Rusiyanın Xarici İşlər Nazirliyi bildirir ki, Yaponiyanın xarici işlər naziri Taro Kono rusiyalı həmkarı Sergei Lavrovla görüşmək üçün gələn həftə Moskvaya səfər edəcək.
Onlar İkinci Dünya Müharibəsindən bəri iki ölkə arasında mübahisəli qalan dörd Sakit okean adasının statusunu müzakirə etməlidirlər.
Rusiya XİN-in sözçüsü Maria Zakharova yanvarın 11-də deyib ki, bu danışıqlar yanvarın 14-də Moskvada keçiriləcək.
Bu səfər barədə xəbərdən az əvvəl, bu həftə Rusiya Yaponiyanı prezident Vladimir Putinlə Yaponiyanın baş naziri Shinzo Abe arasında gözlənilən görüşdən əvvəl gərginliyi qızışdırmaqda ittiham etmişdi.
Moskva və Tokio müharibənin son günlərində Sovet qüvvələri tərəfindən işğal olunmuş bu dörd ada barəsində sülh müqaviləsi imzalamayıblar.
Rusiya bu adaları Cənubi Kuril adaları, Yaponiya isə Şimal Ərazilər adlandırır.
Sovet qüvvələri bu adaları müharibənin sonunda zəbt edib və hazırda onlar Rusiyanın nəzarətindədir. Buna baxmayaraq Moskva bir ara bu adaların keçmiş sakinlərinin və onların qohumlarının buraları ziyarət etməsinə icazə verib.
Zakharova Yaponiya mediasının “danışıqlar prosesindən əvvəl qəribə informasiya ab-havasının yaradılmasındakı əhəmiyyətli rolunu” tənqid edib.
Bu həftənin əvvəllərində Rusiyanın Xarici İşlər Nazirliyi Yaponiya səfiri Toyohisa Kozuki-ni quruma dəvət etmiş və bildirmişdi ki, Tokionun son bəyanatları “sülh sazişi ilə bağlı problemin ətrafında süni ab-hava yaradır və məsələnin həlli üçün Yaponiyanın öz ssenarisini qəbul etdirmək cəhdlərini nümayiş etdirir”.
Rusiya XİN buna misal olaraq Tokionun adaların sakinlərinin öz yurdlarına qayıtmasını hazırlamaq və Moskvanın keçmiş ada sakinlərinə kompensasiya ödəməsi tələbindən əl çəkmək barədə bəyanatlarını göstərmişdi. Moskva həm də Abenin belə bir bəyanatından narazılıq edirdi ki, 2019-cu ildə danışıqlarda irəliləyiş gözlənilir.
Putin və Abe son dəfə noyabrda görüşüblər və İkinci Dünya Müharibəsinə formal olaraq son nöqtəni qoyacaq məsələ barədə danışıqları sürətləndirmək barədə razılığa gəliblər.