YAP-dan seçki komissiyasının üzvü olmuş, Xəzər rayonundakı uşaq poliklinikasının həkimi Samirə Mansurova indi dələduzluqda suçlanır. O, Təhsil Nazirliyinin işçisi olmuş Aytəkin Bağırova ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onlar müxtəlif adamlardan işə düzəltmək adı ilə pul alıb aldatmaqda təqsirləndirilir.
50 yaşlı Samirə Mansurova 2016-cı ilin dekabrından həbsdədir. Aytəkin Bağırovanın barəsində isə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Mansurova Bağırovanın uşağının poliklinikada həkimi olub.
Buna da bax: Avropa Məhkəməsi hökuməti 90 min avro cərimələdi
Adları çəkilən qadınların hər ikisinə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) ittihamı ilə ittiham verilib. Amma onlar günahı bir-birinin üstünə atır.
“BİR MƏQSƏDİM VARDI”
Beş müxtəlif dildə danışa bildiyini deyən S.Mansurovanın sözlərinə görə, A.Bağırova ona atası, əmisi oğlu da daxil, qohumlarının yaxşı vəzifələrdə olduğunu, onların vasitəsilə adamları işə düzəldə biləcəyini deyib: “Mənə deyirdi ki, əmisi oğlu Elçin Bağırov Prezident Administrasiyasında Protokol Xidmətinin rəisidir. Özü Təhsil Nazirliyində, atası isə Ədliyyə Nazirliyində işləyir. Səhiyyə Nazirliyində Kadrlar Şöbəsinin rəisi kimi, Kəmalə xanımın, SOCAR-dan Bədəl Bədəlovun, Prezident Administrasiyasından Əli Həsənovun katibəsi Nigarın adını çəkirdi. Deyirdi ki, məni də Avropa ölkələrinin birinə praktika keçməyə göndərə bilərlər, qayıdandan sonra da Diaqnostika Mərkəzində işə düzəldəcəklər. Mənim həmişə xaricdə kurslara və praktikaya böyük marağım var idi. Ümumiyyətlə, mənim bir məqsədim var idi – vəzifəli şəxslərlə münasibət yaradıb, sadiqliyimi nümayiş etdirmək, etibar qazanmaq və öz karyeramı qurmaq”.
Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'
S.Mansurovanın sözlərinə görə, digər təqsirləndirilən Bağırova işə düzəltmək istəyən adamlar tapmağa çalışırdı: “Əlbəttə ki, bunu müəyyən pul və “rüşvət” qarşılığında əlbir olduğu adamlarla birgə həyata keçirirdi. İşə düzəlmək istəyən adamlardan pulu isə müqavilə ilə ya da qəbzlə özüm almalıydım. Mən də işə düzəlmək istəyən adamların pullarının sonradan batmaması, onların aldadılmaq ehtimalının olmadığını düşünərək bununla razılaşdım”.
“MƏNƏ VAXT VERİN”
Mansurova deyir ki, istintaqda üzləşmə zamanı A.Bağırova bu işləri gördüyü bir neçə nəfərin adını çəkib. Amma müstəntiq onlarla bağlı araşdırma aparmayıb: “Müstəntiq mənim də bu işdə qurban olduğumu yaxşı bilirdi. Amma Aytəkinin qohumlarının vəzifədə olmasından çəkinib, bu işi obyektiv araşdırmadı”.
Buna da bax: Azərbaycanda cinzi azlıqlara 'qəfil divan tutuldu'
Artıq bu iş üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror təqsirləndirilən şəxslərin hər ikisinə 9 il həbs cəzası verilməsini istəyib. Oktyabrın 17-də keçirilən məhkəmədə hakim Mirzə Xankişiyev A.Bağırovaya son sözünü deməyi təklif edib. Amma o, məhkəmədən vaxt istəyib: “Zərərçəkmişlərin pulunu qaytaracağam, mənə vaxt verin”.
Hakim ona oktyabrın 24-nə qədər vaxt verib. Eyni zamanda, məhkəməyə azyaşlı uşağını gətirməsini də ona irad tutub: “Bir də məhkəməyə körpə uşağı gətirmə!”
A.Bağırova hakimə belə cavab verib: “Elə bildim ki, bu gün hökm oxunacaq, həbsxanaya aparılacağam. Ona görə uşağımı da gətirdim ki, özümlə aparım...”