Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Yardımı kəsilən ailə başçısı prezidentə yazır: ‘Bayram pulu...’


Səadət Rəhimova
Səadət Rəhimova

İmişli şəhərinin Xiyabani küçəsindəki 7 saylı evdə yaşayan Səadət Rəhimova deməsinə görə, ötən ilin oktyabrından bəri dövlət idarələrinin qapısını döyməkdə, ünvanlarına məktub yollamaqdadır. O, bildirir ki, ailəsinə təyin olunmuş sosial yardım ötən ilin oktyabrında qəfil dayandırılıb. Qadın bunun səbəbini uzun müddət öyrənə bilmədiyini vurğulayır:

“Əvvəlki vaxtlarda pulun karta köçürülməyində gecikmə, hətta 2 ayın bir yerdə verilməsi halı olmuşdu. Ona görə ilk vaxtlar yardımın sosial müdafiə orqanının qərarı ilə kəsilməyini bilməmişəm. Tərs kimi bu müddətdə yardım almaq üçün müraciət ərizəmdə qeyd etdiyim telefon nömrəsi sıradan çıxmışdı. Hara gedirdimsə, məndən o nömrəni istəyirdilər. Dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində olmuşam. Amma mənə nə yardımın dayandırılma səbəbi deyilib, nə də onun bərpa edilmə yolu izah edilib.”

Orta məktəbdə yarım ştatlıq xadimə işi

Deməsinə görə, çoxsaylı müraciətlərdən sonra S. Rəhimovaya şifahi olaraq bildirilib ki, yardım orta məktəbdə yarım ştatlıq xadimə işinə düzəlməyi səbəbindən kəsilib. Eyni zamanda qeyd etməsinə görə, o da deyilib ki, növbəti bir il ərzində yardım almaqla bağlı müraciət etmək hüququnu itirib. Vətəndaş bu qərarı ədalətsiz hesab edir:

“Ailəmizə təyin edilmiş yardımın məbləği əvvəlcədən düzgün hesablanmayıb. Belə ki, 2018-ci ildə bir nəfərin ehtiyac meyarı 130 manat təşkil edib. Mənim ailəm 6 nəfərdən ibarətdir: 5 uşaq, bir də özüm. 130 manatı, 6-ya vuranda 780 manat edir. Həmin məbləğdən ruhi xəstə olan qızıma sosial müavinət kimi ödənilən 80 manatı çıxanda, yerdə 700 manat qalır. Lakin bizə 249 manat yardım yazılmışdı. Bu pul dolanışacaq üçün yetərli olmadığından sonradan 75 manat maaşla xadimə işləməyə məcbur olmuşam. Bu barədə məlumat vermək lazım olduğunu bilməmişəm. Gəlirimiz 249 manatı ötməyib ki, yardımı tam dayandırıblar...”

“Bələk pulu”na görə yardım kəsilib?

İmişli rayonunun Çaxırlı kəndində yaşayan Nizam Mahmudov da bildirir ki, ailələrinə təyin edilən ünvanlı dövlət sosial yardımının vaxtından əvvəl dayandırılmağına səbəb “ailənin tərkibində dəyişiklik və yeni gəlirlər barədə zəruri məlumatın verilməməsi” göstərilib:

“Yardım üçün müraciət edəndə ailəm 3 nəfərdən ibarət idi: mən, həyat yoldaşım və bir uşaq. Yardım aldığım dövrdə ikinci uşaq doğuldu. Buna görə biz 98 manat “bələk pulu” aldıq. Demə bu barədə məlumat vermək lazım imiş. Bunu əldə əsas tutub yardımı kəsiblər. Sənədləri hazırlayıb yenidən müraciət edəndə, dedilər 1 il cəzalısan. Bu qanunu qəbul edənlər yaxşı olardı ki, 1 il müddətində uşaqları qidasız, müalicəsiz, geyimsiz, bir sözlə, pulsuz saxlamağın yolunu da göstərəydilər. Həmin deputatlar deyilmi ki, özləri ayda 2 min manatla dolana bilmədiklərindən şikayətlənirdilər?”

“Təzə nazir gələndən sonra xeyli sayda adamın yardımı kəsililib”

Azad Mehdiyev
Azad Mehdiyev

İmişli şəhər sakini Azad Mehdiyev isə bildirir ki, 2017-ci ildə ailəsinə təyin edilən 124 manat 25 qəpik məbləğindəki ünvanlı dövlət sosial yardımı “adına nəqliyyat vasitəsi aşkaqrlandığına görə” dayandırılıb. Vətəndaş isə iddia edir ki, yardım aldığı dövrdə mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsi olmayıb, indi də yoxdur:

“Mən İmişli Regional Ədliyyə İdarəsinə gedib, dövlət reyestrindən çıxarış da almışam. Dövlət qeydiyyatında adıma avtomobil yoxdursa, sosial təminat orqanı bu məlumatı haradan öyrənib? Təzə nazir gələndən sonra xeyli sayda adamın yardımı kəsililib. Bəziləri heç maraqlanmayıb, bilməyirlər səbəb nədir. Savadı olmayan adamlar yardımın bərpası ilə bağlı hara, necə müraciət etməyi də bilmir. Tətbiq edilən 1 illik cəza isə yeni müraciətlərə baxılmağını əngəlləyir.”

İqtisadçı: “Yoxsulluq səviyyəsi aşağı düşməsə də, yardım alanların sayında kəskin azalma var”

Dövlət Statistika Komitəsi-nin məlumatına görə, Azərbaycanda yoxsulluq səviyyəsi 2005-ci ildə 29,3 faiz olub. 2012-ci ildən başlayaraq bu səviyyə 5-6 faiz aralığında dəyişməkdədir. Hökumət təmsilçiləri buna uğurlu sosial siyasətlə nail olduqlarını, Azərbaycanı dünyada yoxsulluq səviyyəsi aşağı olan ölkələr sırasına çıxardıqlarını iddia edirlər. Lakin müstəqil iqtisadçı Qalib Toğrul yoxsulluq səviyyəsini müəyyən edən alətlərin düzgün seçilmədiyini, aztəminatlı ailələrin sosial müdafiəsinin lazımınca təşkil olunmadığını iddia edir:

Qalib Toğrul, 16 fevral 2012
Qalib Toğrul, 16 fevral 2012

“ İndi sosial müavinət alaqmların sayı 40 minə düşüb. Təkcə son bir ildə bu sayda iki dəfədən çox azalma var. O ailələr yoxsulluqdan çıxmayıb, sadəcə hökumət müxtəlif məhdudiyyətlər tətbiq etməklə sosial müdafiədən imtina edir. Bundan başqa, ünvanlı sosial yardımın məbləğinə görə müəyyən edilən “ehtiyac meyarı həddi” “yaşayış minimumu”ndan aşağıdır. Deməli, bu yardım insanların heç minimum səviyyədə yaşayışnı təmin etmir. Ümumiyyətlə, bu proqram yoxsulları yoxsulluqdan çıxara bilməz. Bu, sanki xəstə doğulmuş uşağı süni nəfəs aparatına qoşub, onu müvəqqəti olaraq həyatda saxlamaqdır. Yoxsul ailələrin yardımdan asılılığını azaltmaq üçün səmərəli məşğulluq, sosial reabilitasiya imkanları yaradılmalıdır. Amma hökumət “Özünəməşğulluq” proqramını çox gec, həm də səriştəsiz tətbiq etdi. Yoxsul ailələrin bəzilərinə bir neçə baş inək, ya qoyun, yaxud əşya və dəzgah verməklə işini bitmiş hesab edir. Bunun davamı olaraq həmin ailələrə kiçik məbləğli qrantlar ayrılmalı, güzəştli şərtlərlə kreditlər verilməlidir.”

Ziddiyyət

Vazeh Zahidov
Vazeh Zahidov

Hüquqşünas Vazeh Zahidov aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyin edilməsi və verilməsində problemlərin bir qisminin qanunvericilikdən irəli gəldiyini deyir:

“Bu yardımı almağa qoyulan məhdudiyyətlər o qədər çoxdur ki, ehtiyacı olan xeyli sayda ailə sosial müdafiədən kənarda qalır. Bundan başqa, gəliri ehtiyac meyarı həddindən aşağı olan ailələrə verilən yardımın dayandırılmasına səbəb olan hallar var. “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 10-cu maddəsinə görə, ailənin tərkibi və ya gəlirləri dəyişdikdə, sosial yardımın verilməsi dayandırılır və bu hüquqa yenidən baxılır. Halbuki, belə dəyişiklik heç də bütün hallarda yardımın dayandırılmasına səbəb omamalıdır. Məsələn, ailə üzvlərindən birinin vəfat etməyi yardım məbləğinin azalmağına təsir edə bilər, amma yeni uşağın doğulması yox.”

Hüquqşünas dediklərinə əlavə edir ki, ailə tərkibindəki dəyişiklik və yeni gəlirin yaranması barədə məlumatın 7 gün ərzində aidiyyatı dövlət orqanına verilməməyinə görə cazalandırma aztəminatlı ailəyə insafsız yanaşmadır

“Məsələyə qanunun formal mənasından yanaşıldıqda, xadimə vəzifəsini tutmağı, yaxud yeni uşağın doğulmağını bildirməməyə görə yardımın kəsilməyində pozuntu yoxdur. Amma bu, hüququn ümumi prinsipləri, eləcə də Konstitusiyada təsbit ounmuş “vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”, “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır” müddəaları iləziddiyyət təşkil edir.”

"Sosial müdafiə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur.”

Sahil Babayev
Sahil Babayev

Bütün bu deyilənlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi-ndən münasibət almaq mümkün olmayıb. Amma bu günlər, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu məsələlərə dolayısı da olsa toxunub. O, bildirib ki, 2018-ci ilin dekabrın sonlarında bu proqram 172 min üzvü olan 42 895 ailəni əhatə edib, yardımın orta aylıq məbləği 189 manat olub. Ötən il ünvanlı dövlət sosial yardımı təyinatı ilə 104 milyon manat xərcləndiyini deyən nazir, büdcə vəsaitinə qənaət etdiklərini vurğulayıb:

“Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib.”

Məşğulluq...

Üstəlik, bütün hallarda rəsmi qurumlar əhalinin aztəminatlı təbəqəsinin dövlətin qayğısından kənarda qalması ilə bağlı fikirlərlə razılaşmırlar. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məşğulluq proqramından ətraflı bəhs edilib, özünüməşğulluğun geniş vüsət aldığı bildirilib. İclasda qeyd edilib ki, özünüməşğulluq proqramı il ərzində 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. Nəticədə 5000-dən çox ailə aktivlərlə təmin olunub və özlərinin kiçik ailə təsərrüfatlarını yaradıb.

Hətta “Azərbaycan” qəzeti-ndə dərc edilən “Məşğulluq probleminin həllinin daha bir uğurlu yolu” başlıqlı yazıda vurğulanmasına görə, prezident həmin iclasda özünüməşğulluq proqramının həyata keçirilməsinə dövlət dəstəyinin davam etdiyini bildirib.O, deyib ki, bu il ən azı 7 min ailə bu proqramdan faydalanacaq.

“Bayram günü balalarım şirinçay da içə bilmədi”

Foto illustrasiya,18 yanvar 2016
Foto illustrasiya,18 yanvar 2016

İmişlidə yaşayan Səadər Rəhimova ailəsinə təyin olunmuş yardımın vaxtından əvvəl dayandırılması hesabına büdcəyə qənaət olunmasına pis baxır. Vətəndaş Azərbaycan prezidntinə ünvanladığı məktubda yazır:

“Ötən ilin sonunda aztəminatlı ailələrə 100 manat məbləğində birdəfəlik yardım verilməsi barədə sərəncam imzaladınız. “Bayram pulu” büdcədə sosial yardım və müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş hissəsi hesabına maliyyələşdirildi. Bu humanist qərarın alt qatında çox böyük ədalətsizlik dayanır. Qənaət olunmuş həmin vəsait mənim və balalrımın hesabına yaranıb. Bizim evdə nəinki bayram süfrəsi açılmadı, balalarım heç şirinçay da içə bilmədi...”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG