Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 12:57

Çernobıl yaxınlığındakı yanğın söndürülüb. Yağış da kömək edib


Çernobıl yaxınlığında yanğın söndürüldükdən sonra

Ukraynada Fövqəladə Hallar Xidmətinin xilasediciləri istifadəsiz qalan Çernobıl nüvə stansiyasına yaxınlaşmaqda olan meşə yanğınını söndürə biliblər.

Ukrayna Dövlət Ekoloji Xidmətinin baş müfəttişi Yehor Firsov özünün Facebook səhifəsində yazıb ki, aprelin 14-də on gündür davam edən təhlükəli yanğının qarşısını almaq mümkün olub:

"Qısasını desək, yanğın söndürülüb və yağış bu işdə çox kömək edib. Ətrafdakı radioaktiv fonun ölçülməsi daimi xarakter daşıyır. Bizdə olan məlumata görə ümumilikdə hər şey normaldır”.

Firsovun Facebook postundan bir neçə saat əvvəl Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin sözçüsü Viktoria Ruban Çernobulun qapalı zonasına Dityatki kəndindəki giriş postunda müxbirlərə demişdi ki, vəziyyəti bu ərazidə güclü küləklərin əsməsi mürəkkəbləşdirmişdi.

***

Bundan bir gün əvvəl verilən xəbərdə deyilirdi:

Ukraynada bir həftədən artıqdır ki, davam edən meşə yanğınları sıradаn çıxmış Çernobıl nüvə stansiyasının bir kilometrliyinə yaxınlaşıb.

Fövqəladə Hallar Xidmətinin xilasediciləri yanğını dayandırmağa çalışırlar.

Ətraf mühit ekspertləri narahatdırlar ki, yanğının havaya qaldırdığı radioaktiv toz buradan başqa yerlərə yayıla bilər.

Çernobıl nüvə stansiyası 1986-cı ildə burada baş vermiş qəza nəticəsində sıradan çıxıb və o vaxtdan bəri stansiyanın həndəvərindəki ərazilərdə yaşayış yoxdur.

Ukrayna Fövqəladə Hallar Xidməti aprelin 13-də bildirib ki, Kiyev rayoununda radioaktiv fon normadan yuxarı deyil.

Bu da bildirilir ki, istifadəsiz stansiyanın ətrafındakı ərazidə də radioaktivlik dəyişməyib.

Ümid yağışa qalıb

Lakin Greenpeace Russia təşkilatı xəbərdarlıq edib ki, yanğının miqyası hökumətin məlumatında olduğundan daha genişdir və buna görə də radioaktiv təhlükə təşkil edir.

Greenpeace Russia təşkilatında enerji layihələri üzrə direktor Rashid Alimov deyib ki, nüvə və radiasiya təhlükəsi olan ərazilərə yanğının yaxınlaşması həmişə böyük risklə bağlıdır.

O qeyd edib ki, indi ümid yalnız yağışa qalıb.

ABŞ-ın NASA kosmik araşdırmalar mərkəzinə məxsus peykdən çəkilmiş şəkillərdən yanğının sakinləri tərəfindən tərk edilmiş Pripyat şəhərinə yaxınlaşdığı görünür.

Çernobıla turlar təşkil edən şirkətin nümayəndəsi Yaroslav Yemelianenko Facebook səhifəsində vəziyyətin kritik olduğunu yazıb:

“Zona yanır. Yerli hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu deyir, amma yanğın sürətlə yeni əraziləri zəbt edir”.

Ukrayna Fövqəladə Hallar Xidmətinin sözçüsü Olga Kozak dpa agentliyinə bildirib ki, “vəziyyət şəksiz ciddidir, amma nəzarət altındadır”.

Ətraf ərazidə radioaktivlik ölçülür
Ətraf ərazidə radioaktivlik ölçülür

Küləklər və quraqlıq

Xəbər verilir ki, güclü küləklər meşəlikdə yanğının qarşısını almaq üçün talalar açan yanğınsöndürənlərə mane olur.

Yaşayış olmayan istisna zonasında yanğın aprelin 3-də başlayıb və yaxınlıqdakı meşəliyə daxil olub.

Polis bildirib ki, bu yanğını törətməkdə şübhəli bilinən 27 yaşlı bir nəfər müəyyənləşdirilib.

Sakinlərin dediyinə görə, həmin adam zir-zibili bir yerə yığaraq “əylənmək” üçün tonqal qalayıb.

Ukraynanın bir sıra rayonlarında mövsüm üçün qeyri-adi quraqlığın baş verdiyi deyilir.

Yanğınları da əsasən quraqlıqla izah edirlər.

XS
SM
MD
LG