Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 22:43

Polis şöbəsində ölüm, yaxınları ona işgəncə olduğunu deyir


Meyit üzərində işgəncə izləri
Meyit üzərində işgəncə izləri

İyunun 1-də Yardımlı rayon sakini Rövşən Əliyev narkotik vasitələrin alqı-satqısında şübhəli şəxs kimi rayon polis şöbəsinə gətirilib və orada ölüb.

Mərhumun qardaşı Rasim Əliyev iddia edir ki, polis şöbəsində ona işgəncə veriblər: "Axşam saatlarında bankomatdan pul götürüb, avtovağzala gedib borcunu verməyə. Onu orda polislər tutub, şöbəyə aparıblar. Mənim bir qardaşım orada olub. Buna etiraz olaraq Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun qaynar xətlərinə müraciət etdim".

"Meyitin üstündə işgəncə yerləri aydın görünür"

Rasım Əliyevin qeyd etməsinə görə, təxminən iki saatdan sonra onlara bildirdilər ki, polis şöbəsinə təcilli yardım gedib: "Sonra məlumat gəldi ki, Rövşən polis şöbəsində ölüb. Ona polisdə işgəncə veriblər. Videosu, şəkilləri var. Meyitin üstündə işgəncə yerləri aydın görünür. İndiyə kimi bizə heç nə demirlər. Rayon prokurorluğundan bildirdilər ki, ekspertizanın rəyi gələndən sonra iş açılacaq".

Rasim Əliyev qardaşının narkotik aludəçisi olduğunu da bildirir: "Amma bu, kiməsə işgəncə verməyə əsas vermir. Birinci Qarabağ müharibəsinin iştirakçısı idi, 80 manat veteran pulu alırdı, heç yerdə işləmirdi. İki uşağı var. Sakit bir həyat yaşayırdı. Söhbət haqdan, ədalətdən gedir. Biz şikayətimizi davam etdirəcəyik".

DİN: "Xəsarətlər döyülmə əlaməti deyil"

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Turan"a bildirib ki, ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış olub: "Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yardımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin səyinə baxmayaraq, ürəktutmadan vəfat edib. İlkin xarici müayinə zamanı meyit üzərində həyat üçün təhlükəli olan hər hansı zədələnmələr müşahidə olunmayıb. Lakin bu gün bəzi sosial şəbəkə istifadəçiləri mərhumun fotosunu yayaraq guya onun fiziki işgəncələr nəticəsində öldüyünü iddia edirlər".

Elşad Hacıyevin sözlərinə görə, ölən şəxsin meyiti üzərində olan xəsarətlər döyülmə əlaməti deyil: "Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər. Məqsədli olaraq yayılan fotolardan aydın görünür ki, meyit üzərində həyat üçün təhlükəli olan xəsarətlər yoxdur, yəni bu, ölümə səbəb olan hal deyil".

Məsələ ilə əlaqədar Respublika Baş Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG