Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

"8-ci mərtəbədə eyvanda ocaq qalayıb yemək bişiririk"


İllüstrasiya
İllüstrasiya

►Binanı tikən həbsdədir, sakinlərin dərdinə isə çarə qılan yoxdu

“İşıq, su, telefon var. Qaz yoxdur. Binanı tikən şirkətlə müqaviləmizdə də var ki, payçılar mənzillərinə köçəndə binaya qaz veriləcək. İş orasındadır ki, binaya nəinki qaz verilmir, heç borusu da çəkilməyib”.

Xətai rayonu, Gəncə prospekti, 147 ünvanındakı çoxmərtəbəli binada yaşayan 110 ailənin üzvləri həll edə bilmədikləri problemlərindən danışırlar.

Binada yaşayan İlkin Abbasov deyir, 3 ildən çoxdur binada yaşasalar da, mənzillərinə hələ də qaz xətti çəkilməyib:

“Düzdür, elektrik enerjisi var, ancaq sayğac o qədər çox pul yazır ki... Təkcə ötən ay 211 manat işıqpulu qəbzi gəlib. Nə gizlədim, 20 günə yaxındır 8-ci mərtəbədə eyvanda ocaq qalayıb yemək bişiririk, çaydanla suyu da ocaqda qaynadırıq”.

Deyir tək o yox, qonşuları da bu üsula keçib. İran istehsalı olan qaz balonlarından istifadə etməyə qorxurlar. Deyir, ən rahatı balaca dəmir vannada ocaq qalamaqdır. Ancaq bunun da bir zərəri var – evlər hisə, dumana bürünür – təmirdən əsər-əlamət qalmır.

Binanın başqa sakini Natella Əhmədzadə deyir, xüsusilə də payız-qış aylarında çox əziyyət çəkirlər:

“Mənzillərimizi elektrik enerjisi ilə isitməyə məcburuq. Bütün pullarımız işığa gedir. Mənzillərimizə qaz xətti çəkilməsini binanı tikən mənzil-tikinti kooperativi təmin etməli idi. Ancaq MTK-nın konkret nə ofisi, nə də işçiləri var. Hara gediriksə, deyirlər, şirkətin sahibi həbsdədir”.

Buna da bax: Meyitlər nardaranlılara qaytarılıb

MTK SƏDRİ HƏBSDƏ...

“Günəş” MTK-nın sahibi Dadaş Həmzəyev dələduzluqda təqsirli bilinərək 2 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda MTK-nın hazırkı sahibinin kimliyi barədə nə payçılarda, nə də Xətai rayon icra hakimiyyətində məlumat var.

Sakinlərin sözlərinə görə, binaya qaz verilişi üçün Fövqəladə Hallar Nazirliyinin tələblərinə uyğun bütün işlər görülüb. Ancaq mənzillərə qaz çəkilişi hələ də həllini tapmır. “Azəriqaz” binanı qazlaşdırmaqdan imtina edir.

Buna da bax: Ovçular sosial şəbəkədə “tələyə” düşdü

RƏSMİLƏR DEYİR, PROBLEM YOXDUR...

“Azəriqaz” İstehsalat Birliyindən bildiriblər ki, yeni tikililərin qazla təmin edilməsində heç bir problem yoxdur. Lakin əvvəl həmin binaları tikən şirkətlər Fövqəladə Hallar Nazirliyindən icazə almalıdırlar. Nazirliyin müvafiq qurumları tərəfindən yoxlanışdan keçməyən çoxmərtəbəli binalara qaz verilməsi mümkün deyil.

Hüquqşünas Fuad Hüseynov deyir, MTK-nın fəaliyyəti dayandırılıbsa və sahibi həbsdədirsə, bu, tikilən binanın ortalıqda qalması anlamına gəlmir. Belə tikililər bir sərəncamla icra hakimiyyətinin balansına keçir. Binadakı bütün kommunal problemləri artıq ərazi üzrə icra hakimiyyəti yoluna qoymalıdır.

Xətai rayon İcra Hakimiyyəti binadakı vəziyyətlə maraqlanacağını vəd edib.

XS
SM
MD
LG