Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Yaraqlı, yoxsa şair? ABŞ 'Hizbullah' liderinin oğluna sanksiya qoyub


Cavad Nəsrullah
Cavad Nəsrullah

ABŞ Dövlət Departamentinin ötən həftə «beynəlxalq terrorçu» elan etdiyi Livanın «Hizbullah» liderinin ortancıl oğlu eyni zamanda həm şair, həm də musiqi həvəskarıdır. O, mühafizəçilərsiz gəzib-dolaşır. Onun qruplaşmadakı rolu müəmmayla doludur.

37 yaşlı Cavad Nəsrullahın dörd övladı var. O, 1992-ci ildən bəri qruplaşmanın lideri olmuş Həsən Nəsrullahın ikinci oğludur. Qeyd edək ki, «Hizbullah» İranın dəstəklədiyi şiə partiyasıdır.

Ötən həftə C.Nəsrullahı ««Hizbullah»ın doğmaqda olan ulduzu» adlandıran ABŞ Dövlət Departamenti vurğulayıb ki, o, İordan çayının Qərb Sahilində İsrailə qarşı terror hücumları gerçəkləşdirməyə insanları səfərbər edir, 2016-cı ildə bu ərazidə intihar hücumu və atışma təşkil etməyə çalışıb.

«Yemək almağa dükana gedir»

Sanksiyalar tətbiq olunan şəxslərin ABŞ yurisdiksiyasında aktivləri dondurulur və amerikalıların onlarla hər hansı biznes əlaqələri yasaqlanır.

Bu ay Tramp administrasiyası İrana neft və bank sanksiyalarını bərpa edib. ABŞ bu addımı İranın «Hizbullah» kimi silahlı qruplaşmaları dəstəkləməsi, Suriya münaqişəsində hərbi iştirakı və nüvə proqramı ilə əsaslandırıb.

Mayda ABŞ və onun Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn da daxil olmaqla, bəzi ərəb müttəfiqləri «Hizbullah»ın 10 əsas rəsmisinə sanksiya tətbiq edib. Onların arasında qrupun lideri Həsən Nəsrullah, onun müavini Naim Qasim, Haşim Səfiəddin, İbrahim Əl-Seyid, Hüseyn XəlilMəhəmməd Yazbek kimi aparıcı şəxslərinin adları var.

Seyid Həsən Nəsrullah
Seyid Həsən Nəsrullah

Ancaq C.Nəsrullahı tanıyan şəxslər Dövlət Departamentinin onun «Hizbullah» daxilindəki rolu ilə bağlı verdiyi təsvirlə razılaşmırlar. Beyrutun «Hizbullah»ın qalalarından sayılan cənub ətraflarının bir sakini Nəsrullahın qruplaşma daxilində heç bir yüksək vəzifəsi olmadığını deyir. Qrupla sıx əlaqələri olan, C.Nəsrullahla bir neçə dəfə görüşən bu şəxs onu sadə insan kimi təqdim edir. O, hətta deyir ki, Nəsrullahın qruplaşma liderinin oğlu olduğuna inanmaq belə çətindir.

«O, mühafizəçisiz gəzir və yemək almaq üçün dükanlara gedir. Təvazökarlığına və Seyid Həsən Nəsrullahın oğlu olduğuna görə insanlar ona hörmət edirlər», – Fox News-a anonimlik şərti ilə danışan bu şəxs deyib. Onun sözlərinə görə, qruplaşmanın bəzi başqa üzvlərindən fərqli olaraq, Cavad dində də mötədildir və musiqi dinləməyi sevir.

Poeziyanın müqavimət hərəkatında rolu

«Hizbullah», adətən, üzvlərinə sanksiyaları qeyri-effektiv adlandırır və onları partiyaya qarşı psixoloji təbliğatın bir hissəsi hesab edir. Fələstin Muxtariyyətinin aparıcı təhlükəsizlik rəsmilərindən biri mətbuata bildirib ki, «Hizbullah» 2005-ci ildə başa çatmış ikinci İntifadadan (fələstinlilərin İsrail işğalına üsyanı – tərc.) sonra Qərb Sahili və Qəzzada fəaliyyətini dayandırıb.

C.Nəsrullah bir çox ictimai tədbirlərə qatılır. 2007-ci ildə o, özünün «Müqavimət məktubları» adlı şeirlər kitabının imzalama mərasimində iştirak edib. Kitab müqavimət hərəkatında poeziyanın roluna həsr edilib. Kitabda İsrail işğalı ilə mübarizədə həyatını itirmiş insanlara, o cümlədən Cavadın böyük qardaşı Hadiyə ithaf olunmuş şeirlər yer alır. Hadi Nəsrullah 1997-ci ildə cənubi Livanda İsraillə mübarizədə həlak olub.

«Şükran» (Sağ ol) adlı bir şeirində o belə yazır: «Ən gözəl ata, mənə ilham, ata və komandan olduğun üçün sağ ol».

Eyni ildə bir yerli TV kanalına müsahibə verən Nəsrullah partiyadakı rolunun ayrıntılarını bölüşməkdən imtina edib. O, sadəcə, həyatını müqavimətə həsr etdiyini bildirib. Əlavə olaraq, musiqi və kinonu, o cümlədən komediya, tarixi və sənədli filmləri sevdiyini deyib.

Hesabı bağlanandan öncə bir müddət Twitter-də də olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG