Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:50

Hasarları uçurtdular, bir ev söküb getdilər


Ekskavator
Ekskavator

«Əvvəl insanları ədəb-ərkanla köçürərlər, sonra iş görərlər. Qəfil ağaclıqlardan buldozerlərlə, traktorlarla hasarlara hücum çəkmək nə idi... Hasarlarımız ağır texnikaların altında qaldı, özümüzü döydülər, gəncləri yığıb 29-cu polis bölməsinə apardılar».

Bunu AzadlıqRadiosuna Yasamal rayonu, Ümid Əkbərov küçəsinin sakinləri deyir.

«DAĞIDA-DAĞIDA GEDİRLƏR»

Avqustun 9-dan bu küçədəki həyətyanı sahələrin hasarları ağır texnikalarla dağıdılır. Səbəb də ərazidən su və kanalizasiya xətlərinin çəkilməsi göstərilir. Küçə sakini Lətifə Əliyeva deyir, əraziyə gələnlərin hasarları dağıtmasına və ağacları qırmasına müqavimət göstərən sakinlər döyülüb. Onun özünü necə yerə yıxıblarsa, huşunu itirib və təcili yardım çağırılıb:

***Buna da bax-3.5 milyonluq əmlaka 500 min kompensasiya təklifi

«Deyirlər, «evlərinizin sənədi yoxdur, sizə kompensasiya düşmür, lazım olsa, evlərinizi də uçurdacağıq». Nə məhkəmə qərarı var, nə bir şey... Dağıda-dağıda gedirlər. Ayın 9-da burda, az qala, qan su yerinə gedirdi. Adamları basıb döydülər, polisə apardılar. Qadın, gəlin demədilər, təhqirin biri bir qəpikdən yağdırdılar, itələdilər, yıxdılar yerə qocanı, uşağı...».

Sakinlərin iddiasına görə, ərazidə xeyli yaşıllıq məhv edilib. Əsas qarşıdurma da ağacların kəsilməsi və hasarların dağıdılması zamanı baş verib. Hətta bir ev yerli dibli sökülüb. Şahmar Əliyev AzadlıqRadiosuna deyir ki, bir müddət əvvəl ərazidən aldığı torpaq sahəsini də sökülən evin sahibinə veriblər:

***Buna da bax-Köçkünlər: 'Əli Həsənov nəcis anbarına çevrilən zirzəmini görmədi...'

«Adamın evini söküblər, sonra da deyiblər, «get, evini onun torpağında tik, icazə veririk». Halbuki, o torpağı mən almışam. Mənim sənədli torpağımı öz dədə torpaqları kimi evini sökdükləri adama bağışlayıblar. Ortada bizi bir-birimizə qarşı qoyublar. İndi o da deyir, «neyləyim, sənin torpağını mənə veriblər». Belə də özbaşınalıq olar?».

«NƏ KOMPENSASİYA VAR, NƏ EV»

Ərazidə yaşayan Mustafayevlər ailəsinin isə gözü qapıdadır. Ailəyə yaxın bir neçə gündə evin söküləcəyini bildiriblər. Zaur Mustafayev deyir, ağır texnikalar istənilən anda qapıda peyda ola bilər:

***Buna da bax-Evləri dağılanlar daş-kəsək arasında gecələyir

«Deyirlər, «burdan kanalizasiya xətti keçəcək, bu ev mütləq sökülməlidir». Ancaq bu boyda ailə hara sığınacaq, onu deyən yoxdur. Nə kompensasiya var, nə ev... Deyirlər, tikililər sənədsizdir, halbuki, bu tikililərə icra başçısı səviyyəsində razılıq verilib, hamı Azərbaycanda evin sənədləşdirilməsinin evin tikintisindən baha başa gəldiyini yaxşı bilir. Hamı bilir ki, kasıb evi zorla tikib içinə sığınır, ölkədə mülkiyyət sənədi almaq, mülkü sənədləşdirmək qədər çətin, süründürmə iş yoxdur. Ona görə də məmurlar arxayındır ki, hansı qapını döysələr, sənədi yoxdur və rahat sökə bilərlər».

«ƏRAZİ DÖVLƏT LAYİHƏSİNƏ DÜŞÜR»

Buradakı evlər azı 20-25 ildir tikilib. Sakinlər bu ərazidəki tikililəri sənədləşdirmək üçün aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq süründürməçiliyə məruz qaldıqlarını bildirirlər.

Yasamal Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan ərazidə «Azərsu» ASC kanalizasiya və su xətləri çəkir:

«Ərazi dövlət layihəsinə düşüb, evlər sənədsiz və qanunsuz tikililərdir. Bəzi evlər, bəzi evlərinsə həyətyanı sahəsi və hasarları xətlərin mühafizə zolağına düşür. Bununla bağlı sakinlərlə həm icra hakimiyyətinin, həm də «Azərsu» ASC-nin nümayəndələri dəfələrlə söhbətlər aparıb. Sakinlər dövlət layihəsinin icrasına konkret mane olurlar».

Qurumdan o da bildirilib ki, ərazi zəbt olunduğundan və tikililər qanunsuz olduğundan kompensasiya nəzərdə tutulmayıb.

XS
SM
MD
LG