Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:40

İran amerikalı tələbəni buraxmadı


Xiyue Wang
Xiyue Wang

İran hakimiyyəti Prinston Universiteti araşdırmaçısının apellyasiya şikayətini rədd edib. ABŞ vətəndaşı Xiyue Wang Birləşmiş Ştatlar üçün casusluqda ittiham olunaraq 10 il həbsə məhkum edilmişdi. O, ötən il İranda dissertasiya işi üçün tədqiqat apararkən saxlanıb, araşdırma adı altında casusluq etməkdə suçlanıb. Ailəsi və universitet ittihamları rədd edib.

«O, İrana fars dilini öyrənməyə və 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərinə aid tarixi sənədləri tədqiq etməyə gedib. Qabaqcadan İran hakimiyyətinə tədqiqat planlarını, baş çəkmək istədiyi kitabxana və arxivlərin siyahısını təqdim edib, yalnız dissertasiyası üçün gərəkən materiallara çıxış istəyib», – universitet bildirib.

UNİVERSİTET TƏKZİB EDİR

Universitetin mövqeyincə, Wang-ın İrana ölkəni «qarışdırmaq» məqsədiylə göndərildiyi, kəşfiyyat agentliklərinə bağlılığı barədə İranın ittihamları «tamamilə yalandır».

«O, heç bir hökumətə, yaxud kəşfiyyat agentliyinə bağlı olmayıb. Onun apellyasiya şikayətinin rədd edilməsi, ədalətsiz olaraq həbsdə qalması bizi narahat edir», – universitet bildirir.

Wang-ın İranda saxlanması və 10 illik cəzaya məhkum edilməsi barədə xəbər ötən ay yayılıb. ABŞ prezidenti Donald Trump administrasiyası İrana qarşı sərt mövqe tutub, amerikalıların «ədalətsiz» həbsiylə bağlı xəbərdarlıq edib.

«Ədalətsiz yerə həbs olunmuş bütün amerikalılar buraxılmayınca, Trump İrana qarşı yeni və ciddi tədbirlər görməyə hazırdır», – Ağ ev ötən ay bildirib.

Dövlət Departamenti rəsmisi avqustun 17-də ABŞ-ın bu tələbini bir daha dilə gətirib.

«BİR İLDƏN ÇOXDUR ONU GÖRMÜRÜK»

İran isə Wang məsələsini hələlik şərh etməyib.

«Ərimin apellyasiya şikayətinin rədd edilməsi, əsassız casusluq və İrana düşmən hökumətlə əməkdaşlıq ittihamlarıyla həbsdə qalması məni məhv edir. Gənc oğlum və mən bir ildən çoxdur onu görmürük və çox darıxmışıq», – Wang-ın həyat yoldaşı Hua Qu deyib.

Çin vətəndaşı olan Qu söyləyib ki, yaxşı ad çıxarmamış Evin həbsxanasında saxlanan ərinin səhhətindən narahatdır.

«Ümid edirik ki, İran rəsmiləri onu tezliklə buraxacaq, o, ölkəsində tədqiqatını bərpa edəcək və ailəmiz yenidən birlikdə olacaq», – o deyib.

XS
SM
MD
LG