Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:04

Sergey Xruşşov güllə yarasından ölüb


Sergey Xruşşov Moskvada atasının xatirə lövhəsinin qarşısında
Sergey Xruşşov Moskvada atasının xatirə lövhəsinin qarşısında

İyunun 19-da keçmiş sovet lideri Nikita Xruşşovun 1999-cu ildən ABŞ vətəndaşı olan oğlu Sergey Xruşşovun 84 yaşında Rod Aylenddəki evində vəfat etdiyi xəbər verilmişdi.

Lakin indi Associated Press agentliyi tibbi ekspertiza sözçüsü Joseph Wendelken-ə istinadən yazır ki, ölümün səbəbi baş nahiyəsindəki güllə yarası olub.

Yerli polisin nümayəndəsi mayor Tod Patalano iyunun 24-də deyib ki, “indiki mərhələdə kənardan hər hansı müdaxilənin olduğundan şübhələnmirlər”.

Polis Xruşşovun Krenstondakı evinə ötən cümə axşamı mərhumun arvadının zəngi ilə gəlmişdi.

Təhqiqatın qapalı olduğu, heç bir ittiham irəli sürülmədiyi xəbər verilir.

Nikita Xruşşovun nəticəsi Nina Xruşşova iyunun 19-da AzadAvropa/AzadlıqRadiosu-na Braun Universitetinin keçmiş professoru olan babasının bir gün öncə vəfat etdiyini açıqlamışdı.

Sergey Xruşşov 1958-ci ildə Moskva Energetika İnstitutunu bitirib, daha sonra Vladimir Xelomey raket dizaynı bürosunda çalışıb, orada ballistik raket və gəmilərin hazırlanmasına cəlb olunub.

Sovet İttifaqında işinə görə müxtəlif mükafatlar alıb. 1991-ci ildə Rusiyadan gedənədək ölkənin ən qocaman və böyük texniki məktəbində – Bauman Moskva Dövlət Texniki Universitetində müəllim işləyib.

“Yenicə doğulmuş körpə kimi”

Xruşşov 1999-cu ildə ABŞ vətəndaşlığı alıb. O həmişə deyirdi ki, Sovet İttifaqından qaçmayıb, çünki iki ölkə “daha düşmən deyillər”.

Həmin vaxt vətəndaşlıq andı mərasimindən sonra Xruşşov Associated Press agentliyinə bunu da demişdi ki, özünü “yenicə doğulmuş körpə” kimi hiss edir.

O başqa bir müsahibəsində bildirmişdi ki, 1971-ci ildə vəfat etmiş atası sağ olsaydı, onun Amerika vətəndaşlığını təqdir edərdi.

ABŞ prezidenti John Fitzgerald Kennedy (sağda) və SSRİ lideri Nikita Xruşşov. 3 iyun 1961-ci il
ABŞ prezidenti John Fitzgerald Kennedy (sağda) və SSRİ lideri Nikita Xruşşov. 3 iyun 1961-ci il

Moskvada dəfn olunacaq

Sergey Xruşşov Birləşmiş Ştatlarda Braun Universitetinin Vatson Beynəlxalq Münasibətlər İnstitutunda siyasi elmlər və müasir tarixdən dərs deyib.

Özündən böyük ögey qardaşı Leonid Xruşşov II Dünya Müharibəsində 25 yaşında həlak olub.

Rusiyanın TASS xəbər agentliyi mərhumun dul xanımı Valentinaya istinadən bildirir ki, Xruşşov bu ilin oktyabrında Moskvada dəfn ediləcək.

AP yazır ki, Valentina Xruşşova bir gün əvvəl agentliyə müsahibə vermək istəmədiyini deyib.

XS
SM
MD
LG