Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

'Ağır beton evin içinə düşüb'


Dam örtüyünü külək aparıb.
Dam örtüyünü külək aparıb.

«Külək örtüyü yola atdı, qaz, işıq xətləri, ağaclar qırıldı. Heç bir qurum yaxın durmadı. Telekanallardan birini çağırdıq, gəlib çəkiliş aparanda icra hakimiyyətinin işçiləri tökülüşüb qaz xəttini düzəltdilər, dam örtüyünün bağladığı yolu açdılar. Ürəyimizi boşaltdıq, çəkən də getdi, heç dediklərimizi efirə vermədi. Eləcə, icra hakimiyyətinin dediklərini verdi və fəhlələrin işlədiyi kadrları göstərdi, dedi ki, problem aradan qaldırılıb».

Dekabrın 12-də Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 47-də yerləşən keçmiş təmir tikinti idarəsinin birmərtəbəli binasının dam örtüyünü külək aparıb. Köçkünlər AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirirlər ki, onsuz da qəzalı vəziyyətdə olan binada 3 gündür gecələyə bilmirlər. Səbəb də odur ki, binanın örtüyü hələ də düzəldilməyib və adamlar evlərinə yığışa bilmirlər.

«BİNAYA GİRMƏYƏ QORXDULAR Kİ, BOĞULARLAR»

23 ilə yaxındır ki, bu binada, əsasən, Kəlbəcərdən, Ağdamdan və Cəbrayıldan köçkün düşmüş təqribən 70 ailə məskunlaşıb. İstismar müddətini çoxdan başa vurduğundan köçkünlər onsuz da burada canlarını dişlərinə tutub həyat sürürlər. Köçkün Gülər Əhmədova danışır ki, acınacaqlı durumla əlaqədar dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə müraciət ediblər:

«Ətrafda tikilən hündürmərtəbəli binaların kanalizasiya suları məhəlləmizə dolur. Qaz, işıq, su xətləri qırıq-qırıqdır. 8 il əvvəl binanın dam örtüyünün qəzalı olmasına görə icra hakimiyyətinə müraciət etdik. Davamlı şikayətlərimizdən sonra gətirib şiferləri necə gəldi düzdülər, getdilər. Beton, şifer – bir hissəsi evlərimizin içərisinə, bir hissəsi yola düşüb. Bizə dedikləri isə budur – «Allahınıza şükür edin ki, sağ qalmışınız»».

Köçkün Afət Hüseynovanın deməsinə görə, 3 gündür ki, evində qalmır: «Ağır beton evin içinə düşüb. Yaxşı ki, başımıza düşmədi. Evimin örtüyü yoxdur, bunu mən özüm etməmişəm ki... Təbii fəlakət edib, demək, hökumət də tədbir görməlidir. Evlərin bir tərəfi uçub, qaz xətti partlamışdı, evləri qaz iyi basmışdı, təcili yardımdan, fövqəladə hallardan gələnlər binaya girməyə qorxdular ki, boğularlar. İcra hakimiyyətinin işçiləri iki gündür səs-küyümüzdən sonra bu gün səhər gəlib yoldan şiferləri, betonları təmizlədi. İşıq xətləri qırılıb ağaclara sarılıb, bir adam o ağaca toxunsa, o dünyalıq olacaq. İnsanların həyatına görə kim cavab verəcək? Qorxudan evimizdə qala bilmirik ki, bir azca da külək əssə, evlərimiz başımıza uçar».

«FƏHLƏLƏR İŞ BAŞINDADIR»

Köçkünlər köçürülmələri üçün dəfələrlə «Qaçqınkom»a müraciət etsələr də, hələ də qəzalı binada qorxu içərisində yaşamaqdadırlar.

Binaya, hələ də qaz, işıq verilişi bərpa olunmayıb.

Abşeron rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, 2 gündür fəhlələr binanın dam örtüyünü düzəltməklə məşğuldurlar: «Hazırda da fəhlələr iş başındadırlar. «KamAZ»la torpaq, sement göndərilib. Yəqin ki, gün ərzində işıq, qaz verilişi də bərpa olunar».

Köçkünlər bildiriblər ki, qırılmış telefon kabellərini, sayğacları və su kranlarını öz hesablarına təmir etdirirlər.

XS
SM
MD
LG