Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:14

Baba nəvəsinin ölümündə həkimləri günahlandırır


Xəstəxana

«Nəvəmin ölümü mənə sillə kimi dəydi. Kürəkənim qəzada ölmüşdü, o uşaq mənə əmanət idi. Həkimlər bu əmanəti əlimdən aldı».

Elman Əliyev üçyaşlı nəvəsi Səkinəni itirəndən özünə yer tapa bilmir. Deyir, kürəkəninin faciəsindən sonra iki ailə onun yadigarı balaca Səkinə ilə ovunurmuş...

«3 MİN MANATDAN ÇOX İYNƏ-DƏRMAN ALDIRDILAR»

Təqribən ilyarım öncə Səkinənin halı qəfil pisləşir. Hərarəti tənzimlənməyən qızcığaz Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına aparılır. Həkimlər Səkinəyə «neyrotoksikoz, kəskin pankreatiti» diaqnozu qoyurlar və müalicə də bu diaqnoz üzrə aparılır. Ancaq xəstə uşağın səhhətinin getdikcə ağırlaşdığını görən həkimlər ailə üzvlərinə «əlimizdən gələni etdik, Mərkəzi Klinikaya müraciət edin, bəlkə orda yardım edə bilərlər», – deyib yaxalarını kənara çəkirlər.

Baba danışır: «Bizə 3 min manatdan çox iynə-dərman aldırdılar, analizlərə xeyli xərcimiz çıxdı. Sonra da Mərkəzi Klinik Xəstəxanaya ötürdülər. Burda da xeyli analizlər götürüldü, müayinələr aparıldı. Uşağa irsi «Aralıq dənizi qızdırması» (Familial Mediterranean Fever - FMF) diaqnozu qoyuldu. Təqribən 3 min manata kimi də burda dava-dərman aldırdılar, analizlərə görə pul aldılar. Uşağınsa vəziyyətində bir irəliləyiş yox idi. Gördük ki, burda da baş çıxarmırlar, yaxınların məsləhəti ilə başqa bir özəl xəstəxanaya götürdük. Məlum oldu ki, hər iki xəstəxana uşağı səhv diaqnoz üzrə müalicə edib. Vurulan iynələr durumunu daha da ağırlaşdırıb. Sən demə, heç yerli klinikalarda həmin xəstəliklə bağlı diaqnoz qoyulması mümkün deyilmiş. Qoyulan diaqnoz üzrə qan Türkiyədə, ya da Almaniyada analiz olunurmuş».

ARTIQ GEC İDİ...

Çarəsiz ailə İran xəstəxanalarına üz tutub. Oradan Almaniyaya göndərilən qan kütləsinə görə tezliklə cavab gəlib: üçyaşlı Səkinədə FMF xəstəliyi aşkar olunmayıb. Yerli xəstəxanalardan əlini üzən ailə uşağı Rusiyaya aparır. Burada onlara bildirilir ki, uyğun olmayan müalicələr uşaqdakı onkoloji xəstəliyi gücləndirib və bədxassəli şiş böyüyüb. Rusiyada müalicədən imtina olunduğundan ailə kor-peşman Bakıya qayıdır, yenə yerli xəstəxanalara üz tutmalı olur.

Elman Əliyev: «Milli Onkologiya Mərkəzində uşağı əməliyyat etdilər, ancaq həyata qaytara bilmədilər. Səhv diaqnoz uşağın canını aldı. Əsas xəstəlik qaldı kənarda, həm vaxt getdi, həm də uşağın bədəninə aidiyyəti olmayan dərmanlar yeritməklə şişin böyüməsini sürətləndirmişdilər».

«MÜALİCƏ DÜZGÜN APARILIB»

Səhiyyə Nazirliyindən AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirilib ki, bu məsələ məhkəmə tərəfindən hüquqi qiymətini alıb. Nazirliyin nümayəndəsi Ramid Yusifbəyli ötən yay Nəsimi rayon Məhkəməsində keçirilən məhkəmə iclasında bildirib ki, hər iki xəstəxanada qoyulan diaqnozlar və müalicələr aşkarlanmış xəstəliyə uyğun olub.

Elə babanı məyus edən həm də üçyaşlı Səkinənin faciəsinə məhkəmə tərəfindən verilən həmin hüquqi qiymətdir: «Ekspertiza da saxta bir rəy verdi ki, guya hər iki xəstəxanada qoyulan diaqnozlar və aparılan müalicələr həmin müddət Səkinədə aşkarlanmış xəstəliyə uyğun hesab edilib».

Şərhlər (1)

Bu forum dayandırılıb

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG