Keçid linkləri

Təcili xəbərlər
2020, 03 İyun, çərşənbə, Bakı vaxtı 07:50

Xarici siyasətdə dəyişiklik 'mümkündür'


T.Zülfüqarov

«Azərbaycanın xarici siyasətində bəzi dəyişikliklər gözləmək olar», – keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosunun «İlham Əliyevin növbəti prezidentlik dövründə xarici siyasətdə dəyişiklik mümkündürmü? Qərblə münasibətlərə yenidən baxıla bilərmi?» suallarını belə cavablandırır.

«Tək seçkilərlə bağlı yox, dünyada gedən proseslərlə əlaqədar dəyişiklik mümkündür. Biz görürük ki, Qərblə Şərq arasında gərginlik artır. Bu baxımdan Azərbaycan balanslaşdırılmış siyasət aparmağa məcburdur. Çünki bir tərəfdən onun Qərblə iqtisadi əlaqələri və başqa əlaqələri inkişaf mərhələsindədir, ikinci tərəfdən Rusiya, İran kimi ölkələrlə həmsərhəddir. Bu baxımdan balanslaşdırılmış siyasət çox vacibdir», – Zülfüqarov izah edir. Onun sözlərinə görə, balanslaşdırılmış siyasət heç də passiv siyasət deyil:

«Azərbaycan hər bir məsələylə bağlı mövqeyini çatdıra və istənilən gərginlik zamanı hansısa tərəfin yanında durmaya bilər. Amma bu zaman Bakının tərəflərə xoşniyyətli xidmətlər göstərməsi mümkündür. Buna bənzər hadisələr olub. Tutalım, ABŞ və Rusiyanın baş qərargah rəisləri Azərbaycanda görüşüblər və s. Bu cür xoşməramlı xidmətlərlə Azərbaycan öz yerini tuta bilər».

E.Şahinoğlu
E.Şahinoğlu

«Azərbaycan nə Rusiyanın yanında yer ala bilər, nə də Qərbin»

Politoloq Elxan Şahinoğlu xarici siyasətdə köklü dəyişiklik gözləmir. O da rəsmi Bakının balanslaşdırılmış siyasəti davam etdirəcəyini güman edir və bu məsələdə hakimiyyətə haqq verir. Politoloqun qənaətincə, Azərbaycan son hadisələrin fonunda, yəni Suriyada və ya başqa bölgələrdə baş verən hadisələrdə nə Rusiyanın yanında yer ala bilər, nə də Qərbin: «Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil. Azərbaycan kiçik dövlətdir, əsas problemi işğal altındakı torpaqların azad olunmasıdır. Bu yöndə çalışmalıdır. Ona görə heç bir qütblə konfliktə girə bilməz. Hər iki tərəflə münasibətləri normal saxlamaq məcburiyyətindədir».

Amma politoloq ona da diqqət çəkir ki, Bakı Moskvayla nə qədər yaxınlaşsa da, Kreml Dağlıq Qarabağ münaqişəsini həll etmir, imkanları olduğu halda Ermənistana təsir göstərmir. Şahinoğlunun qənaətincə, bu da narahatedici haldır, çünki Azərbaycanın apardığı siyasət nəticə vermədi, Moskva Bakı ilə bağlı siyasətini dəyişmədi və Qarabağ münaqişəsini də həll etmək istəmir.

«Azərbaycanmeylli siyasət»

Bir müddət Rusiyaya meyllənən Azərbaycanın Qərblə münasibətlərində yeni mərhələ başlaya bilərmi? T.Zülfüqarovun qənaətincə, Avropayla, ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün Azərbaycanın siyasəti nə qərbmeylli, nə də şərqmeylli olmalıdır, əksinə «azərbaycanmeylli siyasət» aparmalıdır.

E.Şahinoğlu isə Qərblə əməkdaşlığın Azərbaycanın xeyrinə olduğunu düşünür. O hesab edir ki, Azərbaycan da ləngimədən, bir sıra qonşu ölkələr kimi, Avropa Birliyi ilə sazişi imzalamalıdır. Politoloqun sözlərinə görə, Azərbaycan Rusiya ilə münasibətlərə xələl gətirmədən əsas ticarət tərəfdaşı olan Avropayla daha da yaxınlaşmalı, AB-nin iqtisadi, siyasi, hərbi strukturlarına inteqrasiyanı genişləndirməlidir:

V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

«Açıq danışaq. Azərbaycan Rusiyanı «tərəfdaş dövlət» adlandırsa da, ölkənin bütün enerji layihələri, əsasən, Avropaya yönəlib. TAP, TANAP layihəsi Avropaya yönəlib, qazımız Avropaya daşınmalıdır. Bu da Rusiyanın bəzi dairələrində qıcıq oyadır. Çin mallarının Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Azərbaycan üzərindən Türkiyəyə və Avropaya daşınması məsələsi var. Bu layihələr və üstəlik də ABŞ-ın bu məsələdə Bakını dəstəkləməsi Rusiyanın siyasi və hərbi dairələrini qıcıqlandırır. Amma bu layihələr Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Ona görə də Azərbaycan hakimiyyəti istəsə də, istəməsə də Qərblə əməkdaşlıqdan qopa bilməz. Bu əməkdaşlıq davam etdirilməlidir».

Qərb dəyişiklik istəyə bilərmi?

Yerli təhlilçilərdən bəziləri növbədənkənar prezident seçkilərinin Qərblə razılaşdırıldığını iddia edirlər. Hətta fikirlərini əsaslandırmaq məqsədilə bəzi beynəlxalq qurumların yeni prezidenti təbrik etməsini örnək göstərirlər. Seçkidən sonrakı mərhələdə Qərb dairələrinin Azərbaycanla danışıqda tonunu dəyişməsi, daxili siyasətində dəyişikliklərə getməsi haqda tələblərin sərtləşə biləcəyi haqda ehtimallar da səslənməkdədir.

Keçmiş nazir T.Zülfüqarov bu haqda öz mülahizələrini bölüşür: «Hər zaman «Qərbdən təzyiqlər», «beynəlxalq qurumlardan gələn təzyiqlər» kimi məfhumlar olub. Təcrübə göstərir ki, bu, effektiv təsirə malik deyil. Mən başqa şeyə ümidliyəm. Hakimiyyətin müxtəlif dairələrində yeniliklər edilməsi haqda fikirlər tez-tez səslənir. Məsələn, müxtəlif islahatların aparılması, kadr siyasətində dəyişiklik, yeniləşmə, bəlkə daha da cavanlaşma prosesinin getməsi haqda danışılır. Bunlar daha aktualdır və bu tələblər cəmiyyətdən gəlir. Bu istiqamətdə gedəcək proseslərdə beynəlxalq proseslərin rolu nə qədər önəmli olacaq, bilmirəm. Amma mən daha çox cəmiyyətin sifarişini nəzərə almaq tərəfdarıyam».

Q.Hüseynli
Q.Hüseynli

«Qərb buna yol verməməlidir»

«Seçkidən sonra ATƏT müşahidəçilərinin verdiyi bəyanat müəyyən narahatlıq yaratsa da, məncə, ölkənin siyasi elitası bunu çox da problemə çevirməməyə, problemi gərginləşdirməməyə çalışır», – politoloq Qabil Hüseynli öz müşahidəsini bölüşür. O, bundan əvvəl də buna bənzər hadisələrin baş verdiyini, amma sonradan Qərblə Azərbaycan münasibətlərinin axarına düşdüyünü xatırladır.

«Üstəlik də nəzərə alsaq ki, İlham Əliyev bu seçkidən sonra həm kadr, həm də struktur islahatları həyata keçirmək barədə bəzi vədlər verib. Bu da Qərbin istəkləri ilə üst-üstə düşə bilər. Zənnimcə, Qərb Azərbaycanı özündən uzaqlaşdırma yolu yox, özünə yaxınlaşdırma xəttini seçməli və Azərbaycanın başqa təsirlər altına düşməsinə yol verməməlidir», – deyərək Q.Hüseynli fikrini tamamlayır.

XS
SM
MD
LG