Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:39

‘Səni axtarıram’ yenə gündəmdə – bu dəfə ‘kadrarxası söhbət’lə


Xoşqədəm Hidayətqızının ATV-də “Səni axtarıram” verilişi. 2014
Xoşqədəm Hidayətqızının ATV-də “Səni axtarıram” verilişi. 2014

Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin kadrarxası görüntüləri ilə bağlı Milli Televiziya və Radio Şurası sədrinin açıqlaması olacaq. Şura sədrinin müavini Qafar Cəbiyev AzadlıqRadiosu-na belə deyib. O, “MTRŞ-nin bununla bağlı hər hansı qərarı olacaqmı” sualını cavablandırarkən, səbirli olmağı və sədrin açıqlamasını gözləməyi tövsiyə edib.

MTRŞ sədri iki il öncə o kadrları izləyibmiş?

Hələlik, sədr Nuşirəvan Məhərrəmlinin adından açıqlama yayılmayıb. Ancaq o, APA-ya deyib ki, “Səni axtarıram” verilişinin yayılan kadrarxası görüntülərinə hələ 2014-cü ildə baxıbmış. Sədr verilişdə saxta ssenarilərin olması ilə bağlı MTRŞ-ya məlumatların daxil olduğunu da bildirib: “O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının rəhbərliyini məlumatlandırdıq, onlar da bundan nəticə çıxardılar. ATV-də yayımı dayandırılandan sonra veriliş ANS-də yayımlanmağa başlandı. Mən ANS rəhbərliyini Şuraya dəvət edib, məlum görüntülər haqda onlara məlumat verdim və onlardan bu məsələni ciddi nəzarətdə saxlamalarını tələb etdim. Eyni zamanda, onlara bildirdim ki, bu məsələ Şuranın diqqətindədir. Əgər verilişlə bağlı, hər hansı problem olacaqsa, ciddi tədbirlər görüləcək”.

Buna da bax:​ Tamaşaçılarınızı sevin, ay Xoşqədəm xanım...

MTRŞ sədri “sosial problemli” insanlardan şou yaradılmasının qəti əleyhinə olduğunu bildirib. O, son bir neçə ayda Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişi haqqında quruma hər hansı “neqativ məlumat” gəlmədiyini də söyləyib.

ATV-nin açıqlaması MTRŞ-nin açıqlaması ilə üst-üstə düşmür

Vaxtilə həmin verilişin yayımlandığı “Azad Azərbaycan” Teleradio Yayım Kampaniyası adından açıqlama yayılıb. Amma açıqlamada MTRŞ-nin verilişlə bağlı xəbərdarlığına dair heç nə deyilmir. Əksinə, adıçəkilən verilişlə bağlı kanal rəhbərliyinin özünün “müəyyən müəmmalı məqamlar”dan duyuq düşdüyü, “bu qüsurlar”ın veriliş aparıcısının və yaradıcı heyətin dəfələrlə diqqətinə çatdırıldığı və onlara xəbərdarlıq edildiyi bildirilir.

“Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verilişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib. Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarla çıxış etdikdə isə kanal rəhbərliyi verilişin bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qurumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib. Qeyd edək ki, həmin materialların içərisində hal-hazırda yayılan kadrarxası görüntülər də olub”, - açıqlamada belə deyilir.

Buna da bax:​ MTRŞ sədri «ANS-in sifəti»dən söz açdı

Bəs yetkili şəxslər araşdırdı?

Maraqlıdır ki, ATV verilişlə bağlı “yetkili şəxslərə” təqdim olunan materialların sonrakı aqibətinə toxunmur. Bu “yetkili şəxslər” MTRŞ rəhbərliyidir, yoxsa hüquq-mühafizə orqanları?

Təəssüf ki, AzadlıqRadiosu gün boyunca ATV və MTRŞ-dən suallarına cavab ala bilməyib.

Telekommunikasiya mütəxəssisi Qulu Məhərrəmlinin fikrincə, tamaşaçıların kütləvi aldadılması qəbuledilməzdir və “MTRŞ bunu bilibsə, ölçü götürməyibsə, bu da düşündürücü faktdır”.

Onun qənaətinə görə, təkcə xəbərdarlıq etmək yetməz, Şura telekanal rəhbərliyi ilə birgə tədbir görməliydi:

“Bəyan olunmalıydı ki, bunlar real həyat faktları deyil, qurama qəhrəmanlar, uydurma personajlardır. Tamaşaçının aldadılması məqbul sayıla bilməz. Belə “yaradıcılıq metodu” heç bir televiziyaya başucalığı gətirmir və bundan əl götürülməlidir”.

Buna da bax:​ "Xoşqədəmin verilişi pornoqrafiya deyil axı..." - Xalid Ağəliyev

Mehriban Vəzir: “Bu, etik deyil”

Jurnalist və teleaparıcı Mehriban Vəzir də olaya münasibətini AzadlıqRadiosu-na açıqlayıb:

“İnsanların duyğuları ilə oynamaq, real əhvalatlardan şoular qurmaq etik deyil. Bunu nə televiziyalar, nə də müəlliflər özlərinə yaraşdırmalıdır. Əlbəttə, şou proqramları, teatrlar, göstərilər, uydurmalar olar, mümkündür, amma bunların janrı var. Yəni saxtakarlıq olmamalıdır. Xoşqədəm xanım belə bir teatral janrda işləmək istəyirsə, onun öz meydanı var, buyursun, ona heç kim etiraz etməz. Ancaq onun gördüyü iş saxtakarlıqdır. Bunu hər adam özünə yaraşdırmazdı. Gərək Xoşqədəm xanım da özünə yaraşdırmayaydı. Belə bir iş tutubsa, bunun mənəvi baxımdan hesabatını verməlidir”.

“Meydan TV” “Səni axtarıram” verilişi ilə bağlı kadrlar yayıb. Bu kadrlarda Rusiyada yaşayan yaşlı kişinin tapılmasından və Azərbaycana gətirilməsindən danışılır. Kadrarxası söhbətdə Xoşqədəm Hidayətqızı studiyaya çağrılan həkimə deyir ki, həmin şəxs ayağa qalxmamalıdır, lazımdırsa ayaqları bağlanmalıdır. Həkim də cavabında iynə vurmağı təklif edir. Bundan sonra tamaşaçı xərəkdə studiyaya gətirilən yaşlı qocanı, onun yaxınlarının fəryadını görür.

Buna da bax:​ Şura Xoşqədəmin verilişlərini bağladı

Deputat: “Dünyanın hər yerində belə hallar olur”

Bu kadrlar yayılandan sonra fikirlər haçalanıb. Bəziləri düşünür ki, televiziya şousunda vəziyyəti bir qədər dramatikləşdirmək, hətta səhnələşdirməyə getmək mümkündür. Onlar diqqəti aparıcının dediklərindən - “ayağını bağlayaq, ayağa qalxmasın” fikrindən daha çox, bu görüntülərin necə ələ düşməsinə diqqət çəkirlər. Bunu qərəz sayanlar da, dolayısı ilə, aparıcıya haqq qazandıranlar da var.

Məsələn, deputat Adil Əliyev “Facebook” səhifəsində yazır: “Dünyanın hər bir yerində bu kimi hallar baş verir. Mən deyərdim ki, yayımlanan məlum video ilə bağlı lazımsız hay-küylər yalnız ucuz şou axtarmağa xidmət edir. Hesab edirəm ki, həmin verilişin cəmiyyət üçün müsbət tərəflərini qabartmaq və gündəmə gətirmək lazımdır. Gördüyünüz kimi, məlum videodakı insanın, yeriməyində və hərəkətində problemlər var... Həmin verilişdə illərlə ayrı düşən insan taleləri birləşdi. Valideynlər uzun illər üzünü görmədikləri övladlarına qovuşdular. Eynilə, bacı qardaşını tapdı. Narahatlıq yaradan məqamsa odur ki, daxildəki videogörüntülər necə yad insanların əlinə düşüb... Bax bunu müzakirə etməyə dəyər”.

Qulu Məhərrəmlinin fikrincə, verilişdə dramatizmə ehtiyac varsa, bu təbii axarla baş verməlidir.

Buna da bax:​ «Sevimli şou» və «Ay Zaur» nəzarətdədir

Mehriban Vəzirsə düşünür ki, “dünyanın hər yerində belə hallar baş verir” və ya “Bütün televiziyalar buna gedir” fikri yanlışdır: “Televiziyalar qətiyyən buna getməməlidir, amma bir məsəl də var: “Tutulmayan oğru xandan, bəydən doğru”. Bu iş heç kimin əlində tutulmayıb, Xoşqədəm Hidayətqızının əlində tutulub. Ona görə də təbii ki, onu qınayacaqlar. “Bunu hamı edir” yanaşması doğru deyil, onda biz cinayət üstündə, lap rüşvət üstündə tutulanlara haqq qazandıraq ki hamı cinayət törədir, hamı rüşvət alır, filankəsi niyə tutaq? Bu ona bənzəyir”.

Xoşqədəm Hidayətqızı “MeydanTV”yə deyib ki, rəhbərliyin xəbəri olmadan heç bir addım atmayıb, efirə gedən bütün verilişlər, süjetlər rəhbərliklə razılaşdırılıb. O, telekanaldan gedərkən, verilişin arxivinin ATV-də qaldığını, ona qarşı təxribat hazırlanması haqda xəbərlər aldığını da bildirib.

Xatırlatmağa dəyər ki, ötən həftə prezident sərəncamı ilə əməkdar jurnalist adına layiq görülənlər arasında Xoşqədəm Hidayətqızı da vardı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG