Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:19

Xersonlu Mixaylo: ‘Məlumatı ötürməyimdən 20 dəqiqə sonra hədəfi məhv etdilər’


Xerson vilayətində işğaldan azad edilmiş kənd
Xerson vilayətində işğaldan azad edilmiş kənd

Xersonlu Vladıslav Nedostup üçün doğma şəhərinin səkkiz aylıq işğalı artıq keçmişdə qalsa da, həmin zaman kəsiyi həyatını dəyişib. O hələ də bir az dolu, yumşaq xasiyyətli sosiologiya diplomlu adamdır. Ancaq həm də artıq başqa insanları – beş rusiyalı əsgəri öldürmüş biridir. Bütün bunları rusiyalıların geri çəkilməsindən sonra Xersonda bir barda danışır.

"Bir il əvvəl mənə desəydilər ki, partizan olub kimisə öldürəcəyəm, onlara gülərdim. Ancaq indi, buyurun”, – o deyir.

Köhnə maşın hissələri satmaqla məşğul olan 28 yaşlı Nedostupun Rusiya Ukraynaya fevralın 24-də hücum edənəcən heç bir hərbi təcrübəsi olmayıb.

Kalaşnikovu necə əldə edib

Müharibə başlayanda o da sovet ordusunda xidmət etmiş atası kimi yerli komissarlığa gedərək ərazi-müdafiə birliyinə yazılıb. Burada heç bir sənəd doldurmayan Nedostupa Kalaşnikov avtomatı və dörd “maqazin” veriblər. Onun sözlərinə görə, həmin vaxt şəhər “çox xaotik” durumda imiş.

Tezliklə Rusiya qüvvələri Krım yarımadasından şimal-qərbdə, Dnepr çayının mənsəbi yaxınlığında yerləşən liman şəhəri Xersona giriblər. Xerson rusların hücuma başladığı gündən bəri işğal edə bildikləri yeganə regional mərkəz idi, indi artıq onu da itiriblər.

Nedostupun xidmət etdiyi dəstə işğalçılarla toqquşmalarda iştirak etməyib, gizlənməyə məcbur olub. Onun komandiri və dəstənin daha iki üzvü sorğu-sual edilərək beş illik həbs olunublar. Onun özünü isə dəfələrlə telefonla hədələyiblər.

Nedostupun sözlərinə görə, onu ən çox narahat edən sorğu-sual ediləcəyi barədə hədələr yox, "rusların Xersonda özlərini evdəki kimi hiss etməsi” olub.

Xersonda qalıblar

İlk dövrlərdə baş qaldıran etirazları dağıdan işğalçılar tezliklə şəhərdə rus bayraqları asmağa başlayıblar. Onlar hərbi-mülki administrasiya yaradaraq rublu dövriyyəyə buraxıblar. Sentyabrda isə Moskva Xerson şəhəri və ətraf bölgələri öz ərazisi elan edib.

Artıq Xersonda döyüşlərin olmayacağı bilinəndə Nedostup bəzi döyüş yoldaşlarına qoşulub qonşu Nikolayev bölgəsində döyüşməyə getmək istəməyib. Əvəzində bəzi başqa yoldaşları ilə birlikdə doğma şəhərinə qayıdıb.

“Faydalı olmaq” və “döyüşməyə davam etmək” istədiyini deyən Nedostup Rusiya qoşunları haqda məlumat toplayaraq Ukrayna ordusundakı dostlarına ötürməyə başlayıb. Ancaq şəhərin ətrafından, o cümlədən Kiyev yaxınlığındakı Buçada baş verən soyqırımı və Mariupolda “Azovstal”ın süqutu haqda qorxunc xəbərlər gəlməyə başlayanda o daha çox iş görmək istəyib.

Odessaya hücumdan bir həftə sonra..

