Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Çoxu işləmir, inanırlar ki, 'ruzini Allah yetirəcək'


«Yakın İnkar» təşkilatının üzvləri
«Yakın İnkar» təşkilatının üzvləri

Noyabrın 14-də Qırğızıstan polisi «Yakın İnkar» adlı qadağan olunmuş islam təşkilatının liderini həbs etdiyini bildirib.

Əsl adı açıqlanmayan, Nurmoldo kimi tanınan 47 yaşlı təşkilat lideri istintaq müddətində iki ay həbsdə saxlanacaq. O, milli, irqi, dini və ya dinlərarası nifrəti qızışdırmaqda suçlanır.

Yerli mətbuat oktyabrın 20-də Bişkek yaxınlığındakı Belovodskda saxlanmış həmin şəxsin iki arvadı və 12 uşağı olduğunu bildirir. Ancaq onun haqqında çox az şey bəllidir.

Dini liderin həbsi ictimaiyyətin diqqətini az tanınan, müəmmalı müsəlman təşkilatına cəlb edib. İyunda məhkəmə həmin icmanı ekstremist təşkilat elan edərək fəaliyyətini yasaqlamışdı.

RUZİNİ «ALLAH YETİRƏCƏK»

Təşkilatın ərəb dilindəki «yakan» və «inkar» sözlərindən götürülmüş adının mənası «Allahdan başqa hər şeyin inkarı»dır. Təşkilatın üzvləri insanların Məhəmməd peyğəmbərin vaxtında yaşadıqları kimi, «yalnız Allahın verdikləri» ilə yaşamalı olduqlarını deyirlər. Kişilər saqqallarını uzatmalı, pakistanlıların milli geyimini xatırladan ağ paltarlar geyməlidirlər. Bu təriqətin davamçıları hər hansı dövlət qurumlarını tanımır, yeni doğulmuş uşaqlarını dövlət qeydiyyatına salmaqdan və məktəbə göndərməkdən imtina edirlər. Bütün elektron cihazlar, o cümlədən mobil telefonlar və televizorlardan istifadə qadağandır. İcma üzvləri hətta avtomobil və ya avtobusa da minə bilməzlər. Onlar ya piyada, ya da atla hərəkət edirlər.

***Buna da bax-'Miss Qırğızıstan' hicab taxmağa qərar verdi

İcma üzvləri hesab edirlər ki, iş onların dini ayinlərinə mane olur və kişilər ailələrini dolandırmağa borclu deyillər. Çoxu işləmir, çünki inanırlar ki, «ruzini Allah yetirəcək».

Bu icmanın üzvləri puldan istifadə etmir. Bundan başqa, onlara həkimə getmək, yaxud hər hansı sosial xidmətlərin yardımından yararlanmaq qadağandır.

QAYDALARA HAMI ƏMƏL ETMİR

Ancaq AzadlıqRadiosunun qırğız xidmətinin reportyorları İssık-Kul bölgəsinin şimal-şərqində yaşayan bu icmanı ziyarət edib və icma üzvlərinin çoxunun bu sərt qaydaların hamısına əməl etmədiyini müşahidə ediblər. Kişilərin bəziləri müasir geyimlərdə, bir neçəsininsə əlində mobil telefon olub. Hərçənd internetdən yararlanmadıqlarını deyiblər.

«Yakın İnkar» üzvləri görüntülərinin videoya düşməsini günah saydıqlarını deyərək, müsahibə zamanı üzlərinin çəkilməməsini xahiş ediblər.

Dindarlardan biri Abdurakhim Abdraev deyib ki, onlar «Yakın İnkar»ın yox, «Təbliği Camaat» adlı beynəlxalq islam hərəkatının üzvləridir. «Təbliği Camaat» Rusiyada, habelə Qırğızıstandan başqa, bütün digər Orta Asiya respublikalarında qadağandır.

***Buna da bax-Qırğızıstan prezidenti Nazarbaev-i 'qoca diktator' adlandırdı

ÜZVLƏRİN SAYI ARTIR

Bişkekdə fəaliyyət göstərən Din, Hüquq və Siyasət analitik mərkəzinin direktoru, dini ekspert Kadyr Malikov-un sözlərinə görə, «Yakın İnkar» «Təbliği Camaat»dan qopmuş təşkilatdır. Onun üzvləri «Təbliği Camaat»ın əsl islami ideallara sadiq olmadığını düşünərək ondan ayrılıblar.

2016-cı ildə «Yakın İnkar»ın üzvlərinin sayı onlarla idisə, hazırda təşkilatın yüzlərlə üzvünün olduğu deyilir. Di gəl, dəqiq say bəlli deyil.

Malikov-un sözlərinə görə, təxminən 2012-ci ildə yaradılmış «Yakın İnkar» icması, əsasən, ölkənin şimalındakı Tyup və Ak-Suu bölgələrində, habelə Karakol şəhəri və İssık-Kul bölgəsinin digər hissələrində yayılıb.

Bəzi Qırğızıstan rəsmiləri hərəkatın ənənəvi olaraq daha dindar cənub bölgələrinə də yayıla biləcəyindən narahatlıq bildiriblər.

«Onlar deyirlər ki, işləməyə gərək yoxdur. Hətta deyirlər ki, işləyənlər kafirdir... Onlar cəmiyyətə təhlükəli ola bilərlər», – Karakolda fəaliyyət göstərən din xadimi Rustam Ybykeev AzadlıqRadiosuna deyib.

Müfti Maksatbek Toktomushov-sa «Yakın İnkar» üzvlərinin özlərinə ziyan vurduqlarını söyləyib. O, icmanın kişilərin ailələrini dolandırmağa borclu olmamasına dair inancını tənqid edib.

«...Bəzi hallarda adamlar uşaqlarını saxlamaqdan imtina edir və hətta onları tərk edirlər... Əsl islamda isə hər kəsin öhdəlikləri var. Sizin də, arvadınızın da öhdəlikləriniz var, uşaqlarınızın hüquqları var. Görünür, onların məzhəbi bununla razı deyil», – o deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG