Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:42

Həmkarlar İttifaqının sədri: 'Neftin hasilatını dayandıraq?'


Cahangir Əliyev
Cahangir Əliyev

«Mən göydəki Allah deyiləm hər şeyin qarşısını alım. Həmkarlar İttifaqının qüvvəsi də elə qüvvə deyil ki, bütün məsələləri həll edə bilsin». Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev AzadlıqRadiosuna müsahibəsində belə deyib.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 4 il qabaq neft və qaz sənayesi işçilərinin qurultayında «şirkətin ən qiymətli sərvəti insandır» söyləmiş, insan amilinə böyük diqqət yetirdiklərini vurğulamışdı. «İnsan həyatının qorunması, istehsalat qəzalarının qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılmalı, fəhlə və qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması, sosial təyinatlı obyektlərin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması məsələləri həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində həll olunmalıdır», – ARDNŞ prezidenti bildirmişdi.

Buna da bax-Azərbaycan neftçiləri nəyin qurbanı olur: Məsuliyyətsizliyin, yoxsa qasırğanın? [video]

Bəs gerçəklikdə durum necədir? Həmkarlar İttifaqı ARDNŞ ilə sıx əməkdaşlıq edə bilirmi? Son bir ildə iki qəzada çoxsaylı insan tələfatı ilə bağlı birgə araşdırma aparılırmı? Həmkarlar İttifaqı şirkətə ünvanlanan ittihamlara cavab tələb edirmi, neftçilərin təhlükəsizliyinə təminat ala bilirmi? Suallar çoxdur. Cahangir Əliyev söhbətə sualı gözləmədən, bir qədər də narazı ovqatda başlayır:

Cahangir Əliyev: 'Mən göydəki Allah deyiləm hər şeyin qarşısını alım'
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid

– Şirkətdən neftçilərlə bağlı lazım olan açıqlamanı verirlər. Mən nə deyəsiyəm sizə? Yəqin son hadisəylə bağlı sual verəcəksiniz.

– Cahangir bəy, Dövlət Neft Şirkətinin ünvanına tənqidlər səslənir. Estakadaların təmir olunmadığı, neftçilərin həyatının təhlükəyə atıldığı bildirilir. Başçılıq etdiyiniz Həmkarlar İttifaqı bu məsələnin araşdırılmasına çalışacaqmı?

– Bu işlər həmişə gündəmdə olub. Məlumatı veriblər, yəqin, siz də hadisənin nədən olduğunu bilirsiniz. Bu məsələ həmişə deyilib, bundan sonra da deyiləcək. Dənizdə işləmək risklidir, o hadisələr həmişə olub. Bundan artıq nə deyə bilərəm sizə? Məni düzgün başa düşün.

– Amma əvvəllər çoxsaylı insan tələfatıyla müşayiət edilən qəzalar baş vermirdi. Ötən ilin dekabrında onlarla insan öldü, bu il 9 nəfərin itkin düşdüyü söylənilir...

– Təklifiniz nədir? Oturub fikirləşirəm, mən nə deməliyəm sizə? Neyləmək lazımdır? Neftin hasilatını dayandıraq? İşləri dayandıraq? Avadanlıqdırsa, köhnəlir, amma təmir də olunur, modernizasiya edilir. Sadəcə, təsərrüfat çox böyükdür. Azərbaycan unikaldır o sahədə. Dünyada heç yerdə estakada şəraitində neft çıxarılmır. Bir bizdədir. Platforma ayrı şeydir, estakada ayrı. O qədər təsərrüfatı düzəltmək, idarə etmək asan deyil, yenə də iş görülür. Amma dənizdəki hava şəraitinin, küləyin qarşısını almaq mümkün deyil. Qarşısıalınmaz şeylərdir.

– Son hadisənin baş verdiyi estakadanın qəzalı olduğu, artıq çürüdüyü, ötən əsrin 70-80-ci illərində salındığı deyilir. Bu deyilənlərin əsası varmı, bununla maraqlanmısız?

– Maraqlanmışıq. Mən dünən orda olmuşam. Necə təmir olunmayıb? Orda görülən işlərlə bağlı sənədlər-sübutlar var. Bu ilin avqustuna qədər orda iş gedib, necə iş görülməyib? Kim deyir onu? Deyirəm də, boş-boş söhbətlərdir... Bu sahə üzrə konkret mütəxəssislər işləyir, vaxtaşırı mətbuat konfransları keçirilir, orda məlumatlar verirlər. Onların sözü daha dəqiq olacaq, nəinki mənim. Məni düz başa düşün.

– Cahangir bəy, Siz Həmkarlar İttifaqının sədri kimi son hadisəylə bağlı təhlükəsizlik məsələsini qaldıracaqsınızmı?

– Təbii ki, qaldıracağıq. Bu söhbət hər zaman gündəmdə var. Bu hadisədən sonra da mütləq əlavə işlər görüləcək. Biz şirkət rəhbəriylə danışıqlara gedəcəyik ki, əlavə hansı işləri görmək olar, neyləmək olar ki, bacardığımız qədər bunun qarşısını alaq. Mən yenə deyirəm, bu, neft sahəsidir, həmişə risk olub. Bütün dünyada da belə hallar olur, bizdə də.

– Bəs ötən ilin dekabrında baş verən hadisənin səbəblərini araşdırdınızmı? Bu halın qarşısını almaq olardımı, hadisə nədən, niyə baş verdi?

– (Bir qədər əsəbi) Sizinlə danışmağa artıq halım yoxdur. Biz telefonla görün nələrdən danışırıq. Gəlin, oturaq, üzbəüz söhbət edək. Lazımi işlər həmişə görülüb. Mən göydəki Allah deyiləm hər şeyin qarşısını alım. Həmkarlar İttifaqının qüvvəsi də elə qüvvə deyil ki, bütün məsələləri həll edə bilsin. Dünyada da elə bir şey yoxdur. Amma o zaman da biz gərəkən sözləri demişdik, gərəkən işləri də görmüşdük, ailələrə lazım olan yardım göstərilmişdi. Mən bundan artıq nə deyim sizə?...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG