Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 00:56

Xersonda referendum təxirə salınır


Ukraynalı əsgər Xerson vilayətinin Vısokopiliya kəndinə Ukrayna bayrağını sancır, 4 sentyabr, 2022-ci il
Ukraynalı əsgər Xerson vilayətinin Vısokopiliya kəndinə Ukrayna bayrağını sancır, 4 sentyabr, 2022-ci il

Qara dəniz sahilində vacib liman şəhəri olan Xerson martın əvvəlindən Rusiyanın tam nəzarətindədir

Ukraynanın Xerson vilayətinin işğal olunmuş yerlərinə Moskvanın təyin etdiyi məmur Rusiyaya birləşmək üzrə planlaşdırılan referendumun təxirə salındığını deyir. Bu arada Ukrayna silahlı qüvvələri ərazini geri qaytarmaq üçün hərbi əməliyyatları davam etdirirlər.

“Səsverməyə hazırlaşmışıq, referendumu yaxın gələcəkdə keçirmək istəyirdik. Ancaq hazırda baş verənlərlə əlaqədar, məncə, referendumu təxirə salacağıq”, – Rusiyanın Xersona təyin etdiyi qubernator müavini Kiril Stremusov sentyabrın 5-də TASS xəbər agentliyinə deyib.

Qara dəniz sahilində vacib liman şəhəri olan Xerson martın əvvəlindən Rusiyanın tam nəzarətindədir. Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan bir neçə həftə sonra bu vilayəti işğal edib.

Avqustun sonunda Ukrayna cənubda, xüsusilə də Xerson vilayətində əkshücuma başlayıb. Kiyev bəzi yerləri geri aldığını deyir, ağır döyüşlər davam edir.

Vereşçukun xəbərdalığı

Stremusov iyunun əvvəlində deyirdi ki, Xerson indi Rusiyanın “tam” tərkib hissəsidir və sentyabrın əvvəlində vilayətin Rusiyaya birləşməsi üzrə referendum keçiriləcək. O, Ukrayna Baş nazirinin müavini İrina Vereşçukun son bəyanatlarının mümkün referendumu poza bilməyəcəyini vurğulayıb.

Vereşçuk deyib ki, Rusiyanın təyin etdiyi məmurların təşkil etdiyi qanunsuz referendumlarda iştirak edən Xerson sakinləri 12 il həbs, bütün əmlakın müsadirəsi cəzasıyla üzləşə bilər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin avqustun əvvəlində dediyinə görə, Moskva işğal etdiyi ərazilərin Rusiyaya birləşdirilməsi üzrə referendumlar keçirsə, Ukrayna və onun beynəlxalq müttəfiqləri ilə sülh danışıqları mümkün olmayacaq.

Referendum söhbəti təzə deyil

Rusiya əsgərləri və Moskvanın dəstəklədiyi separatçılar hazırda Ukraynanın Donbas regionunda böyük əraziləri, Zaporojyenin cənub-şərq vilayətlərini tutublar. Moskvanın həmin ərazilərə təyin etdiyi məmurlar da Rusiyaya birləşmək üzrə referendum keçirməyin mümkünlüyündən danışırlar.

2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edən Moskva qanunsuz referendum keçirərək ərazini ilhaq edib.

Elə həmin il separatçılar Ukraynanın şərqində müstəqillik referendumları keçirərək Luqansk və Donetsk vilayətlərində “xalq respublikaları” elan ediblər. Moskva fevralın 24-də Ukraynanı işğal etməzdən öncə bu “respublikaları” tanıyıb.

XS
SM
MD
LG