Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:35

Yarım tonluq narkotik işi üzrə bəraət alıb


Heroin. Foto arxiv
Heroin. Foto arxiv

63-yaşlı Nəsrulla Abbasov yük maşını sürücüsüdür. Ömrünün 35 ilini beynəlxalq yükdaşımalarla məşğul olub. Sonuncu dəfə İrandan Polşaya göndərilən oda davamlı kərpic lövhəciklərdən ibarət yükü aparanda həbs olunub. Yarım tondan çox narkotik ticarətində suçlanaraq 2018-ci ilin mayında həbs olunan N.Abbasov 7 ay sonra azadlığa çıxsa da, haqqındakı cinayət işinin istintaqı davam edib.

İddia olunur ki, Astara Gömrük İdarəsinin işçiləri N.Abbasovun sürdüyü yük maşınını yoxlayanda oradan üstündə «Azarakhs» yazılmış, polietilen torbalara bükülmüş qutularda 500 kiloqram 635 qram heroin tapıblar. Bu qutular əsas yükün (oda davamlı fasad kərpic lövhəcikləri) arasında olubmuş. Buna görə N.Abbasova CM-in 206.3.2 (külli miqdarda qaçaqmalçılıq), 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxsin satış məqsədilə külli miqdarda narkotik əldə etməsi, daşıması) maddələri ilə ittiham irəli sürülüb.

«Hamısı istintaqa məlumdur»

N.Abbasov istintaqda da, məhkəməsində günahsız olduğunu deyib. Bildirib ki, işlədiyi şirkətin – «AZFEM» MMC-nin göstərişiylə o yükü daşımaq üçün İrana gedib. İdarə etdiyi yük maşını da şirkətə məxsusdur. Şirkətə də yükün daşınmasını sifariş veriblər. Sürücünün sözlərinə görə, yük qablaşdırılmış halda olub. Onun isə yükü bir-bir açıb yoxlamaq səlahiyyəti olmayıb.

«Yükü sifariş verən də, yükü daşıtdıran şirkət də, yükü tapmaqda vasitəçilik edən şəxslər də - hamısı istintaqa məlumdur. Amma hansısa səbəbdən istintaq orqanı həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir tədbir görməyib. Yalnız bu işdə heç bir günahı olmayan Nəsrulla Abbasovu cinayət məsuliyyətinə cəlb ediblər», – bunu isə məhkəmədə vəkili Anar Qasımlı deyib.

Bu işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə N.Abbasov haqqında bəraət hökmü çıxarıb. Hökmdə Azərbaycanın da qoşulduğu «Beynəlxalq yükdaşımaları müqaviləsi haqqında» 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasına istinad olunub. Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən, daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünün) nəzarət sahəsinə aid deyil.

«İbtidai istintaq natamam aparılıb»

Məhkəmə həm də bu nəticəyə gəlib ki, istintaq orqanı – Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsi bu işi yetərincə araşdırmayıb.

«İş materiallarından görünür ki, ibtidai istintaq natamam aparılıb. Cinayət törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əsaslı araşdırma aparılmayıb. Yalnız İranın və Polşanın aidiyyəti orqanlarına işin mahiyyəti üzrə sorğular göndərilib. Lakin həmin sorğuların cavabları alınmaqla, sonrakı istintaq hərəkətlərin aparılması təmin edilməyib.

İran şirkəti Polşa şirkətinə göndərdiyi yükün içərisinə külli miqdarda heroin yerləşdirib göndərirsə, bu o deməkdir ki, hər iki şirkətdə qarşılıqlı şəkildə cinayət əlaqəsi yaradaraq, narkotikin qanunsuz dövriyyəsiylə məşğul olan şəxslər var. Onların qanunsuz dövriyyəsini həyata keçirdikləri narkotikin miqdarının yarım tondan çox olması cinayətin törədilməsi üçün geniş əlaqəli şəxslərin fəaliyyətinin mövcudluğuna dəlalət edir. Lakin istintaq orqanı bu cinayətkar şəbəkənin üzə çıxarılması istiqamətində araşdırma aparmayıb. Yalnız yük avtomaşının heç nədən xəbəri olmayan sürücüsünü cinayət məsuliyyətinə cəlb etməklə kifayətlənib», – hökmdə yazılıb.

Amma prokurorluq bəraət hökmündən narazı qalıb və onun ləğvi üçün apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi isə protesti təmin etməyib.

XS
SM
MD
LG