Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 11:55

‘Xaricdən saxta bal gətirib, doldururlar bazarlara’


Arxiv foto
Arxiv foto

Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənov deyir ki, 400 kiloqram balını sata bilmir:

“Rusiyadan böyük həcimdə bal ixrac edirlər. 1 kiloqram balı 42 manata satırlar, üstündə də hədiyyə verirlər...Yaponlar isə gəlib bizdən götürür balı. Məndə 112 arı ailəsi var, 400 kiloqram bal tədarük etmişəm. İnanın ki, istehsal etdiyim balın 10 faizini sata bilməmişəm. Xaricdən saxta bal gətirib, doldururlar bazarlara. Qalırıq belə. Onda mənə də şərait yaratsınlar, mən də xaricə satım. Mən balımı harda satım? Maraqlanan yox, alan yox.”

Səmədağa Həsənov
Səmədağa Həsənov

“Əhalinin alıcılıq qabiliyyəti aşağıdır”

Arıçının sözlərinə görə, xarici bal onların bazarını sıxışdırıb:

“İstehsal etdiyim balın 1 kiloqramı 25-30 manat qiymətindədir. Həmin qiymətə də yerli bazara çıxardırıq. Əhalinin alıcılıq qabiliyyəti aşağıdır.Yarmarka olanda bir az satılır. Belə vaxtlarda 1-2 kiloqram satmaqla nə etmək olar? Baldan əldə elədiyimiz vəsaitlə həm yaşayırıq, həm də kəm-kəsirlərmizi düzəldirik. Belə getsə yığışıb hökmət evinin qarşısına çıxacağıq... Arıçılıqla məşqul olan, bu sahə ilə dolanan minlərlə ailə var. Təbii balımız var.Yoxlasınlar balı, onu keyfiyyətinə görə, qiymətləndirsinlər. Ballarımızı götürümürlərsə, problemlərimizi həll edə bilmirlərsə onda heç olmasa xaricdən balın gətirilməsini tənzimləsinlər. Elə eləsinlər ki, yerli arıçılara ziyan dəyməsin”.

Bakıda bal sərgisi, arxiv foto
Bakıda bal sərgisi, arxiv foto

“Bal yaxşı olmayanda problemlər yaranır”

Masallı Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhrrəmov isə narahatlığa əsas görmür:

“Bazarda balın 1 kiloqramı 25-30 manata satılır. Azad satışdır. Biz bu məsələni aydınlaşdırarıq. Amma hər arı ailəsinə görə, dövlət 10 manat subsidiya verir. Bu arıçlara dəstəkdir. Bizdə dəqiq rəqəmlər var. Adətən bal yaxşı olmayanda problem yaranır. Bal keyfiyyətlidirsə orada problem olmamalıdır.”

“Deyək ki, gətirməsinlər? ”

Masallı Rayon Dövlət Aqrar Mərkəzin direktoru Seymur Nuriyev də deyilənlərlə razılaşmır:

“Səmədağa Həsənov rayon üzrə Arıçılar Assosiasyasının nümayəndəsidir. Özü assosiasyiyaya nə üçün məlumat vermir? Masallı xaricdən bal gətirmir.”

Masallı rayonu
Masallı rayonu

Seymur Nuriyevin deməsinə görə dövlət arıçılara həmişə dəstək verir:

“Rayonda arıçılara 74 min manatdan çox subsidya verilib.Rayonda 10 mindən çox arı ailəsi var. Elə arıçılar var ki, subsidya istəmir.Yarmarka təşkil olnur, orada satış keçirdirlər. Kefiyyətli baldırsa orda satılır. Tutaq ki, ölkəyə kənardan bal gətirirlər. Biz nə edə bilərik? Deyək ki, gətirməsinlər? Masallıda arçılıqla bağlı ciddi problem olmayıb. Bu hardan qaynaqlanıb, bilmirəm? Yəqin balı keyfiyyətli deyil. Bizdə ASAN xidmətdə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) var, onlar keyfiyyətli bal alırlar. Qiymətlər müxtəlifdir. Bazar var, tələb, təklif var.Tələb olanda qiymət qalxır, təklif olanda qiymət düşür. Arıçılar Assosiasiyası ona görə yaradılıb ki, arıçılarn problemini aradan qaldırsın. Kənd Təsərrüfatı Nazirliyi idxal, ixrac məsələsini tənzimləmir.O məhsul istehsalı ilə məşğuldur... Süni bal da var.O da bazara təsir edir.”

“Biz toplaşıb etiraz edəcəyik”

Səmədağa Həsənov isə vurğulayır ki, ASAN xidmtdə olan Ailə Biznesinə Asan Dəstək ( ABAD) onlardan daha bal almır:

“ Əvvəllər 300-400 kiloqram bal götürürdülər, öz xeyirlərini də nəzərə alırdılar, bizim haqqımzı da verirdilər. Artıq 4-5 aydır ki,”ABAD” bal qəbul etmir. Səbəb balın satılmamasıdır. Bal satılmırsa “ABAD “necə alsın? Sonra dedilər ki, qiyməti endirin. Endirdik. Söhbət ondan gedir ki, Azərbaycan özünü balla təmin edə bilir. Onda xarcidən bal gətirməyə ehtiyac varmı? Sərgini gözləyirik. Bizə sərgi lazım deyil. O sərgidə bal satılmayacaqsa kimə lazımdır. Biz toplaşıb etiraz edəcəyik.”

Ekspertlər isə bal idxalını əsasən, Azərbaycanda bu məhsulun qiymətinin bir çox qonşu ölkələrlə müqayisədə yüksək olması ilə izah edirlər.

Rəsmi statistika nə deyir?

Bal arıları
Bal arıları

Dövlət Statistika Komitəsinin ( DSK) məlumatına görə, 2018-ci ildə 30474 təsərrüfatda mövcud olan 501,0 min arı ailəsindən 4993,9 ton bal əldə edilib. Bundan başqa həmin təsərrüfatlardan 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kq arı südü əldə olunduğu qeyd edilir.

“Balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun - 14,2 manat, vərəmumun - 118,4 manat, güləmin - 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat olub”.

Rəsmi açıqlamaya görə, 2018-ci ildə arı ailələrinin sayı 229,3 min, bal istehsalı isə 1950,8 ton artıb.

2018-ci ildə 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac edilib, onun da 96,4 faizi Yaponiyanın payına düşür.

Bakıda bal yarmarkası
Bakıda bal yarmarkası

DSK-nın açıqlamasına görə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanunu-nun qəbul edildiyi ( 2009) dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm də bal istehsalı təqribən 3,5 dəfə, artıb.
Azərbaycana bal idxalına gəlincə, ötən il bu göstəricinin 90,26 ton təşkil etdiyi bildirilir. Verilən məlumata görə, Azərbaycana ən çox bal İran, Rusiya və Türkiyədən idxal edilib.

XS
SM
MD
LG