Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:45

Energetika Nazirliyi: 'Qəzaların olmayacağına söz vermək də çətindir'


Montyor
Montyor

«Bir, ya iki gündə enerji sektorunda nəticə əldə etmək mümkün deyil», – son iki gündə elektrik stansiyalarında baş verən qəzalar haqqında AzadlıqRadiosuna danışan energetika nazirinin müşaviri, nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyir. Onun sözlərinə görə, qəza ilə bağlı daha dəqiq «Azərenerji» ASC məlumat verə bilər.

«Vəziyyət nəzarətdədir», – deyə bir neçə dəfə təkrarlayan müşavir qarşıdakı qış aylarında yayda baş verən qəzaların təkrarlanmaması üçün nazirliyin «Azərenerji» ASC, beynəlxalq qurumlarla birgə işlər gördüyünü qeyd edir:

«Problemlərin qısa vaxtda həllinə çalışırıq, amma haradasa kiçik stansiyada, yarımstansiyada transformatorda yanğın və ya qəza olursa, dərhal ağlımıza o gəlməməlidir ki, niyə bu baş verdi? Bu problemləri eyni vaxtda həll etmək mümkün deyil. Qəzaların, o cür hadisələrin (iyulun 3-də Mingəçevirdə baş verən qəzaları nəzərdə tutur – A.R.) olmayacağına söz vermək də çətindir. Amma vəziyyət ciddi nəzarətdədir. Hamı çalışır ki, məsuliyyətsizliyə, səhlənkarlığa yol verilməsin, infrastrukturun istismar müddətinə ciddi nəzarət edilsin. Qəzaların baş vermə səbəblərindən biri də infrastrukturun köhnəlməsidir. Bu istiqamətdə nəzarət çox ciddidir».

«Böyük islahatlar aparılır»

Beş aydır aparılan araşdırmadan sonra gəlinən qənaət nədir? Ölkənin elektrik enerji təchizatında başlıca problem haqda nə demək mümkündür?

«Hər bir stansiyada vəziyyət araşdırılır. Hər birində fərqli problem var. Bəzilərində infrastruktur köhnəlib, bəzilərində qoyuluş gücü ilə istehsal gücü arasında böyük fərq var. Görüləcək tədbirlər müəyyənləşdirilib. Reallaşdırılması yönündə işlər gedir», – Z.Əliyeva deyir.

Hökumətin ünvanına səsləndirilən tənqidlərlə bağlı Energetika Nazirliyinin rəsmisi enerji sektorunda böyük islahatlar aparıldığını bildirir. Onun sözlərinə görə, islahatlar infrastrukturun yenilənməsinə yönəlib.

Z.Əliyeva bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edildiyini, beynəlxalq təcrübənin öyrənildiyini də söyləyir. O, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, USAID-nin və Almaniya şirkətlərinin iştirakı ilə bir sıra layihələrə start verildiyini vurğulayır: «Alman şirkəti ilə «Azərenerji» ASC-nin balansında olan elektrik stansiyalarının auditinin aparılması, yoxlanılması nəzərdə tutulur. Məqsəd elektrik stansiyalarından hansında tədbirlər görülməsinə ehtiyac olduğunu araşdırmaqdır. Bu ilin aprel-iyul aylarında beynəlxalq məsləhətçi şirkətlər cəlb olunmaqla stansiyalarda araşdırma aparılıb və onun əsasında proqram hazırlanır. Bu proqram ölkədəki «generasiya güclərinin optimallaşdırılması və bərpası» adlanır. Bununla da generasiya gücləri artırılacaq».

Nazir müşavirinin sözlərinə görə, energetika sahəsində islahatlar aparmaq məqsədilə yeni qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Xatırlatma

Azərbaycanın enerji sektorunda son iki gündə iki qəza baş verib. Noyabrın 13-də Bakının Şüvəlan qəsəbəsində, bir gün sonra da Samux rayonunda elektrik stansiyasında yanğın olub.

«Azərenerji» ASC-dən birinci hadisə haqqında mətbuata deyilib ki, yanğın ehtiyat transformatorda olub: «Bu transformator aktiv deyil, elektrik xəttinə qoşulmayıb».

İkinci hadisə barəsində isə «sistem əhəmiyyətli» hadisə olmadığı bildirilib.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın AzadlıqRadiosuna söylədiyinə görə, son hadisələr enerji sistemini kökündən dəyişmək lazım olduğunu göstərir: «Bu, artıq modernizasiya məsələsi deyil».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG