vüsalə Pirəlizadə və qızı Ümrənin çıxarılmasından ötrü məhkəməyə üz tutub. İddia olunur ki, adları çəkilən ana və qızı hazırda başqa yerdə yaşayır.

V.Pirəlizadə isə deyir ki, yalandır, övladı ilə birlikdə elə yataqxanada yaşayır. Onun sözlərinə görə, bir müddət öncə qızı Ümrə allergiya və su çiçəyi xəstəliyindən əziyyət çəkdiyindən valideynlərinin yanına getmişdi: «Bu üzdən bir müddət evə gec gəlirdim, bəzən heç gəlmirdim. Həmin ərəfədə gəlib, bizi orada yaşamayan kimi qeyd ediblər. Halbuki, orada yaşayırıq, bütün əmlaklarımız da oradadır».

Sumqayıt şəhər Məhkəməsi V.Pirəlizadə və qızının yataqxanadan çıxarılması haqda qərar qəbul edib. O, qərardan apellyasiya şikayəti verib.

V.Pirəlizadənin sözlərinə görə, birinci instansiya məhkəməsi onun iştirakı olmadan bu işə baxıb, əleyhinə qərar çıxarıb.

İş materialları arasında 24 dekabr 2019-cu ildə tərtib olunmuş akt var. O aktı 12 saylı Mənzil-Kommunal İstismar Sahəsinin sahə ustası və qonşular tərtib edib, imzalayıb. Təsdiqləyiblər ki, adıçəkilən ana və qızı hazırda da yataqxanada yaşayır.

Sumqayıt Apellyasiya Məhkəməsi yanvarın 30-da bu məsələyə baxıb. V.Pirəlizadə və qızının yataqxanadan çıxarılması haqda qərar ləğv olunub.

9 saylı yataqxana əvvəl Dövlət Neft Şirkətinin «Azərkimya» İstehsalat Birliyinin zavodunun balansında olub. 2010-cu ildən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilib.

N.Səfərov
N.Səfərov

Hüquqşünas nə deyir

Hüquqşünas Namizəd Səfərov da yataqxanalardan təyinatı üzrə istifadə olunmasının tərəfdarıdır. Hesab edir ki, dövlət yataqxanalarda məskunlaşan şəxslərin yaşayış yeri problemini çözməli, bu tikililər isə sahiblərinə qaytarılmalıdır: «Sovet dövründən yataqxanalar tələbələr və müxtəlif müəssisələrin əməkçiləri üçün nəzərdə tutulmuşdu. Qaçqın və məcburi köçkünlərin kütləvi axını zamanı yataqxanalar tutuldu. Məcburi köçkünlərin bir hissəsi evlə təmin olunsa da, hələ də yataqxanalarda yaşayan xeyli məcburi köçkün var. Ayrılan milyardlarla vəsaitə baxmayaraq, 25-30 il ərzində bu problemin həll olunmaması hökumətin günahıdır».

Hüquqşünas deyir ki, yataqxanalardan təyinatı üzrə istifadə olunmaması həm də vətəndaşların özlərinə ziyandır. Yada salır ki, bölgələrdən Bakı, Sumqayıt kimi şəhərlərə ali təhsil almağa minlərlə gənc gəlir və onların əksəriyyəti özünə yaşayış yeri tapmaqda əziyyət çəkir:


«Həmin gənclər, onların valideynləri bilmir ki, təhsil haqqını ödəsinlər, yoxsa kirayə pulunu. Bakının ucqarında belə, 100-150 manatdan ucuz kirayə ev tapmaq mümkün deyil. Mən özüm də vaxtilə yataqxanada qalmışam. Yataqxana yaşayışdan əlavə, həm də ucuz qidalanma, tələbələrin birlikdə fikir mübadiləsi aparması baxımından da faydalıdır. Yataqxanalar boşaldılıb sahiblərinə - universitetlərə, müəssisələrə qaytarılmalıdır. Çox təəssüf ki, yataqxanaların bir çoxunu söküb, yerini də bina tikən sahibkarlara satırlar».

N.Səfərov, hüquqşünas kimi, təcrübəsində yataqxanalarda məskunlaşanların sui-istifadəsi hallarıyla qarşılaşdığını da deyir. Onun sözlərinə görə, vaxtilə yataqxanada məskunlaşmış məcburi köçkünlərin başqa yerə köçərkən qaldığı yeri satması, yaxud kirayə verməsi hallarına dəfələrlə rast gəlib: «Amma dövlət bu məsələləri asanlıqla araşdıra bilər. Şəxsin başqa yaşayış yeri varsa, məsələ aydındır. Hətta yoxdursa, bu halda da dövlət yataqxanalardakı vətəndaşları yaşayış yeri ilə təmin eləməli, yataqxananı boşaltmalıdır ki, təyinatı üzrə istifadə olunsun».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG