Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

Avropa Məhkəməsi Xədicə İsmayılovanın şikayəti üzrə hökmü elan edəcək


Xədicə İsmayılova
Xədicə İsmayılova

Avropa Şurası mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, yanvarın 10-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Xədicə İsmayılovanın Azərbaycan hökumətindən şikayəti ilə bağlı qərarını elan etməlidir.

Məhkəmə tanınmış təhqiqat jurnalistinə qarşı qarayaxma kampaniyası məsələsinə baxıb.

Xədicə İsmayılova 2005-ci ildən bəri təhqiqat jurnalistikası ilə məşğul olur və xüsusən də AzadlıqRadiosu üçün hazırladığı materiallarda Azərbaycan hakimiyyətini sərt tənqid edib. O 2010 və 2012-ci illərdə Azərbaycan prezidenti və ailəsinin iddia olunan korrupsiya əməlləri barədə materiallar hazırlayıb.

İsmayılova 2012-ci ildə şəxsi həyatına aid video ilə şantaj edilib. Ona göndərilən məktubda fəaliyyətini dayandırması tələb edilirdi.

2013-cü ildə daha iki şantaj videosu internetə qoyulub. Bunun ardınca dövlət nəzarətində olan üç qəzet İsmayılovanı qeyri-peşəkarlıqda, hökumətə qarşı qərəzdə və əxlaqsızlıqda ittiham edən yazılar dərc edib.

Xədicə İsmayılova mənzilində ondan xəbərsiz quraşdırılmış çox sayda kamera, çəkilişi ötürən transmitterlər və ikinci telefon xəttini aşkar edib.

Prokurorluq orqanları bununla əlaqədar xanım İsmayılovanın ərizəsi ilə bağlı cinayət təhqiqatınabaşlayıb və jurnalistin dövlət Baktelekom şirkətinin mühəndisindən ifadə alınması barədə ricasını qəbul edib.

Sözü gedən mühəndis Xədicə İsmayılovanın mənzilində ikinci telefon xəttini göstəriş əsasında çəkdiyini etiraf edib. 2012-2013-cü ildə hakimiyyət orqanları habelə jurnalistə göndərilmiş hədə məktubuna və onun içindəki fotoşəkillərə dair təhqiqat aparılmasına göstəriş verib.

Xədicə İsmayılovanın təhqiqatın səmərəsiz aparılması barədə şikayətinə cavab olaraq prokurorluq orqanları 2012-ci ilin aprelində dərc etdiyi məlumatda bildirir ki iş üzrə İsmayılovanın dostları, həmkarları və ailə üzvləri də daxil bir sıra şahidlərdən ifadələr alınıb.

Bunun ardınca Xədicə İsmayılovanın verdiyi şikayətdə qeyd olunur ki, prokurorluğun məlumatında onun şəxsi həyatına, həmkarlarına və dostlarına aid şəxsi məlumatlar açıqlanıb. Jurnalistin bu şikayəti də, sonrakı müraciətləri də nəticəsiz qalıb.

Bundan sonra, 2013-2014-cü illərdə xanım İsmayılova prokurorluq orqanlarının təhqiqatı uzatmasına dair ölkə məhkəmələrinə bir neçə dəfə uğursuz nəticələnən şikayətlər verib.

Avropa Şurası mətbuat xidmətinin məlumatında xatırladılır ki, Xədicə İsmayıliova Avropa İnsan Haqları Məhkəməsinə 2014-cü ildə həbsinin qanunsuzluğu ilə bağlı ayrıca ərizə ilə müraciət edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG