Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

Xırdalan sakinləri: 'Başçının müavini su anbarına bitişik obyekt tikir'


Foto illüstrasiya
Foto illüstrasiya

«Dəfələrlə icra hakimiyyətinə getmişik, bildirmişik ki, su anbarına, elektrik transformatoruna bitişik tikinti aparmaq təhlükəlidir. Bunu edən ərazidə yaşayanların həyatını təhlükəyə atmış olur. Ancaq tikintini elə başçının müavini apardığından müraciətlərimizə baxan yoxdur».

Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsinin sakinlərini narahat edən məsələ yaşadıqları 7-bloklu yeni binaya məxsus su anbarının və enerji transformatorunun qarşısında iaşə obyektinin tikilməsidir. Ərazidə yaşayan Elşən Cabbarovun deməsinə görə, 1 ilə yaxındır ki, qazıntı, tikinti işləri gedir, sakinlər öz dediklərində, obyekt sahibisə öz işindədir:

«BİR MƏMURUN ƏLİNDƏ QALMIŞIQ»

«Binalarda yüzlərlə ailə yaşayır. Bu qədər insan bir məmurun əlində qalıb. Hamı gözəl bilir ki, başçının müavini Fuad müəllim tikdirir, obyekt çayxana, kafe kimi fəaliyyət göstərəcək. Ancaq sakinlərdən başqa heç kəs səsini çıxarmır. Fövqəladə Hallar Nazirliyi də tikintiyə göz yumur».

Bina sakini Əsgər Məmmədov: «Sabah bu su anbarında, yaxud transformatorda bir hadisə baş versə, tikdikləri obyekt təhlükənin qarşısını almağa maneçilik törədəcək. Yəni bir məmurun marağı bu qədər insanın taleyindən daha irəlidirmi?».

Sakinlərin narazılığına səbəb olan tikinti Xırdalan şəhər İcra Hakimiyyətinin bir addımlığında – 1 saylı Dövlət Notariat Kontorunun arxasındakı küçədə aparılır.

MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏLİ

Hüquqşünas Vaqif Alıyev deyir, obyektin su anbarına və enerji transformatoruna bitişik tikilməsi qanunsuzdur: «Qanunla azı 12 metr məsafə saxlanmalıdır. Binanın sakinləri tikintinin dayandırılmasından ötrü məhkəməyə müraciət etməlidilər. Məhkəmə əraziyə baxış keçirib tikilinin dayandırılması və sökülməsi barədə qərar çıxara bilər».

Xırdalan şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, Məhəmməd Əmin Rəsulzadə küçəsindəki həmin tikintinin başçının müavini, qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılovla heç bir əlaqəsi yoxdur. Ancaq qurumdan tikilinin sahibinin kimliyi və obyekt tikintisinə sərəncamın olub-olmadığı açıqlanmayıb.

XS
SM
MD
LG