Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

'Yüklü maşınların gömrükdən keçməsi üçün 300 min pul verilmişdi…'


Gömrük
Gömrük

«Mənə demişdi ki, SOCAR-ın yaxşı bir layihəsi var, istəsən, təşkil eləyərəm, sənə verərlər. Deyirdi ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə, vitse-prezident Xoşbəxt Yusifzadə ilə dostdur. Bir dəfə onu SOCAR-ın binasına apardım, həqiqətən də qapıda onu heç kim saxlayıb yoxlamadı, birbaşa içəri keçib getdi…», – bunları tikinti işləri ilə məşğul olan «ALFA LTD» şirkətinin rəhbəri İxtiyar Həsənov sentyabrın 13-də məhkəmədə Əziz Əbdüləziz haqqında deyib.

Heydər Əliyev Fondunun xəttiylə məktəb tikintisi üçün 50 min…

Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü olan 72 yaşlı Ə.Əbdüləziz həbsdədir. O, dələduzluqda suçlanır. İddia olunur ki, Ə.Əbdüləziz Heydər Əliyev Fondunun xəttiylə məktəb binasının tikintisi üçün tenderdə qalib elan olunmaq, yük maşınlarını gömrükdən keçirmək adıyla İ.Həsənovu aldadıb, 300 min manatdan çoxu pulu mənimsəyib.

Cinayət işinin materiallarında yazılıb ki, məktəb tikintisi tenderi üçün İ.Həsənovdan 2011-ci ildə 50 min manat alınıb, sonradan bunun 25 min manatını qaytarıb, qalanını isə yox. Gömrükdən ucuz qiymətə keçiriləcəyinə söz verilən isə plastik borularla yüklü 40 ədəd yük maşını olub.

Ancaq Ə.Əbdüləziz özünü təqsirli bilmir, deyir ki, ittihamda yazılanlar yalandır.

Vəkili onun səhhətində ciddi problemlər olduğunu bildirib və ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: «O, yeganə azərbaycanlıdır ki, Nobel mükafatının verilməsində iştirak edib. Məhz onun təklifi əsasında BMT 22 martı dünyada İçməli Su Günü elan etdi. Belə bir adamı həbsdə saxlamaq başucalığı gətirməz».

Ə.Əbdüləziz özü də deyir ki, dərmanla yaşayır, əgər onu həbsdən buraxmasalar, elə təcridxanadan məhkəməyə aparılıb-gətirildiyi maşında ölə bilər: «Mən bu vəziyyətdə heç növbəti məhkəməyə sağ qalmaya bilərəm».

Ancaq məhkəmə onu həbsdən buraxmayıb.

Rejissora verilən 10 min və qaytarılan torpaq sahəsi

Ə.Əbdüləzizin işində rejissor Arif Qazıyevin də adı hallanır. Onlar dost olublar.

Zərərçəkmiş işadamı İ.Həsənov deyir ki, Ə.Əbdüləzizi elə rejissor vasitəsilə tanıyıb: «Mənim 1997-ci ildən tikinti şirkətim var. 2011-ci ildə işçim Xanoğlanın vasitəsilə Arif Qazıyevin köməkçisi Abdulla ilə tanış oldum. Sonradan Arif Qazıyevin özü ilə tanış olduq. Söhbət əsnasında dedi ki, tanışı məktəb tikintisi üçün tenderi alıb mənə verə bilər. Ağlıma batdı, Arif Qazıyevlə birlikdə Əzizin ofisinə getdik. Məktəb tikintisinin tenderi üçün 50 min istədi, verdim. İşi düzəltdiyinə görə halallıq üçün Arif Qazıyevə də əlavə 10 min manat verdim. Sonra iş alınmayanda Əziz pulumun bir hissəsini qaytardı. Arif Qazıyevdən 10 minimi tələb etdim. O, pulun əvəzinə mənə Şamaxıda torpaq sahəsini verdi. Ona görə ondan şikayətçi olmadım».

Zərərçəkən deyir ki, yük maşınlarının gömrükdən keçirilməsindən ötrü verilən 300 min Türkiyə şirkətindən alınmışdı: «İş alınmadığına görə öz şirkətimin hesabına türklərin pulunu geri qaytardım».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG