►“Xurma ixracı ilə məşğul olan sahibkarların məhsulu Dağıstan sərhədində saxlanıb, “keyfiyyətsiz” damğası ilə geri qaytarılıb”
...Ağacların budaqları bardan əyilib. Payız küləyi qurumuş yarpaqları budağından qoparsa da, hələ də toplanmayan xurmalar ağacın yaraşığını pozmağa qoymayıb.
Amma Şəmkir sakini İradə Cəbizadə xurmaları ağaca yaraşıq verdiyi üçün yox, satmağa yer tapmadığından yığmayıb:
“İki həyətimdə 20-dən çox xurma ağacı var. Hamısı da meyvə gətirib. Bəziləri karalyokdur, yəni indi yeyiləsidir, bəziləri isə dəyir, sonra yeyirsən. Keçən il Rusiyaya mal aparanlar gəldi, yeşiyini 3 manatdan verdim. Hardasa 12-14 kilo gəlir. İndisə 2 manatdan istədilər, heç əziyyətinə dəymir”.
“Qurd-quş yeyəcək”
“Bəs heyif deyilmi, bu qədər meyvə ağacda qalacaq,” - deyə soruşuruq. “Əlbəttə, heyifdi, üstündə qalsa, qurd-quş dimdikləyəcək, bu qədər meyvəni də yığıb dəyməyini gözləmək üçün gərək yerin ola”, deyə cavab verir. Əlavə edir ki, o, uzağı 100 xurma üçün zirzəmisində yer tapa bilər, amma 20 ağacın meyvəsinə yox:
“Yığdığımı yığacam, yığmadığım da zay olub gedəcək”.
İradə Cəbizadə deyir ki, meyvəni yığıb yerli bazara çıxarmaq da sərf eləmir, kilosunu 40-50 qəpikdən satmalıdı:
“Gün ərzində neçə kilo satacam? Bizim tərəflərdə az qala hamının həyətində xurma ağacı var”.
Buna da bax: Hökumət deyir, əhalinin gəlirləri artıb...
“Xurma yerli bazarda gəlir gətirmir”
Elə Gəncə bazarında da meyvəsatanlar xurmaya alıcı gəzir. Seyfəddin kişi deyir ki, gün ərzində 3-5 kilo xurma satır:
“Hər kiloda 10-15 qəpik qalır, xurma elə də gəlir gətirən meyvə deyil. Əvvəllər Rusiya bazarında tələbat çox olurdu, fermerlər elə qapılarındaca satıb qazana bilirdi, ancaq indi yerli bazarın umidinə qalıblar”.
Rusiya mətbuatının yazdığına görə, bazarlarda xurmanın topdansatış qiyməti 2 manat 30 –3 manat 60 qəpik civarındadır. Məhsulunu bazara çıxaran Seyfəddin kişi də deyir ki, xurmadan qazanc götürmək üçün xarici bazarlara çıxış olmalıdı:
“Azərbaycan xurması, əsasən, Rusiyaya gedib, orda da bizim bazarla müqayisədə baha satılıb. Burda kilosuna, ya da yeşiyinə qəpik-quruş verirlər”.
Buna da bax: Sahibkar: "Ağcabədiyə ayrılan pullar mənimsənir"
“Onlar da qazanmalıdı, ya yox?”
Məncə, o qədər də baha deyil, kilosunu 20-30 qəpiyə satası deyillər ki...
Ancaq alıcı Səfayə İmanova qiymətdən məmnundur, bizə xurmanın faydalarından danışıb deyir ki, “nə qədər qiymət bahalaşmayıb, doyunca xurma yeyək”. Zarafatına özü də gülür, əlavə edir ki, indi mövsüm olduğundan yerli bazarda xurma o qədər də baha deyil:
“40 qəpiyə də taparsan, 1 manata da satırlar. Lap yaxşısı, irisi 1 manatdır. Danışıb 80 qəpiyə də alarsan. Məncə, o qədər də baha deyil, kilosunu 20-30 qəpiyə satası deyillər ki... Onlar da qazanmalıdı, ya yox?”
Əslində isə xurma məhsulu bu il ötən illərlə müqayisədə bol olmayıb. Bunu aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyir.
Buna da bax: Günel Mövlud. Gombul kişilər
Rəsmi statistika: İstehsal azalıb
Rəsmi statistikaya görə, ölkədə xurma istehsalı 2011-ci ildə 146 min ton olmuşdusa, keçən il 140 min tona düşüb. İstehsalın azalması xurmanın əsas vətəni olan Gəncə-Qazax iqtisadi regionunda da müşahidə olunur. İki il əvvəl regionda 62 min tondan artıq xurma istehsal edilmişdisə, 2014-cü ildə istehsal 2500 ton azalıb.
Vahid Məhərrəmovun sözlərinə görə, bugünlərdə xurma ixracı ilə məşğul olan sahibkarların məhsulu Dağıstan sərhədində saxlanıb, “keyfiyyətsiz” damğası ilə geri qaytarılıb:
“Rusiya tərəfi bunu karantin obyektlərinin aşkar olunması ilə əlaqələndirib. İkincisi də, rus rublunun devalvasiyası sahibkarlarımızı risklə üzləşdirib, onlar meyvə-tərəvəz ixrac etməkdə çətinlik çəkirlər”.
Ekspert onu da əlavə edir ki, Rusiya iqtisadiyyatında yaranan problemlərə görə yerli əhali ən zəruri ərzaq məhsullarına pul xərcləyir, meyvə-tərəvəz arxa plana keçib. Vahid Məhərrəmovun fikrincə, məhsulun xarici bazara daşınması imkanları yaxşılaşdırılmasa, bu, xurma istehsalına öz təsirini göstərəcək.