Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 15:49

Tanınmış yazıçıların yarımçıq qalmış 10 əsəri


Çarlz Dikkens. "Edvin Drudun sirri"
Çarlz Dikkens. "Edvin Drudun sirri"

Bəzən yazıçılar ölür və onların tamamlanmamış əsərləri qalır. Bəzən bu hekayələr unudulur və ya məhv olur. Ancaq bəzən onlar tapılaraq çap edilir. "Amreading" saytı həyatda olmayan yazıçıların çap olunmuş yarımçıq işlərinin siyahısını tərtib edib.

1. Çarlz Dikkens. "Edvin Drudun sirri"

Çarlz Dikkensin sonuncu (və yarımçıq qalmış) romanı olan bu əsərdə Edvin Drudun dayısı Con Casperin hekayəsi nəql edilir. Con Casper xor rəhbəri və tiryək aludəçisidir. Özü də Drudun nişanlısına aşiqdir. Dikkensin ölümündən sonra bir neçə müəllif bu romanı bitirməyə cəhd edib. Hətta onlardan biri Dikkensin ruhu ilə ünsiyyətdə olduğunu da iddia edib.

2. Vladimir Nabokov. "Lauranın əsli"

Nabokov ən çox 1955-ci ildə yazdığı "Lolita" romanı ilə tanınır. O, ölümündən sonra yarımçıq qalan bütün işlərinin məhv edilməsini tapşırıb. Ancaq yazıçının oğlu Dmitri atasının vəsiyyətinin bu hissəsinə əhəmiyyət verməyərək 2009-cu ildə bu yarımçıq əlyazmasını çap etdirib.

Frensis Skott Fitscerald
Frensis Skott Fitscerald

3. Frensis Skott Fitscerald. "Sonuncu Maqnat"

Daha çox "Böyük Qetsbi" romanı ilə tanınan yazıçının bu əsəri Hollivudda yüksələn karyera quran Monro Star adlı kişinin hekayəsini nəql edir. Fitsceraldın dostu və həmkarı Edmund Uilson yazıçının ölümündən sonra qalan materialı toplayaraq nəşr olunmaq üçün redaktə edib.

4. Mark Tven. "Sirli naməlum şəxs"

Bu əsər Tvenin əxlaq və bəşər övladı haqda fikirlərini əks etdirir. O bu roman üzərində 1897 – 1908-ci illər arasında fasilələrlə və hissə-hissə çalışıb. Ölümündən sonra onun yarımçıq işləri Albert Biqlo Peynə qalıb. "Sirli naməlum şəxs"i də o nəşr etdirib. Ancaq sonradan Peynin ədəbi dələduzluğa yol verdiyi aşkar edilib. Peyn əlyazmasının fərqli versiyalarını bir-birinə qarışdıraraq özündən hissələr əlavə edib və bunu Tvenin işi kimi qələmə verib.

5. Robert Lüis Stivenson. "Uir Hermiston"

"Dəfinələr adası" romanının müəllifi Stivensonun yaradıcılığı çox zəngindir. Ancaq buna baxmayaraq bəziləri düşünür ki, tamamlanmamış "Uir Hermiston" romanı onun şah əsəri ola bilərdi.

Ernest Heminquey
Ernest Heminquey

6. Ernest Heminquey. "Cənnət bağları"

Heminquey bu romanın üzərində 15 il çalışıb. Bu müddət ərzində yazıçı "Qoca və dəniz" və "Okeanda adalar" kimi digər əsərlərini çap etdirib. Müəllifin ölümündən sonra "Cənnət bağları"nın qalan əlyazmasında kəskin dəyişikliklər edilib. Nəticədə 1986-cı ildə çap olunan ziddiyyətli versiya meydana gəlib.

7. Devid Foster Uolles. "Solğun kral"

Əsər Uollesin 2008-ci ildə intihar etməsindən sonra onun kompüterində tapılıb. Roman redaktə üçün yazarın dostu, redaktor Maykl Pitçə verilib. Bu əsəri qısa xülasədə nəql etmək çətindir. Əsərdə Devid Uolles adlı personaj var.

8. Frants Kafka. "Qəsr"

Roman sadəcə K kimi tanınan kişi haqdadır. K kəndi qəsrdən idarə edən rəsmilərlə əlaqə qurmağa çalışır. Bir çoxları bu əsərin insanları dinləməyən hökumətlər, yadlaşma və qeyri-mümkün məqsədlərə çatmaq haqda olduğunu düşünür. Kafka dostu Maks Broda ölümündən sonra bütün yarımçıq romanlarını məhv etməyi tapşırsa da, Brod bu romanı çap etdirib.

9. Klayv Steyplz Lüis. " Qaranlıq qala"

Lüisşünaslar bu əsərin həqiqiliyini sorğulayıblar. Deyilənə görə, Lüisin ədəbi icraçısı bu əsəri yazıçının əsərlərinin yandırıldığı alovdan xilas edib. Əsər 1977-ci ildə çap edilib.

10. Edqar Allan Po. "Culius Rodmenin gündəliyi"

Bu silsilə roman Ponun redaktoru olduğu "Burton's Gentleman's Magazine" jurnalında hissə-hissə dərc edilirmiş. Ancaq Po işdən qovulduğuna görə romanı bitirməkdən imtina edib. İlk dəfə çap olunanda bir çox oxucular onun həqiqi hekayə olduğunu düşünürmüş.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG