Ukraynanın cənubundakı Xerson şəhərini Rusiyanın atəşə tutması nəticəsində biri ağır olmaqla bir neçə nəfər yaralanıb. Bu haqda yerli rəsmilər avqustun 3-də məlumat yayıb. Bundan öncə isə Rusiya ikinci gün ardıcıl Kiyevi dron hücumlarına məruz qoyub.
Rusiya qüvvələri səhər saatlarında Xersondakı Müqəddəs Katerina Kilsəsi və ətrafını iki dəfə atəşə tutublar. Birinci insident zamanı hərəkətdə olan trolleybus vurulub, üç nəfər yaralanıb. Onlardan biri yaşlıdır, vəziyyətlərinin ağır olduğu bildirilir.
Birinci zərbədən sonra kilsədəki yanğını söndürməyə tələsən xilasetmə komandasının dörd üzvü isə ikinci hücumda yaralanıb. Bunu Ukraynanın Daxili İşlər Nazirliyi bəyanatında bildirib.
Ukrayna qüvvələrinin noyabrda azad etdiyi Xerson Dnepr çayının sol sahilində yerləşən Rusiya qüvvələri tərəfindən mütəmadi atəşə məruz qalır.
Avqustun 1-də Xersonda xəstəxana vurulub, bir həkim həlak olub, bir neçə tibb işçisi yaralanıb.
Kiyevə dron zərbəsinin isə itkisiz və ziyansız dəf olunduğu xəbər verilir. Vilayət qubernatoru Sergey Popko hücumların dünənki kimi kütləvi olduğunu, Kiyevə İran istehsalı “Şahid” dronları ilə səkkiz ardıcıl zərbə endirildiyini bildirir.
Kiyevdə səhər 4-dəl, üç saat ərzində hava həyəcanı verilib.
Avqustun 2-də Kiyev üzərində 10-dan çox dron vurulub, qalıqları şəhərin bəzi hissələrində dağıntılar törədib.
Taxıl anbarları vurulur
Avqustun 2-də Ukraynanın İzmail və Odessa limanlarında taxıl anbarları Rusiyanın dron zərbələrindən ziyan görüb.
İzmaildə taxıl anbarına ziyan dəyib. Moskva taxıl sazişini uzatmaqdan imtina edəndən sonra Ukrayna bu liman vasitəsilə taxılını ixrac edir. Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə olunmuş saziş Ukraynanın Qara dənizlə taxıl və digər məhsullar daşımasına imkan verib.
İnfrastruktur naziri Oleksandr Kubrakov deyib ki, Afrika ölkələrinə yola salınacaq 40 min tonluq taxıl məhv olub.
Ukraynanın Qara dənizdə əsas limanı Odessa da Rusiya taxıl sazişindən çıxandan sonra Rusiyanın atəşinə və dron hücumlarına məruz qalır.
Dövlət Departamentinin sözçüsü Metyu Millerin (Matthew Miller) sözlərinə görə, Rusiya taxıl sazişini uzatmaqdan imtina edəndən Ukraynanın daxilində 180 min ton taxılı məhv edib.
Cəbhədə vəziyyət
Cəbhədə isə Ukrayna qüvvələrinin Donetskdə Staromayorske ərazisində Rusiyanın əkshücumlarını dəf etdiyi bildirilir. Staromayorske iyulun 27-də yenidən Ukrayna qüvvələrinin nəzarətinə keçib.
Müdafiə nazirinin müavini Hanna Malyar Telegram-da yazıb ki, Ukrayna qüvvələri Donetskdəki Baxmut ərazisində tədricən irəliləyir.
O, Rusiya qüvvələrinin Baxmutun şimalına əlavə qüvvələr gətirdiyini, son həftələr orada ağır döyüş getdiyini vurğulayıb.
Ukrayna əsgərlərinin cənubda – Zaporojye vilayətində Berdyansk və Melitopol istiqamətində də kiçik irəliləyişlər baş verdiyi xəbər verilir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov deyib ki, qoşunları ümid edildiyindən daha ləng irəliləyir, çünki Rusiya qüvvələrinin müdafiəni gücləndirməyə və saysız minalar basdırmağa xeyli vaxtları olub. O, hər kvadrat metrə 3, 4, 5 mina basdırıldığını bildirib.