Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:59

YAP namizədlərini açıqladı - reaksiyalar


Yeni Azərbaycan Partiyasının iqamətgahı
Yeni Azərbaycan Partiyasının iqamətgahı

Bu gün, dekabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu partiyanın İdarə Heyətinin iclası keçirilirb.

İclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Axşam saatlarında isə YAP saytında siyahı dərc edilib. Həmin siyahıdan bəlli olur ki, bu partiya 125 deputat yerindən 123-nə iddialıdır.

Partiya 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizəd irəli sürməyib.

Ötən seçkilərdə o dairədən bitərəf namizəd, Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri Səttar Möhbalıyev seçilmişdi.

Partiyanın namizəd vermədiyi daha bir dairə isə 122 saylı Xankəndi ( Xankəndi şəhəri hazırda işğal altındadır) seçki dairəsidir.

Kimlər yoxdur?

Amma bu siyahıda YAP-dan 2015-ci il parlament seçkilərində deputat seçilən bəzi şəxslərin adları yoxdur.

Bunlardan bəziləri SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, parlament sədrinin müavini Bahar Muradova, Milli Məclisin komitə sədri Arif Rəhimzadə və İqtisad Unversitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevdir.

Onların sayı ümumilikdə 20-yə yaxındır.

İlham İsmayıl: “Onların yenilənməyə həvəsi yoxdur”

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində namizədlərinin siyahısında bu partiyadan son seçkilərdə mandat qazanmış 17 şəxsin adı olmasa da, bir çox simalar yenə də siyahıda öz yerlərini tutublar.

Onların bir çoxu da elə əvvəl deputat seçilən dairədən namizəd veriliblər.

İlham İsmayıl
İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna deyib ki, YAP-ın yeni siyahısında mövcud simaların 50 faizinin olacağı təxmin edilirdi:

"Bu onunla bağlıdır ki, onların əlavə resursları yoxdur. Amma bu siyahının açıqlanması o demək deyil ki, məhz bu adamlar deputat olacaq. YAP deyir ki, biz siyasi mədəniyyət nümunəsini göstərdik, geri çəkildik. Lakin bu siyasi mədəniyyətin göstəricisi deyil, bu yuxarıdan verilən tapşırığın yerinə yetirilməsidir. Bu ölkədə məsələni YAP həll eləmir, daha yuxarda olan adamlar həll edir. YAP-ın açıqladığı siyahıda adamların əksəriyyəti eynidirsə, bu onu göstərir ki, onların yenilənməyə bir elə həvəsi yoxdur ".

“Yeni parlament hökümətyönlü olacaq”

Amma siyahida bir çox yeni simalara da rast gəlmək mümkündür. Politoloq Hikmət Hacızadə hesab edir ki, bu dəyişiklik “yuxardan” gələn tapşırıqla bağlıdır.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Onun sözlərinə görə, bir çox simaların yenidən irəli sürülməsinə imkan verilməyib.

Hikmət Hacızadə əlavə edib ki, bununla belə yeni parlament əvvəlki kimi hökümətyönlü deputatlardan ibarət olacaq:

“Ola bilsin bəziləri YAP-ın üzvləri olmasın. Orada bitərəflər var. Amma bütövlükdə bu, hökümətyönlü parlament olacaq”.

Əli Əhmədov: “Namizədlərimizin sırasında çoxlu gənclər var”

“Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədlərini müəyyən etdi. Cəmiyyətin və siyasi partiyaların bizim namizədləri elan edəcəyimiz günü səbirsizliklə gözlədiklərini bilirdim”.

Əli Əhmədov
Əli Əhmədov

Bunu isə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb.

Əli Əhmədov YAP-ı möhtəşəm siyasi güc adlandırıb:

“Hamı, bütün siyasi partiyalar, bizə rəqib olanlar da, bu fikrə düşməyi ağıllarına belə gətirməyən partiyalar da bu gücü etiraf edirlər”.

İcra katibi namizədlərin hər birinə uğurlar arzulayıb:

“Namizədlərimizin sırasında çoxlu gənclər var. Bunu təbii qəbul etmək lazımdır...”

Şahvələd Çobanoğlu: “Məqsəd parlamenti islahatlara uyğunlaşdırmaq deyildi”

“Yeni Azərbaycan Partiyasının açıqladığı siyahıya baxanda görürsən ki, namizədlərin əksəriyyəti eyni adamlardır. Xüsusilə də aparıcı adamlar qalıb.”

Bunu AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu deyib.

Jurnalist daha sonra da əlavə edib:

“Bir neçə adamlar var siyahıda cəmiyyətdə tanınmayan. Aparıcı simalar isə demək olar ki, hamısı eynidir. Bu da onu göstərir ki, məqsəd parlamenti islahatlara uyğunlaşdırmaq deyildi."

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu siyahıda bir neçə aparıcı simanın olmamasını onlara başqa vəzifələrin verilə biləcəyi ilə izah edir:

"Azərbaycanda adətən heç kəsi vəzifədən kənarlaşdırmırlar, yerdəyişməsi edirlər. Ola bilsin siyahıda yer tapmayan deputatları başqa vəzifəyə qoyacaqlar”.

Amma jurnalist onlardan bəzilərinin də günahkar çıxarılacağını istisna etməyib.

Xatırlatma

Noyabrın 28-də isə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib.

Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib.

Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG