Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

8 yaşlı qız nədən öldü


Tibbi əməliyyat
Tibbi əməliyyat

Bu günlərdə Bakıda 8 yaşlı qız uşağının ölümü sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Uşağın yaxınları hadisəyə görə Ə.Qarayev adına 2 Saylı Uşaq Klinik Xəstəxanasının həkimlərini suçlayırdılar. İddia olunurdu ki, yüngül pnevmoniyadan müalicə alıb sağalsa da, sonra vəziyyəti pisləşib və həmin xəstəxanaya aparıblar. Orada isə həkimlərin müalicəsi yanlış olub.

Yaxınlarının sözlərinə görə, dövlət xəstəxanasında uşağın vəziyyətinin pisləşdiyini görüb, tibbi heyətdən də narazı qalaraq, uşağı özəl xəstəxanaya aparıblar. Amma artıq gec imiş. Durumu elə bir həddə çatıb ki, onun həyatını xilas etmək mümkün olmayıb.

8 yaşlı qızın valideynləri əvvəlcə AzadlıqRadiosuna müsahibə versələr də, sonradan bundan imtina ediblər, ümumiyyətlə, dünyasını dəyişmiş övladlarının adının hallanmasını istəməyiblər.

«Rəsmi şikayət etməyiblər»

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzadlıqRadiosuna bildirib ki, nazirliyin uyğun komissiyası bütün ölüm hallarını araşdırır. 8 yaşlı qızın ölümünə gəlincə, S.Əhmədova deyir ki, uşağın yaxınları sosial şəbəkələrdə narazılıqlarını ifadə etsələr də, rəsmi qaydada şikayət etməyiblər:

«Nə bizə, nə də xəstəxanaya rəsmi qaydada şikayət daxil olmayıb. Mən xəstəxana ilə də əlaqə saxlayıb araşdırdım, bildirdilər ki, o uşaq Qarayev adına xəstəxanaya çox ağır vəziyyətdə gətirilmişdi. Orada ona bütün lazımi tibbi yardım göstərilib. Sonra özləri ərizə yazıb, məsuliyyəti üzərilərinə götürərək uşağı çıxarıb başqa tibb müəssisəsinə aparıblar. Əgər xəstə tam sağalmadan tibb müəssisəsini tərk edirsə, ondan könüllü çıxması haqda yazılı ərizə alınır. Fərqi yoxdur, bu, Qarayev adına xəstəxana olsun, ya da bir başqası. Qayda belədir. Xəstəni heç kim heç nəyə məcbur edə bilməz».

Azərbaycanın səhiyyə sistemindən razısınızmı? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Bu hadisə həm də Azərbaycanda uşaq ölümü problemini yenidən gündəmə gətirdi. Rəsmilər 30 il əvvəlki ilə müqayisə aparıb, ölkədə körpə və uşaq ölümünün 3 dəfə azaldığını desələr də, bugünkü statistik göstəricilər də ağırdır. 2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri təkcə 5 yaşadək uşaqlar arasında 2058 ölüm faktı qeydə alıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2016-cı ildə bu rəqəm 2092 olub, 2015-ci ildə 2395, 2014-də isə 2097.

5-9 yaşlı uşaqlar arasında ölüm hallarının statistikası da ayrıca aparılır. Rəsmi rəqəmlərə görə, 2015-2016-cı illərdə bu yaşda ölən uşaqların sayı eyni olub – 166 nəfər. 2014-cü ildə isə 186 nəfər 5-9 yaşlı uşaq dünyasını dəyişib.

Bir müddət öncə Dünya Səhiyyə Təşkilatının və UNICEF-in hesabatında deyilirdi ki, 1990-cı illərdən bəri bütün dünya üzrə uşaq ölümlərinin sayı 50 faiz azalıb. Azərbaycanda da o dövrlə müqayisədə hər 1000 nəfərə düşən uşaq ölümü hallarının sayının yarıbayarı azaldığı təsdiqlənir. Lakin yenə də Cənubi Qafqazda ən pis göstərici burdadır – hər 1000 nəfərə 52. Bu isə Gürcüstan və Ermənistandan təxminən üç dəfə çox deməkdir.

Azərbaycan xəstəxanalarına nə qədər etİbar edirsiniz?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

«Yaranın içinə əski tıxayırıq»

Azad İstehlakçılar Birliyinin nəzdində Müayinə və bərpa müəssisələrində istehlakçı hüquqlarının müdafiəsi komissiyasının rəhbəri Əhməd Rəhmanov AzadlıqRadiosuna deyir ki, beynəlxalq hesabatlar uşaq ölümləriylə bağlı göstəricilər üzrə Azərbaycanın hətta sovet ölkələri arasında da aşağı pillələrdə, ancaq Tacikistan, Türkmənistan, Özbəkistan kimi Orta Asiya respublikalarından öndə olduğunu göstərir. Ə.Rəhmanovun fikrincə, başlıca səbəb korrupsiya, tibbi sığortanın olmamasıdır. O, həkim səriştəsizliyini, dövlət xəstəxanalarında lazımi tibbi avadanlıqların olmamasını da səbəb kimi görür:

«Yetərincə savadlı, peşəkar həkimlərimiz də var. Amma etiraf etmək lazımdır ki, biliyi yoxlanmadan, müəyyən maraqların təmin olunması qarşılığında işə götürülən həkimlər də yetərincədir. Dövlət xəstəxanalarında həkimlə pasient arasında müqavilə bağlanmadığından qarşı tərəfin üzərində məsuliyyət də olmur. Başqa bir problem isə dövlət xəstəxanalarının vacib avadanlıqlar, preparatlarla təmin edilməməsidir. Bu yaxınlarda mənim gözlərim önündə dövlət xəstəxanalarının birində yaranın qanaxmasını ora əski tıxamaqla dayandırmağa çalışırdılar, tibbi ləvazimat yox idi. İl olub 2018, biz hələ də yaranın içinə əski tıxayırıq... Bizim başlıca problemimiz səhiyyə sahəsinin idarəedicilərinin münasibətidir».

Azərbaycanda 1 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəbi kimi perinatal dövrdə meydana çıxan hallar göstərilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə 1 yaşadək uşaqlar arasında 1666 ölüm baş verib ki, bunun da 1090-ı perinatal dövrdə yaranan hallarla bağlı olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG