Bakı sakini Yaqut Əliyeva deyir ki, karantinə qədər günəmuzd işləyib ailəni dolandırırdı.
İndi isə gəliri kəsilib, imkansız ailələrə verilən 190 manatlıq dövlət yardımı isə onlara düşmür:
“Sahil Babayev deyirdi ki, adambaşına 190 manat düşür. Amma bizə düşmür. Çünki bizim adımıza torpaq var. Amma biz heç ondan istifadə etmirik. Yoldaşım ikinci qrup əlildir. 130 manat pensiya alır. Bizə yardım düşmür”.
Yaqut Əliyeva deyir ki, indi üç nəfərlik ailə ayda 130 manatın ümidinə qalıb. Bu isə heç yeməyə də çatmır:
“Nə vaxt ki, dindar qardaşlar gəlir, onda bir toyuq gətirirlər yeyirik. Uşaq məndən yemək istəyir. Qalmışıq pis vəziyyətdə”.
Nazirlər Kabinetinin qərarına görə, bir sıra şəxslərə, o cümlədən, dövlətdən aylıq müavinət alanlara və adına pay torpağı olanlara birdəfəlik yardım düşmür.
Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev aprelin 7-də bildirib ki, bu ailələr artıq dövlətdən sosial yardım almış hesab olunur.
Vergi hamıdan alınır, amma yardımı ailəyə verirlər
İqtisadçı alim Qubad İbadoğlu isə bu yanaşma ilə razı deyil:
“Əslində, bu, ədalətsizlikdir. Çünki ər və arvad ayrıca cərimə ödəyir və vergi verir, amma yardım verəndə ailə məsələsini gündəmə gətirirlər. Düşünürəm ki, müavinətlər aşağıdır və pandemiya dövründə torpaq mülkiyyətindən də nə isə qazanmaq mümkün deyil”.
Qubad İbadoğlu isə deyir ki, reallıqda işsizlərin və yardıma ehtiyacı olanların sayı 1 milyon nəfərdən də çoxdur.
Aprelin 18-ə olan məlumata görə, dövlət artıq 200 min işsiz üçün birdəfəlik ödəmə edib.
Amma bugünlərdə prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və indi proqram 600 min şəxsi əhatə edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə AzadlıqRadiosuna deyib ki, bununla belə, Nazirlər Kabinetinin şərtlər siyahısında dəyişiklik yoxdur və Yaqut Əliyevanın ailəsi kimi dövlətdən sosial müavinət alan ailələrə 190 manatlıq yardım verilmir.