Apreldə Rusiya raket hücumu Odessada Valeria Hlodan adlı qadını üç aylıq qızı və anası ilə birlikdə evlərinin içində öldürəndə Nedostup “qanlı intiqam” almaq qərarına gəlir. Hlodan uşaqlıqda Nedostupun sinif yoldaşı olmuşdu.

Bir həftə sonra o, özünün ömrü boyu yaşadığı məhəllədə bardan çıxan bir rus əsgərinə arxadan yaxınlaşaraq onun boğazını kəsərək onu öldürüb.

"Qorxu və baş verənlərin absurdluğundan başqa heç bir şey hiss etmədim”, – Nedostup deyir. O, hadisə yerindən qaçdıqdan sonra yaşadığı mənzilə gedib uzun duş qəbul etdiyini, sonra da kompüterində “The Office” serialına baxdığını deyir.

Martın əvvəlindən noyabrın əvvəllərinədək bir çox şəhər sakini işğalçılarla əməkdaşlığı seçir, yaxud da buna məcbur edilir. Nedostupun əvvəllər işlədiyi maşın təmiri yerində işğal dövründə rus maşınları təmir olunurdu. Ukrayna Xersonu azad edəndə onun keçmiş müdiri İspaniyaya qaçıb. Bəzi işçilərsə ruslarla birlikdə qaçıblar.

Təcridxana

Aylar keçdikcə rus işğalçı hökumətinə tabe olmayan sakinlər üçün həyati təhlükə artmağa başlayıb. Şahidlər və Ukrayna rəsmiləri deyirlər ki, şəhərdə yaradılmış məhkəməöncəsi təcridxanada işğalçılarla əməkdaşlıqdan imtina edənləri dindirir, işgəncəyə məruz qoyurdular. Zülm edilən insanların dəqiq sayı bilinməsə də, yerli sakinlər hər gün onlarla insanın bu təcridxanaya aparıldığını deyirlər.

Nedostup rusların onu axtardığını bilirdi, atasının evində də axtarış aparılmışdı. O, şəhərin fərqli yerlərində müxtəlif mənzillərdə gizləndiyini, tanışlarını təhlükəyə atmamaq üçün kontaktlarını onlardan gizlətdiyini deyir.

"Bu şəraitdə özümlə tək qalmağa, dünyadakı rolum haqda düşünməyə çoxlu vaxtım oldu. Bu nəticəyə gəldim ki, ədalət hərəkət etməyimi tələb edir”, – o deyir.

Daha iki Rusiya əsgəri

İyunun əvvəllərində Nedostupun bir dostu görür ki, bir neçə rus əsgəri tez-tez onun yaşadığı həyətdə birlikdə siqaret çəkir və çay içir. Onlar küçələrdə keşik çəkməkdənsə, həyətdə növbələrinin bitməsini gözləyirmiş.

Nedostupun sözlərinə görə, o, dostunun verdiyi məlumat sayəsində həmin əsgərlərdən ikisini ilin əvvəli ərazi müdafiə birliyindən aldığı silahla vuraraq öldürüb. O və dostu əsgərlərin silah və sənədlərini götürmək istəyirmiş. Ancaq hər şey o qədər tez baş verib ki, onlar qaçmalı olublar.

Nedostup o zamanadək artıq özünün məlumat şəbəkəsini qurduğunu və birbaşa Ukrayna kəşfiyyat xidmətinə məlumat ötürməyə başladığını deyir. Ancaq o, gizli müqavimət hərəkatının mütəşəkkil diversiya fəaliyyətlərinə qatılmadığını söyləyir.

Qanun nə deyir

Nedostup rus əsgərlərini “heç bir əmr olmadan”, öz qərarı ilə öldürdüyünü danışır. Martın əvvəllərində Ukraynada mülki şəxslərə rus hərbi heyətini öldürməyə icazə verən qanun qəbul olunub. Nedostup həmin qanuna görə hərəkətlərini qanuni sayır.

Mülki vətəndaşların Ukraynanın müdafiəsində iştirakının təmin edilməsi haqda” Qanunun 5-ci maddəsində deyilir ki, mülki vətəndaşlar Ukraynaya qarşı silahlı aqressiya həyata keçirən şəxslərə qarşı silah işlətməyə görə məsuliyyətə cəlb edilməyəcəklər.

Kiyevdə “Miller” hüquq şirkətinin cinayət hüququ mütəxəssisi İlya Vorobyov AzadlıqRadiosuna Nedostupun məqalədə göstərilən hərəkətlərinə görə cinayət işi açılması üçün heç bir səbəb görmədiyini deyir. Onun sözlərinə görə, beynəlxalq hüquq nöqteyi-nəzərindən Nedostup mülki şəxs kimi deyil, hərbi birliyini üzvü kimi görülməlidir.

Nedostup daha iki rus əsgərini sentyabrın əvvəllərində, Ukrayna ordusunun şəhərə doğru irəlilədiyi dövrdə öldürdüyünü deyir. O və iki tanışı karaokedən çıxan iki rus əsgərini bıçaqla öldürüb, daha sonra onların pasportlarını götürüblər.

Taksi sürücüsü “Mixaylo”

Nedostupun Mixaylo adlı dostu bütün işğal müddətində taksi sürücülüyü edib. Arvadı və oğlu şəhəri tərk etdikdən sonra o, Nedostup və digər müqavimət üzvlərinə məlumat ötürməyə başlayıb.

Mıxaylo Xersonda Ukrayna ordusunun vurduğu hər bir nöqtəni tanıdığını deyir. Bura ABŞ-ın verdiyi HIMARS artilleriya sistemləri ilə vurulan nöqtələr də daxildir. Sakinlər HIMARS sistemlərinin Rusiya əsgərlərini yüksək dəqiqliklə vurduğunu deyirlər.

"Daim hərəkətdə idim, ona görə də dəqiq məlumatım var idi”, – köhnə “Mazda”sında şəhər mərkəzindən çıxan Mıxaylo deyir. “Bir dəfə bir hədəfi məlumat ötürməyimdən 20 dəqiqə sonra məhv etdilər”, – o deyir.

"Ancaq “ən yaxşı rus ölü rusdur” ifadəsini xoşlamıram”, – Mıxaylo qısa sükutdan sonra deyir. O, taksisinə minən rus əsgərlərinin çoxunun "təbliğat vasitəsilə beyninin yuyulduğunu” və “orduda xidmət etməkdən başqa seçimi olmadığını” söyləyir.

"Müharibə şərdir və ölümlə bağlı yaxşı heç nə yoxdur", – deyən Mixaylo və maşınını rusların bir neçə gün öncə dağıtdığı Antonov Körpüsü yaxınlığında park edir.

“Müharibə axmaq şeydir”

Mıxaylonun atası çayın o biri tərəfində – hələ də rusların nəzarətində olan ərazidə qalıb. Mobil rabitə zəif olduğundan onlar bir-biri ilə normal əlaqə də saxlaya bilmirlər.

Güllə və avtomat silah səsləri gəlməyə başlayan kimi Mıxaylo çayın sahilindəki siqaret fasiləsinə son qoyub dərhal maşına hoppanır və tezcə ərazini tərk edir.

Sonrakı həftələr ərzində bu səslər get-gedə daha da çoxalır. Rusların çayın o biri sahilindən şəhəri tez-tez atəşə tuturlar. Bu hücumlar nəticəsində artıq bir həftədən bir qədər çox müddət ərzində 17 nəfər öldürülüb. Çayın qarşı sahilindəki təhlükə şəhərdə azadlıq eyforiyasına kölgə salır.

"Müharibə axmaq və qəddar şeydir, xüsusən də 21-ci əsrdə", – sürətlə şəhərə doğru hərəkət edən Mıxaylo deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG