Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Xocalı faciəsini anım mərasimində gərginlik yaşanıb


Xocalı abidəsi önündə gərginlik
Gözlə

No media source currently available

0:00 0:17:52 0:00

Xocalı abidəsi önündə gərginlik

Bu gün, fevralın 26-da Bakıda Xocalı faciəsinin ildönümü ilə bağlı keçirilən anım mərasimində Müsavat Partiyası rəhbərliyinə və fəallara problem yaradıldığı bildirilir.

Bu partiyadan verilən məlumata görə, Xocalı faciəsinin rəmzi sayılan «Ana harayı» abidəsi önünə gül dəstələri qoymaq istəsələr də, buna imkan verilməyib. Onların vurğulamasına görə, polislər deyib ki, gül dəstələri abidədən xeyli aralıda qoyulmalıdır və partiya başqanı Arif Hacılı buna etirazını ifadə edib.

«Abidə, heykəl burda yox, ordadır. Odur ki, gülü də ora qoymalıyıq. Niyə ziyarət etməyə imkan vermirsiniz? Bunda məqsəd nədir? Gedin rəisinizə də deyin ki, problem yaratmasın. Biz gül dəstəsi qoyub, ziyarət edib gedirik», - A.Hacılı hadisə yerində danışıb.

Bundan sonra partiya fəalları ilə polislər arasında gərginlik yaşandığı, fəallardan M.Kərimovun xəsarət aldığı bildirilir. Verilən məlumata görə, o, huşunu itirib, əraziyə təcili yadım çağrılıb.

«Bu biabırçılıqdır, bizi abidəyə yaxınlaşmağa qoymadılar, polis zabiti bildirdi ki, bura sərhəd qoyulub. Mən də dedim ki, bir saxta sərhədi Ermənistan Qarabağda qoyub azərbaycanlıları ora buraxmır, bir saxta sərhəd də siz burada yaradıb abidəni ziyarət etməyə qoymursunuz», - Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib.

«Belə problemi 20 yanvarda Şəhidlər xiyabanının ziyarəti zamanı da Milli Şuraya yaradılıb. İndi də burada yaradırlar. Bu, Xocalı faciəsini xalqa unutdurmaq cəhdidir», - deyə A.Hacılı əlavə edib.

Daha sonra gərginlik aradan qalxıb və müsavatçılar ziyarətlərini başa vurublar.

Şəhidlər Xiyabanında gərginlik - Polis cəbhəçiləri niyə saxladı?
Gözlə

No media source currently available

0:00 0:20:50 0:00

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq bu il yanvarın 20-də Şəhidlər xiyabanına ziyarət zamanı baş verənlərə görə polis Milli Şura təmsilçilərini günahlandırmışdı. Polis bildirirdi ki, hər il yanvarın 20-də (SSRİ Silahlı Qüvvələri 1990-ci il yanvarın 20-də Bakıda kütləvi qırğın törədib-red.) Şəhidlər xiyabanına ziyarət zamanı sıxlığın yaranmamasından ötrü tədbirlər görülür. Onda polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan Milli Şuraya daxil olan AXCP fəallarından bir neçə nəfər inzibati qaydada həbs edilmişdi. AXCP isə baş verənləri polisin dinc ziyarət iştirakçılarına maneəsi kimi dəyərləndirmişdi.

AXCP sədrindən sual: «Qarabağda savaş olanda haradaydız?»

«Bu da monopoliyadır. İqtisadiyyat monopoliyadadır, siyasət monopoliyadadır, parlament monopoliyadadır, mətbuat monopoliyadadır. İndi ancaq bunlar gəlib bu abidəni ziyarət edə bilərlər».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli fevralın 26-sı Xocalı faciəsinin ildönümü ilə bağlı mərasimdə deyib. O, müxalif siyasi qüvvələrə ziyarət zamanı maneələr yaradıldığını bildirərək daha sonra da bu sualları səsləndirib: «Qarabağda savaş olanda haradaydız? İndi ziyarətə niyə imkan vermirsiniz?».

AXCP sədri vurğulayıb ki, onlar 27 il əvvəl Xocalıda törədilən cinayətlərə münasibətlərini bildirmək istəyirlər. Onun fikrincə, ziyarətə maneə yaradılması antimilli hərəkətdir.

«Yolları bağlayıblar, bura gəlib çıxana kimi neçə dəfə yol dəyişdik ki, bura necə gələk», - deyə o qeyd edib.

AXCP sədrinin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.

Amma rəsmilər ölkədə monopoliyanın olması ilə bağlı deyilənləri qəbul etmirlər. Əksinə, onların fikrincə, ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, siyasi islahatlar aparılır.

Xatırlatma

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Hər il Bakıda Xocalı faciəsinin ildönümü ilə bağlı insanlar Xətai rayonu ərazisində inşa edilən «Ana harayı» abidəsini ziyarət edirlər. Bu gün, yanvarın 26-da səhər saatlarında dövlət başçısı İlham Əliyev və başqa rəsmi şəxslər də abidəni ziyarət ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG